Alim Qasımov yenə soyuqdan donurmu?
Yanvar 26
20:28
2016
Alim Qasımov yenə soyuqdan donurmu?
İki il bundan əvvəl xalq artisti Alim Qasımov şaxtalı, qarlı hava şəraitində Güzdək qəsəbəsinin işıqsız qaldığını, camaatın evlərdə donduğunu açıqlamışdı.
Məsələ ilə əlaqədar musavat.com-un əməkdaşları Abşeron rayonunun Güzdək qəsəbəsində olmuş, ustad xanəndənin evindən reportaj hazırlamışdılar. Məlum olmuşdu ki, həqiqətən də qəsəbəyə elektrik enerjisinin və qazın verilişində böyük fasilələr yarandığı üçün yerli əhali sözün əsl mənasında, şaxtadan donur. Bu, azmış kimi bərbad halda olan yollar qardan, buzdan təmizlənmir, bu isə qəsəbə sakinlərinin yollardakı hərəkətinə böyük çətinliklər yaradırdı.
Bəs görəsən, Güzdək qəsəbəsinin hazırki şaxtalı hava şəraitində vəziyyəti necədir? Ustad xanəndə və qəsəbə sakinləri yenə də soyuqdan donurlarmu?
Məsələ ilə bağlı Alim Qasımovla əlaqə saxlamağa çalışsaq da, məlum oldu ki, ustad xanəndə ölkə xaricində səfərdədir. Bu səbəbdən suallarımızı xanəndənin həyat yoldaşı Tamilla xanım cavablandırdı.
O, qəsəbənin hazırki vəziyyətini belə şərh etdi: "Allaha min şükür, hər şey çox gözəldir. İşıq xətlərimizin artıq qırılma problemi yoxdur. Çox rahatlıqla elektrik enerjisindən istifadə edirik. İşçilərdən də razıyıq ki, bu cür şəraitlə bizi təmin ediblər. Bir sözlə, heç bir şikayətimiz yoxdur”.
Tamilla xanım qəsəbənin problemlərinin tədricən aradan qaldırıldığını dedi: "Bir il bundan əvvəl hər şey başqa cür idi. Tədricən çox qısa bir müddətdə yaranmış problemlər aradan qaldırıldı. Hər məhəlləyə elektrik stansiyaları qurdular. Beləliklə, qəsəbənin aşağı hissəsindən başlayaraq, quraşdırlan hər stansiyaya uyğun məhəllənin işığını tənzimləyirlər. Köhnə stansiyalar yavaş-yavaş bərpa edilir. Bütün bu bərpaedici işlərə baxmayaraq, elektrik enerjisində fasilələr olmur”.
Tamilla xanımın sözlərinə görə, yeni bələdiyyə sədri bərbad halda olan yollara da əncam çəkib: "O, yolların bütün yamaq, yırtıq hisslərini bərpa etdi, düzəltdi. Eyni zamanda yol kənarları da səliqəyə salındı. Qəsəbə sakinləri olaraq, hər birimiz bütün bunlara sevinirik”.