SON XƏBƏR

AMEA-dakı mənzil qalmaqalı böyüyür: səbəbkar "Sipark İnşaat"dır?

Noyabr 24
12:44 2018
Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanənda yerləşən yataqxanada məskunlaşmış Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşları mənzil bölgüsü zamanı ev ala bilməyiblər. Bu haqda bir neçə gün öncə saytımızda yayımlanan məqaləyə AMEA-dan cavab gəlib.

AMEA-nın İşlər idarəsinin müdir müavini, mənzillərin bölüşdürülməsi komissiyasının katibi Sərdar Əliyevin Qaynarinfo-ya göndərdiyi məktubda quruma qarşı ünvanlanmış ittihamların əsassız olduğu bildirilib:

"AMEA-da işləyən və yataqxanada yaşayan alimlər mənzillə təmin edilib və bu məsələ ilə əlaqədar AMEA-da heç bir qalmaqal yoxdur. AMEA əməkdaşları mənzil bölgüsündən çox razıdırlar. Bu məsələnin ətraflı izahı məqsədilə aşağıdakıları bildiririk:

Akamediyanın keçmiş rəhbərliyi dövründə AMEA ilə "Evrostroy-S” MMC arasında, AMEA-nın, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanasında yaşayan əməkdaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış evlərinin tikintisi barədə 14 noyabr 2012-ci il tarixli müqavilə bağlanıb. Yataqxana AMEA-nın balansında, ərazisi AMEA-ya aid olduğuna və qanunvericiliyə əsasən yataqxana müvəqqəti yaşayış sahəsi hesab edildiyinə görə burada yaşayan sakinlər müqavilənin bağlanmasında tərəf kimi iştirak edə bilməzdilər. Belə ki, bu yataqxanadakı otaqlar özəlləşməmişdi və özəlləşdirilməsi də nəzədə tutulmur.
 
Müqavilədə podratçı tərəfindən həmin ərazidə inşa ediləcək 4 girişli 16 mərtəbəli yaşayış binasından 1 girişli 16 mərtəbəli yaşayış binasının ödənişsiz əsaslarla AMEA-ya ayrılması nəzərdə tutulmuşdu. Lakin müqavilə bağlanan zaman "Evrostroy-S” MMC tərəfindən ayrılacaq mənzillərin sayı və sahəsi göstərilmədiyinə görə çox çətinliklərlə üzləşdik.

Məlumat üçün bildiririk ki, müqavilə bağlanarkən yataqxanada 116-ya yaxın ailənin yaşamasına baxmayaraq, "Evrostroy-S” MMC Şərifzadə küçəsi, 12 ünvanında inşa etdiyi binadan AMEA-ya 54 mənzil ayırdı. Bu mənzillər azlıq etdiyinə və həmin ünvanda əlavə mənzillər olmadığını bildirdiklərinə görə, AMEA-nın təkidindən sonra "Evrostroy-S” MMC ətraf qəsəbələrdə inşa edilmiş yaşayış evlərindən də mənzillər ayırdı. Bu mənzillərin cəmi, hətta yataqxana ilə əlaqədar olan və hazırda AMEA-da işləyən elmi işçilərə də azlıq etdi. Hazırda əlavə mənzillərin ayrılması üçün "Evrostroy-S” MMC ilə danışıqlar davam etdirilir. Hətta tərəfimizdən hüquq-mühafizə orqanlarına da müraciət etmişik".
 
AMEA-nın verdiyi açıqlamadan belə çıxır ki, qalmaqalların səbəbkarı "Evrostroy-S" MMC-dir. Siyahıda əgər 116 ailənin adı vardısa, tikinti şirkəti nə üçün AMEA-ya 54 mənzil ayırır?

Qeyd edək ki, uzun illər "Evrostroy-S” MMC kimi fəaliyyət göstərmiş tikinti şirkəti adı mətbuatda tez-tez qalmaqallarda hallandığı üçün rebrendinq edərək "Sipark İnşaat” olub. Məsələ ilə əlaqədar olaraq "Sipark İnşaat”a dəfələrlə zəng etməyimizə baxmayaraq, suallarımıza cavab verəcək bir nümayəndə tapa bilmədik. Şirkətdən bununla bağlı əlaqə saxlanılacağı bildirilsə də, hələ də heç bir məlumat yoxdur. 
 
2012-ci ildə AMEA işçilərinin siyahıya alınmasında və mənzil məsələsinin həll edilməsində məsul şəxs olan akademiyanın və "Evrostroy-S” MMC-nin keçmiş işçisi Bəxtiyar Təhməzovla əlaqə saxladıq. O, mənzil məsələsinə görə qalmaqallar yarandıqdan sonra səbəbsiz yerə həm AMEA-dakı, həm də şirkətdəki işindən azad edildiyini bildirdi:

"Mən qalmaqallardan sonra işdən çıxarılmışam. 3 ildən artıqdır ki, orada çalışmıram. Şirkətdən öncə də akademiyanın işçisi idim. AMEA-nın keçmiş prezidenti, rəhmətlik Mahmud Kərimovun vaxtında siyahıların hazırlanması, ev məsələləri ilə bağlı işləri mən görürdüm. Sonra elə oldu ki, rəhbərlik dəyişildi və məni akademiyadakı işimdən də azad etdilər”.

AMEA həmçinin iddia edir ki, yataqxanada məskunlaşmış şəxslərin əksəriyyətinin orada qanuni yaşamaq hüququ yoxdur və bunlar araşdırıldıqdan sonra qurum yüzlərlə şəxsin qeydiyyatdan çıxarılmasına nail olub. Həmçinin mənzillərin obyektiv bölüşdürülməsini təmin etmək məqsədilə komissiya yaradılıb:

"Yataqxanada qeydiyyatda olub yaşayan və ya adına otaq olub yaşamayan 107 ailə var. Onlardan 71 ailə AMEA-da işləyən, 36 ailə isə AMEA-da işləməyənlərdir. Bunlardan əlavə, AMEA-da işləyən 48 əməkdaşın ailəsinin də (onlardan 34-ü fəlsəfə doktoru, 1-i elmlər doktorudur) əksəriyyətinin 20 ildən artıq müddətdir ki, yataqxanada qeydiyyatda olduğu, lakin boş otaq olmadığına görə orada yaşamadıqları müəyyən edilib. Bu əməkdaşlar da mənzil almağa iddialıdırlar. Bunlardan yataqxanada otaq ayrılması barədə məhkəmə qərarı olanları və əvvəllər yataqxanada yaşamış, sonralar isə ailə qurduğuna görə kirayəyə çıxmışlar da var. Bu əməkdaşlar hesab edirlər ki, uzun illərdir kirayələrdə yaşamaq məcburiyyətində qaldıqlarına görə yataqxanada yaşayanlardan daha çox maddi və mənəvi sarsıntılara məruz qalmışlar”.
 
AMEA Rəyasət Heyətinin 05 iyul 2017-ci il tarixli 9/23 nömrəli qərarı ilə əvvəlki komissiyanın tərkibində dəyişiklik edilib. Yeni komissiyaya AMEA Gənc Alim və Mütəxəssislər Şurasının, Veteranlar Şurasının üzvləri də əlavə edilərək 7 nəfərdən 13 nəfərə artırılıb. Eyni zamanda, komissiyanın iclaslarında, AMEA-nın prezidentinin rəsmi müraciətinə əsasən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı və Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ayrılmış nümayəndələrin də iştirakı təmin edilib:

"Yeni yaradılmış komissiya tərəfindən mənzil qanunvericiliyinə uyğun olaraq, ilk mərhələdə yataqxanada qeydiyyatda olub yaşayan 45 əməkdaşa, qeydiyyatda olub yaşamayan və elmi dərəcəsi olan 16 əməkdaşa mənzil ayrılması barədə qərar qəbul edilib. Eyni zamanda, "Evrostroy-S” MMC tərəfindən Şərifzadə küçəsi, 12 ünvanında inşa edilən binadan ayrılmış mənzillərin azlığını nəzərə alaraq qərara alınıb ki, elmi dərəcəsi olan və yataqxanada yaşayan əməkdaşlara Şərifzadə küçəsi, 12 ünvanında inşa edilən binadan, elmi dərəcəsi olmayan və yataqxanada yaşayan əməkdaşlara isə kənardakı ünvanlardan mənzillər verilsin. Bundan sonra Şərifzadə küçəsindən kənarda mənzil ayrılmış əməkdaşlardan 4-ü uzaqlığı əsas götürərək verilən mənzillərdən imtina ediblər.

Mənzillə təmin edilməyən yataqxana sakinləri AMEA-da işləməyən (onların əksəriyyətinin AMEA-ya heç bir aidiyyəti olmayan) və yataqxanada yaşadığı dövrdə adına mənzil olmuş, yeni binada mənzil almaq üçün adına olan mənzili özgəninkiləşdirmiş AMEA əməkdaşlarıdır. Bu sakinlərə təklif edilmişdir ki, yataqxanadakı otaqları boşaltsınlar və həmin otaqlar uzun illərdir kirayələrdə yaşayan alimlərə verilsin. Odur ki, həm respublikanın aidiyyəti rəhbər dövlət orqanlarına, həm də saytlara şər-böhtanla dolu yazılar göndərirlər. Belə yazıları araşdırmamış kütləvi informasiya vasitələri ilə verilməsi isə çaşqınlıq yaradır. Narazı olan sakinlər dəfələrlə qəbul edilmiş və mənzil ayrılmamasının səbəbləri barədə onlara ətraflı izahatlar verilib".
 
(Mənbə: Qaynarinfo)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook