Alimlər Marsda oksigen əldə etməyin yolunu tapıb
Avqust 17
04:59
2022
ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu plazmadan istifadə etməklə Mars mühitində oksigen hasil etmək üçün üsul hazırlayıb.
"Report” "Qazeta.ru”ya istinadən xəbər verir ki, alimlərin işi "Journal of Applied Physics” jurnalında dərc olunub.
"Oksigen əldə etmək üçün karbon dioksid molekullarının parçalanması mürəkkəb prosesdir. Bundan əlavə, reaksiya zamanı əldə edilən qaz qarışığından oksigeni ayırmaq da əlavə çətinlikdir. Plazma hər iki problemi həll etməyə kömək edəcək”, - elmi işdə qeyd edilib.
Plazma - maddənin dördüncü halıdır. Plazma elektronlar və ionlar kimi sərbəst yüklü hissəcikləri ehtiva edir. Elektronları elektrik sahələrindən istifadə edərək asanlıqla səpələmək olar.
Elektronlar karbon dioksid molekulu ilə toqquşduqda onu ayıra bilər, bununla da oksigen və qaz qarışığı yarada bilər. Plazmada yaranan istilik isə oksigenin ayrılmasına kömək edir. Alimlər öz nəzəriyyələrini eksperimental olaraq sübut ediblər.
Alimlər bildiriblər ki, texnologiya Marsda həyatı təmin edən sistemlərin, o cümlədən yanacaq, tikinti materialları və gübrələrin təkrar emal edilməsi üçün lazım olan xammal və əsas kimyəvi maddələrin hazırlanmasında mühüm rol oynaya bilər.