SON XƏBƏR

Almaniya hökuməti bu xəbəri gətirənə 500 min avro verəcək

Noyabr 29
11:52 2019
Almaniya hökuməti zinət əşyalarının saxlanıldığı "Yaşıl qübbə” kolleksiyasında baş verən oğurluq hadisəsi ilə əlaqədar tədbirləri gücləndirib. Cinayətkarlar haqqında informasiyaya görə böyük mükafat təyin edilib. Müstəntiqlərin sayı iki dəfə artırılıb.

Drezden polisi "Yaşıl qübbə” (Grünes Gewölbe) kolleksiyasından oğurlanan qədim zinət əşyalarının yeri, muzeydə oğurluq əməliyyatı həyata keçirən şəxslər barədə informasiyaya görə 500 min avro ödəyəcək. "DW” portalı yazır ki, bu barədə ötən gün Almaniya hökuməti məlumat verib. Həmçinin bildirilib ki, bu cür böyük miqyaslı cinayət əməlinin araşdırılması üzrə xüsusi komissiyanın heyəti 20 nəfərdən 40 nəfərədək artırılıb. Müstəntiqlər vətəndaşlardan artıq 342 mesaj, o cümlədən 49 foto və video material alıblar. Lakin bunların arasında birbaşa dəlil yoxdur. Görünən odur ki, muzeydə peşəkarlar işləyib, dörd cinayətkardan heç biri ələ keçməyib.

Noyabrın 25-i naməlum şəxslər Avropada ən iri zinət əşyaları kolleksiyasının saxlanıldığı "Yaşıl qübbə” muzeyini qarət ediblər. Ekspertlər oğurlanan eksponantların qiymətsiz olduğunu vurğulayırlar. Drezden Dövlət İncəsənət Kolleksiyaları İdarəsinin (Staatliche Kunstsammlungen Dresden) baş direktoru Marion Akerman (Marion Ackerman) dəyən maddi zərərlə bağlı dəqiq məlumat verə bilməyib, çünki "Yaşıl qübbə”də saxlanılan zinət əşyalarının satış qiyməti müəyyənləşdirilməyib. Lakin "Bild” tabloidi oğurlanan əşyaların ümumi dəyərinin 1 milyard avro olduğunu hesablayıb.

İstintaq qrupunun ehtimallarına əsasən, cinayətkarlar muzeyə daxil olmadan öncə Güclü Avqust körpüsünün yaxınlığında yerləşən elektrik panelini yandırıblar, bu da bütün rayonda elektrik enerjisinin kəsilməsinə səbəb olub. Onlar bundan sonra kolleksiyanın saxlanıldığı binayada daxil olaraq, balta ilə vitrini qırıblar və məqsədyönlü şəkildə 12 zinət əşyasını, həmçinin ətək üçün nəzərdə tutulan bir neçə bahalı düyməni və briliantlarla bəzədilmiş qılıncı ələ keçiriblər.

Qarət edilən əşyalar Saksoniya kralları Güclü Avqust və III Avqust üçün hazırlanmış, XVIII əsrə aid üç komplektdəndir. Bundan başqa, "Ağ sakson” briliantı ilə bəzədilmiş qarniturdan epolet oğurlanıb. Bu, 49,84 karat çəkiyə malik böyük briliantdır. Ekspertlər onu 10-12 milyon dollar dəyərində qiymətləndirirlər. Epoletdə 39,5 və 21 karatlıq daha iki briliant olub. Polşa Ağ Qartal Ordeninin ulduzu da oğruların qənimətləri arasında olub. XVIII əsrdə hazırlanan bu ulduz 5 böyük və 220 kiçik briliantdan, 92 rubin, qızıl və gümüş daşdan ibarətdir. Ulduzun ortasında 20,189 karatlıq briliant var.
 

Polisin press-relizində deyilir ki, oğrular cinayət yerini "Audi A6” avtomobili ilə tərk ediblər. Sonradan həmin avtomobil Drezden sarayının beş kilometrliyində yerləşən yeraltı qarajda yandırılıb. Qeyd edək ki, "Yaşıl qübbə” kolleksiyası məhz bu sarayın ərazisində yerləşir.

Hazırda muzey ziyarətçilərə bağlıdır. Açılış tarixi ilə bağlı məlumat verilməyib. 

(Tərcümə: xpressa.net)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook