Almaniyalı qrossmeyster: Naxçıvanı hər zaman xoş duyğularla xatırlayacağam
May 19
18:25
2016
Görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan bu festivalda iştirak etdiyim üçün böyük qürur hissi keçirirəm. Naxçıvanı hər zaman xoş duyğularla xatırlayacağam. İnanıram ki, bu diyar digər şahmatçılarda da zəngin təəssürat yaradıb.
Bu sözləri "Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının iştirakçısı almaniyalı qrossmeyster İqor Xenkin AZƏRTAC-a müsahibəsində deyib.
İqor Xenkin bildirib ki, özü əslən rus olsa da, uzun müddətdir Almaniyanın Frankfurt şəhərində yaşayır, bu ölkənin vətəndaşlığını qəbul edib. Onun sözlərinə görə, Almaniya şəhərləri ilə Naxçıvan şəhəri arasında bir sıra oxşar cəhətlər var. Belə ki, Almaniyada olduğu kimi, burada da insanlar şəhərin təmizliyinə xüsusi diqqət göstərirlər. Hər yerdə ciddi nizam-intizam hökm sürür, yarışlar, necə deyərlər, əsl alman dəqiqliyi ilə keçirilir. Bu şəhəri alman şəhərlərindən fərqləndirən cəhət isə insanların qonaqpərvərliyi, istiqanlılığıdır.
Almanıyalı qrossmeyster deyib: "Yarışları izləməyə gələn yerli sakinlər bizimlə yaxından maraqlanır, ünsiyyət qurur, Naxçıvanın maraqlı məkanlarına gedib-getmədiyimizi soruşurdular. Bir sözlə, Naxçıvan və naxçıvanlılar barədə yalnız yaxşı sözlər demək olar”.
Qlobal.az