Altay Göyüşov Azərbaycanda azadlıq, orta təbəqə və tərəqqi haqqında
Oktyabr 25
23:11
2016
İstənilən cəmiyyətdə dəyişiklik edən orta təbəqədir. Bu həm sosial (məsələn, adekvat təhsil səviyyəsinə görə), həm iqtisadi orta sinif ola bilər.
Bu təbəqə çox yuxarılara dırmaşmış, xalqdan, onun qayğılarından çox uzaqda olan təbəqə ilə, bilavasitə gündəlik qayğılar içərisində boğulan xalq arasında bir körpü rolu oynayır.
Bu orta təbəqə həm yuxarıya, həm aşağıya bələddir. Aşağının qayğılarını, mənafelərini yuxarıların qanacağı dildə ifadə edə bilir.
Həm də özünün istər iqtisadi, istər intellektual imkanları ambisiyalarını yaradır, yuxarıda məhz öz payına iddia edir. Təkrar edim, yuxarıların qulluqçusu, xidmətçisi olmaq istəmir.
Təhsilin və pulun yaratdığı qürurla yuxarılardan özünə hörmət və layiq olduğunu düşündüyü yeri, payı istəyir. Bu zaman səsini gur etmək üçün həm də aşağıların qayğılarının ifadəçisi kimi danışır.
İddia edir ki, daha ədalətli bölgü sistemi ilə bu istədiklərinə nail ola bilər.
Bəs Azərbaycanda orta təbəqənin tarixi rolu və bu günkü aqibəti nədir?
Rus inqilabına qədər
Məsələn, bizim maarifçilər 1917-ci il Rusiya inqilabına qədər məhz həmin orta sinif idilər. Yuxarı təbəqə o dövrdə rus idarəçiliyi, aşağı təbəqə bizim adi camaat idi.
Bundan əlavə, bizim Rusiya hökumətindən maddi və siyasi dəstək alan zadəganlar, xüsusən yerli bəy, xan, mülkədar sinfindən çıxmış zabitlər, üstəgəl yüksək ranqlı ruhanilər də məhz ənənəvi elita kimi yuxarı təbəqənin bir hissəsi sayılırdılar.
Nə qədər qəribə də olsa, Krım müharibəsindən sonra formalaşmağa başlamış Azərbaycanın yeni sahibkar kapitalist sinfi isə məhz orta sinfin təmsilçisi idi.
Çünki əksərən aşağı təbəqələrdən çıxmış bu sahibkarlar, pulları çox olsa da, bir tərəfdən çar administrasiyası tərəfindən "geridəqalmış türk-müsəlman" icmasının nümayəndəsi damğasını bellərində daşıyırdılar.
Digər tərəfdən onlara hələki yuxarıdan aşağı baxan, çar hökuməti ilə əlli illik kollaborsionizm irsinə malik köhnə yerli elitanın, yəni yerli mülkədar-zadəgan aristokratiyanın və klerikalların dominantlığı ilə rastlaşırdılar.
Tağıyev də, Muxtarov da "vəhşi milyoner" stiqmasından əziyyət çəkib, yaxa qurtarmaq istəyirdilər.
Əgər, maarifçilər mübarizələrini tutaq ki, ədəbi, publisistik yaradıcılıq vasitəsilə aparırdılarsa, yeni nəsil kapitalistlər bir tərəfdən oturuşmuş müsəlman zadəgan ailələri ilə nigah qohumluqları formalaşdırırdılar.
Digər tərəfdən özlərinə mədəni, müasir, dəbdə olan filantropist imici qazanmaq üçün, maarifçilərin bir sıra təşəbbüslərinə maddi dəstək də verirdilər.
Tağıyevlə Həsən bəyin qızlar məktəbi, yaxud Aşurbəyovun "Nicat"ı bunun ən bariz nümunəsidir.
İstənilən halda, belə demək olarsa, dəyişiklik agenti olan yeni orta təbəqənin, yəni cəmiyyəti modernləşdirmək istəyən maarifçilərlə, yuxarılarda öz yerini tutmaq istəyən təzə kapitalistlərin bir alyansı yaranmışdı.
Bu alyansın fəaliyyəti də uğurlu olub, dəyişiklərin gerçəkləşməsi ilə nəticələnmişdi. Cəmiyyətin transformasiyası istiqamətində ciddi addımlar atılmışdı.
Uğurun əsas səbəbini isə yəqin ki, Rusiyada Krım müharibəsindən sonrakı böyük islahatlar dövründə formalaşmış mühitdə axtarmaq lazımdır.
O zaman bu orta təbəqənin ərsəyə gəlməsi üçün əlverişli ictimai, siyasi, iqtisadi zəmin yaranmış, nisbətən azad intellektual və iqtisadi fəaliyyət üçün meydan açılmışdı.
SSRİ dövründə yuxarıda partokratiya-nomenklatura var idi, aşağıda camaat və ortada, xüsusən Xruşşov dövründən sonra müstəqil düşüncə işartları göstərmyə cəhd etməyə çalışmış bəzi sovet ziyalıları.
Bu ziyalı sərhədlərin qapalı olması səbəbilə dünyadan əsasən bixəbər idi, yəni intellektual baxımdan yuxarılardan daha güclü idi, amma bəşəriyyətin intellektual və ictimai tərəqqisi ilə ayaqlaşmırdı. Sayları da çox az idi.
Bu istisnaları çıxmaq şərtilə bütövlükdə sovet ziyalısı bir zümrə kimi təşəbbüskarlıqdan kənar idi. Maarifçilərdən fərqli olaraq özü öz yaradıclıq gündəliyini müəyyənləşdirmirdi.
Hətta istisnaları belə azadlığın olmaması səbəbilə özlərinə ciddi senzura qoymaq, məhdudlaşdırmaq məcburiyyətində idilər. Əsasən, yuxarı təbəqə olan partnomenklaturanın qulluqçusu, xidmətçisi idilər.
İntellektual yaradıcılıqda tərəqqiyə xidmət deyil, opportunizm, bu zümrənin əsas xarakterik xüsusiyyəti idi. Rejim vəzifələrlə, imtiyazlarla bunu onlarda tərbiyə edirdi.
Hətta xəstəxanaları da ayrı idi, professor olan kimi nomenklaturanın bir sıra imtiyazları onlara şamil olunurdu.
Bu imtiyazlara nomenklaturadan pozitiv dəyişikliklər tələb etməklə deyil, onun qulluqçusu olmaqla yetişirdilər.
Yuxarıdan gələn əmr və tapşırıqların icrası ilə məşğul olurdular, təşəbbüskarlıqları da bu yuxarılar tərəfindən müəyyən edilmiş müxtəlif çərçivələr daxilində mümkün idi.
Bununla belə, məhz bu təbəqə içərisindən çıxmış kiçik istisna adlandırdığımlz zümrə, Qorbaçov islahatları dövründə xalqın səsinin ifadəçisi kimi sovet elitasına, partnomenklaturaya əlcək atdı. Əvvəl də bir-iki belə cəhd olmuşdu.
Şərqşünas, tarixçi, fililoq, yazıçı, jurnalistlər önə çıxıb, hərəkat rəhbəri oldular.
Amma 1993-cü ildən sonra fəaliyyət azadlığının tədricən məhdudlaşdırılması bu zümrənin fundamental dəyişikik agentinə çevrilməsinə imkan vermədi.
2003-dən sonra isə tədricən dəyişiklik agenti olmaq üçün mühüm şərt hesab edilən "dəb verən" cəlbediciliklərini də itirdilər. Orta sinifin yeri yenə boş qaldı.
İndi vəziyyət necədir?
Bir qlamur məmur oliqarxiyası formalaşıb. Bunun əsasını sovet nomenklaturası təşkil edir.
Bu oliqarxiya Azərbaycanda müstəqil biznesin yaranmasına imkan verməyib. Nəinki bütün idxal-ixraca, iri biznes sahələrinə nəzarət edir, hətta orta səviyyəli biznes belə əlindədir. İfrat monopolistdir.
Ona görə nə azad iqtisadi rəqabət, nə iqtisadi orta təbəqə demək olar ki, mövcud deyil. Olan istisnalar isə basqılar, hər şeyini itirmək qorxusu səbəbilə ictimai həyatdan ilan ala çatıdan qorxan kimi qorxur.
Digər tərəfdən, sosial orta təbəqəni, yəni adekvat təhsilli, dünyagörüşlü insanı, belə demək olarsa, dəb verəni, maarifçini Azərbaycan təhsil müəssisəsi yetişdirə bilməzdi. Lazım olan səviyyə və keyfiyyəti yoxdur.
Bunları ancaq bizdə olmayan akademik azadlıq mühitində təmin etmək mümkündür.
Universitetlər irtica, yaltaqlıq yuvasıdır, nəinki açıq, tənqidi fikir və innovasiya mərkəzləri. Hətta vəziyyət daha da kəskinləşir.
Qafqaz və Slavyan universitetlərinin başına gətirilənlər buna misaldır. Guman ki, oxşar yanaşma Xəzər və ADA universitetlərini də əhatə edəcək. Başqa sözlə, perspektivdə irticalaşma qaçılmazdır, şüurlu tutulmuş yoldur.
Beləliklə, sosial orta sinfin yaranması hardasa başqa yerdə baş verə bilərdi. Tutaq ki, AFU kimi təşəbbüslər bunu uğurla həyata keçirirdi, amma onların da aqibəti məlumdur.
Nəhayət, ümid qalırdı xaricdə oxuyanlara.
Xaricə axın, ya da...
Amma reallıq ondadır ku, bu xaricdə oxuyanlar da, ya bura gəlmir, ya gələnlər də peşman olub, imkan tapan kimi gedir.
İndi bu beyin axını xüsuilə kütləvi xarakter alır. Yenə də səbəb müstəqil fəaliyyət, adekvat gəlir və karyera yüksəlişi imkanlarının məhdudluğudur.
Burada qalıb hökumətdə, onun nəzarət etdiyi biznesdə iş tapanlar isə, yenə də azadlığın olmaması səbəbilə maksimum səssiz müxalifətə, yaxud içində gizli simpatiya bəsləyənlərə çevrilirlər.
Çünki nəinki aktiv maarifçilik, hətta Facebookdakı bir "like" belə rejim tərəfindən cəzalandırılır. Ya gizli profillərdən nə isə oxuyurlar, ya da xatadan-bəladan uzaq tamamilə bağlayırlar.
Əksəriyyət üçün isə neqativlərə tənqidi yanaşmaqla pozitiv dəyişikliklərə rəvac olmaq deyil, korrupsiyalaşmış məmur-oliqarxiya ilə kollaborsionizm və sonda qlamurlaşma yeganə "inkişaf" perspektivinə çevrilir.
Bunlar getdikcə və qlamurlaşdıqca yenə ortada böyük kütlə olan aşağı təbəqə ilə neo-aristokratiya qalır. Dəyişiklik agenti olan orta təbəqə yaranmır, formalaşmır. Ölkədə tərəqqi potensialı olmur.
Başqa ölkələrdən nümunələr
Türkiyə cümhuriyyəti, Şah İranı, Camal Nasır Misiri bu mənada çox bariz nümunələrdir.
Türkiyədə "sosyete" deyilən bir təbəqə böyük xalq kütləsindən ayrı düşdü. Özləri qlamurlaşdı, modernləşdi, cəmiyyət arxaik olaraq qaldı.
Orta təbəqə olmadığından Türkiyə vahid, bütün təbəqələr arasında üzvi əlaqə olan icmaya deyil, sanki bir-birindən təcridi yaşayan iki icmaya bənzəyirdi.
Şah İranında da eyni hal baş vermişdi. Sekulyarlaşmış, qlamur arisoikratiya ilə xalq arasında böyük uçurum yaranmışdı.
Şahın proqramları ilə təhsil alanlar maarifçilərə deyil, aristokratiyanın xidmətçilərinə çevrilmişdilər. Çünki başqa alternativ yox idi.
Sekulyar millətçi rejimlər azadlıqları boğaraq cəmiyyəti özləri də istəmədən başqa perspektivə hazırlayırdılar.
Nasır Seyid Qütbü edam edərkən hələ çox populyar idi, düşünürdü ki, problemi zorla həll etmək olar. Ağlına da gəlməzdi ki, vaxt gələcək ilk şans yaranan kimi demokratik seçkidə məhz Seyid Qütbün təşkilatı qalib olacaq.
Sekulyarizm və demokratiya bir-birilə sıx əlaqədardır. Sekulyarizmi azadlığı boğmaq vasitəsilə gücləndirmək olmur, əksinə o zəif salınır.
Avtoritarizmin zorla yedirtdiyi sekulyarizm bir gün tərəqqi olmayan yerdə məhv etdiyi demokratiyanın nişangahına gəlir.
İstər Türkiyədə, istər İranda, istər Əfqanıstanda, istər ərəb ölkələrində yuxarı təbəqə ilə aşağı təbəqə arasında yaranan boşluğu tamamilə təbii olaraq dini hərəkat doldurmağa müvəffəq oldu və bir çox hallarda dəyişikliyin agentinə çevrildi.
Eyni yolu gedirik. Əski partnomenklaturadan ibarət bir oliqarx-məmur neoaristokratiyası formalaşıb.
Müəllim, tibb, mədəniyyət icbari pambıq yığımına göndərilir, bunlar isə getdikcə daha da qlamurlaşır. Arada uçurum böyüyür, orta təbəqə isə yoxdur, yaranması üçün vacib olan azadlıqlara məqsədli şəkildə imkan verilmir.
Bu analoqsuz yol deyil, yuxarıda qeyd etdiyimiz kimi yaxın dövr tarixi belə analoqlarla doludur, aqibətləri də məlumdur.
(BBC)
Qlobal.az