SON XƏBƏR

Amerika Çini Rusiyadan ayırmağa çalışır – “Wall Street Journal”

Mart 04
11:28 2022
Amerika Çini Ukrayna böhranında Rusiya ilə sıx əməkdaşlıqdan çəkindirmək istəyir. Novator.az-ın məlumatına görə, ABŞ-ın "Wall Street Journal” qəzetində dərc olunan məqalədə belə deyilir.

Bildirilir ki, Çini Rusiya ilə əməkdaşlıqdan çəkindirmək üçün Vaşinqton ilk növbədə Pekinin Ukraynadakı müharibədən ziyan çəkməsinə, yaxud ziyan çəkəcəyinə inanmasına çalışır: "ABŞ prezidenti Cozef Bayden administrasiyasının təmsilçiləri deyirlər ki, Vaşinqton bu məqsədə nail olmaq üçün Moskva ilə Pekin arasındakı istənilən fikir ayrılığından yararlanmağa cəhd edir. Rusiya Ukraynaya irimiqyaslı hücuma keçib. Belə bir dövrdə Çin ya Rusiyanı dəstəkləməli, ya da Avropa, ABŞ və dünyanın digər hissəsi ilə mühüm iqtisadi əlaqələrini qoruyub saxlamaq yolunu tutmalıdır. Vaşinqton istəyir ki, Pekin məhz belə bir seçim qarşısında qalsın və konkret seçim etməyə vadar olsun.

Amerikalı rəsmilər xəbərdarlıq edirlər ki, Çin şirkətləri və bankları Rusiyaya sanksiyalardan, xüsusilə bəzi texnologiyaların bu ölkəyə ixracına qoyulan qadağalardan yayınmaqda kömək etməyə çalışsa, Pekin özünü zərbə altında qoyacaq. ABŞ Dövlət Departamenti bəyan edib ki, hər hansı ölkə, o cümlədən Çin sanksiyaların tətbiqinə mane olsa, onun özü sanksiyalar altına düşə bilər”.

Məqalədə bildirildiyinə görə, Ağ ev Çini Ukraynanın işğalı ilə bağlı aydın ictimai mövqe sərgiləməyə məcbur etmək üçün beynəlxalq forumlardan da yararlanır: "Vaşinqton BMT Təhlükəsizlik Şurasına Rusiyanın Ukraynadan çıxmasını tələb edən qətnamə layihəsi təqdim etmişdi. Fevralın 27-si Rusiya bu qətnamənin qəbuluna veto qoyanda bitərəf qalanlardan biri də Çin oldu. Vaşinqton bunu narazılıqla qarşıladı. ABŞ-ın BMT-dəki elçisi Linda Tomas-Qrinfild bitərəf qalan ölkələrin Rusiyanın təcavüzkar və təxribatçı addımlarına şərik olduğunu vurğuladı.

Daha sonra martın 3-də Vaşinqton BMT-nin İnsan Hüquqları Şurasının Ukraynadakı vəziyyətlə bağlı Cenevrədə xüsusi iclası və BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində Rusiyanın Ukraynada hərbi əməliyyatlarını pisləyən qətnamənin qəbulu zamanı da Çinə təsir göstərib onu bitərəf mövqe tutmaqdan çəkindirməyə, yəni Çini Rusiyadan ayırmağa çalışdı. Lakin Çin yenə bitərəf mövqe tutdu.

Bayden administrasiyasının nümayəndələri düşünür ki, Çini Rusiyaya dəstəyi azaltmağa məcbur etmək cəhdləri nəticə versə, bu, Ukrayna məsələsində Moskvanın əl-qolunu daha yaxşı bağlaya, Çinlə Rusiyanın digər məsələlərdə də birgə hərəkət etmək imkanlarını məhdudlaşdıra və Kremldə Pekinin etibarlı tərəfdaş olmasına şübhə yarada bilər.

Amerikalı rəsmilər deyirlər ki, Vaşinqtonun və onun avropalı müttəfiqlərinin Rusiyaya tətbiq etdiyi sanksiyalar və başqa sərt tədbirlər həm də Tayvanla bağlı Pekinə bir siqnaldır. Pekin Çin ərazisi saydığı, demokratik yolla idarə olunan adaya – Tayvana hücum etsə, nələrlə qarşılaşacağını bilməlidir. ABŞ prezidenti Cozef Baydenin administrasiyası açıq təcavüzün və beynəlxalq qaydaları pozmağın hansı nəticələrə gətirib çıxaracağını Çinə anlatmağı, Pekinə bu istiqamətdə xəbərdarlıq olunmasını vacib sayır”.

Məqalədə deyilir ki, Rusiya Ukraynaya hücuma keçəndən Pekin bu məsələdə ictimai mövqeyini balanslaşdırmağa çalışır: "Pekin bir yandan Kiyevlə Moskvanı danışıqlara çağırır və bununla Rusiya ilə tərəfdaşlığını saxlamağa cəhd edir, o biri yandan da milli suverenitetin qorunması və müdaxilənin yolverilməzliyi prinsipinə sadiqliyini bəyan edir. Ukrayna ilə geniş ticarət və investisiya əlaqələri olsa da (Çin Ukraynadan qarğıdalı və buğda idxal edən əsas ölkədir), Pekin balans yaratmağa çətinlik çəkir”.

10 ilə yaxındır Çin Xalq Respublikasına Si Cinpin sədrlik edir. Bu müddətdə Çinlə Rusiya bir-birinə xeyli yaxınlaşıb. Si Cinpinlə 20 ildən çoxdur Rusiya Federasiyasına rəhbərlik edən Vladimir Putin arasında sıx münasibətlər yaranıb: "Bu yaxınlıq 1950-ci ildən sonra ABŞ-ı zəiflətmək məqsədilə Sovet İttifaqı ilə Çin arasında formalaşmış əməkdaşlıq səviyyəsindədir. 2022-ci ilin fevralında, Ukraynaya hücum ərəfəsində Vladimir Putin Çinə səfər edərək Pekində keçirilən Qış Olimpiya Oyunlarının rəsmi qonağı oldu. Həmin vaxt Si Cinpinlə Vladimir Putin öz yaxın münasibətlərini dünyaya nümayişkaranə şəkildə bəyan etdilər”.

Məqalədə xatırladılır ki, ötən ilin payızında Rusiya Ukrayna sərhədi boyunca qoşun yığanda ABŞ rəsmiləri gözlənilən işğalı dayandırmaq üçün Pekinin Moskvaya təsir etməsinə çalışıblar. Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasına az qalmış ABŞ dövlət katibi Entoni Blinken Çinin xarici işlər naziri Vanq Yi ilə iki dəfə danışıq aparıb. Hər iki danışıqda məqsəd rus işğalını dayandırmaq üçün Pekinin Moskvaya təsir imkanlarından istifadə etmək olub”.

"Wall Street Journal” Amerikanın sabiq məmurlarına istinadla yazır ki, Cozef Bayden ABŞ-ın vitse-prezidenti, Si Cinpin Çin Xalq Respublikası sədrinin müavini olduğu dövrdə onların arasında işgüzar münasibətlər olub (Bayden 2009-2017-ci illərdə vitse-prezident, Si Cinpin 2008-2012-ci illərdə sədr müavini postunu tutub).
Amma bugünlərdə prezident Baydenə Rusiyanı təcrid etmək üçün Çini köməyə çağırıb-çağırmadığı haqda sual veriləndə o, hələlik bu məsələni şərh etməyə hazır olmadığını bildirib.

Ağ evin mətbuat katibi Cen Psaki isə Rusiyanın Ukrayanaya müdaxiləsindən sonra bəyan edib ki, Bayden dünya liderlərinin Putinin təcavüzkar siyasətinə qarşı çıxmasını, həm də tək bununla kifayətlənməyərək birbaşa Ukrayna xalqına dəstək nümayiş etdirməsini vacib sayır: "Prezident Bayden hesab edir ki, indi gizlənmək, yayınmaq, durub hadisələrin hara getdiyini gözləmək zamanı deyil”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook