SON XƏBƏR

"Amerika özünə aid olmayan tələblər irəli sürür"

Dekabr 18
11:15 2020
ABŞ hər məsələdə onunla olmayanı ya özünə düşmən elan edir, ya da təzyiqlərlə, iqtisadi embarqolar, sanksiyalarla sıxma-boğmaya salır. Vaşinqtonun illərdir ki, nüvə istehsalına və onunla maraqları üst-üstə düşmədiyinə görə İranı sanksiyalar altında saxlaması, "soyuq müharibə” apardığı Rusiyaya analoji cəzalar tətbiq etməsi, Moskva və Tehranla yaxınlaşmaq istəyən Avropa ölkələrini sıxışdırması, habelə 60 ildir ki, Kubanı iqtisadi blokadada saxlaması, Venesuelanı sanksiyalarla, xaricdəki hesablarını dondurmaqla əhalisini ağır vəziyyətə salması bir siyasi kursuna çevrilib.

Bunun davamı olaraq Türkiyənin Rusiyadan "S 400" hava hücumundan müdafiə sistemləri alması yuxarıdakı ölkələr kimi onun da ABŞ-ın sanksiyaları ilə üzləşməsinə gətirib çıxarıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ABŞ-ın qərarı hüquqi və siyasi baxımdan səhv bir addımdır. O, ABŞ-ın sanksiya qərarını Türkiyənin suverenliyinə hücum kimi qiymətləndirib. XİN başçısının sözlərinə görə, ölkəsi "S-400” hava hücumundan müdafiə sistemini Rusiyadan CAATSA-dan (Countering America’s Adversaries Through Sanctions Act - ”Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə müqavimət" haqda qanun) əvvəl alıb və buna görə də sanksiya tətbiq edilə bilməz.

"Beynəlxalq hüququ hamı, o cümlədən də ABŞ yaxşı bilir. Bu işlər ”Mən belə istəyirəm" deməklə olmaz. ABŞ-ın sanksiya qərarı həm də öz müttəfiqinə qarşı yol vermiş olduğu bir səhvdir", - deyə Çavuşoğlu söyləyib.

Amerikanın öz müttəfiqinə, NATO üzvünə sərgilədiyi bu xoşagəlməz, aqressiv siyasət Azərbaycanda da etirazla qarşılanıb. Çünki Türkiyə Rusiyadan raket sistemləri alan ilk NATO ölkəsi deyil, ikincisi, Ankara Vaşinqtona HHM üçün müraciət edəndə "yox” cavabı almışdı.

Odur ki, qardaş ölkəyə qarşı ədalətsiz qərar Azərbaycanda ən mötəbər səviyyədə kəskin şəkildə qınanıb. Prezident İlham Əliyev bu addımı pisləyib və "ikili standart” yanaşması adlandırıb.

Bəs qardaş Türkiyəyə qarşı ABŞ və Avropa Birliyinin sanksiyaları onun müdafiə sənayesinin inkişafını ləngidə bilərmi? Bu haqsız hücumlara Ankaranın əks tədbirləri nədən ibarət olacaq? Məsələn, ABŞ-ın İncirlikdəki bazasının bağlanması mümkündürmü? Azərbaycan iqtidarı bu məsələdə birmənalı olaraq, Türkiyəni dəstəklədi, bəyanat verdi, mövqe qoydu. Azərbaycan müxalifəti necə, onlar bu məsələdə açıq dəstək verirlərmi?

AĞ Partiya başqanı Tural Abbaslı "Yeni Müsavat”a bildirdi ki, ədalətsiz və hüquqi əsası olmayan, sırf ABŞ-ın eqoistik maraqlarından irəli gələn qərardır: "Amerika özünə aid olmayan tələblər irəli sürür, icra olunmadıqda dövlətləri iqtisadi sanksiyalarla təhdid edir. Biz bu siyasətə Suriya, İraq, Əfqanıstan siyasətində şahid olmuşuq. Vaşinqton öz istəklərini reallaşdırmaq üçün həmin ölkələrdə siyasətini yürüdə bilib. Lakin Türkiyə o dövlət deyil ki, onunla hədə, hədyan, sanksiya dili ilə danışasan”.

Partiya sədri hesab edir ki, Ankaranı nəyəsə məcbur etmək mümkün deyil: "ABŞ Türkiyəni öz təsir dairəsində saxlamaq istəyir və onun siyasi gücə, qlobal gücə çevrilməsinin qarşısını almağa cəhd edir. Əks halda, necə ola bilərdi ki, ən yaxın müttəfiqi olan Türkiyəyə sanksiya tətbiq etsin?! Ona görə ”S 400" raketləri bəhanədir, bu təzyiqlər Türkiyənin güclənməsi, dünya siyasətində rolunun olmasına hesablanıb. ABŞ-ın dərdi böyüyən, söz sahibinə çevrilən Türkiyədir. Ancaq Vaşinqton populist addımlarından imtina etməsə, Ankaranı itirməklə böyük itkiyə yol vermiş olacaq. Artıq Tramp gedir, Bayden administrasiyası gəlir, güman edirəm ki, yeni hakimiyyət belə qərarları ləğv edəcək, Türkiyə ilə bərabərhüquqlu tərəfdaş kimi əməkdaşlığı davam etdirəcək. Türkiyəni özündən asılı vəziyyətə salmaq mümkün deyil. Bu məsələdə Azərbaycan dövləti, xalqı Türkiyənin yanındadır".

AMİP sədri Arzuxan Əlizadə də Türkiyəyə qarşı təzyiqləri pislədi. Onun sözlərinə görə, bu sanksiyalar ikili standartları özündə ehtiva edir:

"Türkiyə NATO ölkəsidir və bu hərbi alyansda ABŞ-dan sonra ikinci qüdrətli orduya malik dövlətdir. Bundan qabaq Ankara Vaşinqtona hərbi hava hücumundan müdafiə sistemləri almaq üçün müraciət edib, amma imtina cavabı alıb, nəticədə Rusiyadan ”S 400" raketləri almağa məcbur olub. Ancaq NATO ölkəsi Yunanıstan da Rusiyadan həm "S 300", həm ”S 400" zenit raket sistemləri alıb. Nədənsə ABŞ Yunanıstana sanksiya tətbiq etmir, Türkiyəyə fərqli münasibət sərgiləyir".

AMİP sədri hesab edir ki, Türkiyə böyük hərbi sənaye kompleksinə malik dövlətdir: "1974-cü ildə də Kipr prosesində Ankaraya qarşı analoji addım atılmışdı, amma qısa müddətdə qardaş dövlət toparlandı, güclü orduya və texnika malik ölkəyə çevrildi. Bu gün də pilotsuz uçuş aparatları ilə Türkiyə göstərdi ki, dünyanın ən müasir silahlarını sıradan çıxarmaq gücünə malikdir. Hesab edirəm ki, bu sanksiyaların müvəqqəti, qısamüddətli təsiri ola bilər, lakin Türkiyə gələcəkdə bu sanksiyaları arxa plana keçirib öz istehsalını artıraraq daha da qüdrətli olacaq".

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin üzvü Xəzər Teyyublunun sözlərinə görə, NATO dövləti olan Türkiyə məcburiyyət qarşısında Rusiyadan raket sistemi almalı olub. Onun fikrincə, bütün bunlar uzun illərin aparılan siyasətin, dünyanın siyasi mərkəzlərinin Türkiyəyə qarşı birləşməsinin nəticəsidir.

X.Teyyublu hesab edir ki, sanksiya qərarı ilk növbədə Türkiyəyə qarşı siyasi qısqanclıqdır: "Amma NATO belə üzvü olan dövlətinə sanksiyalara görə narahatlığını bildirib. Türkiyə müstəqil dövlətdir və başqa ölkələrlə silah alış-satışında kiminsə qarşısında öhdəliyi yoxdur.

Fikrimcə, bu sanksiyalar "S - 400" raketlərinə görə deyil, Qərbin regiondakı vəziyyətə müdaxiləsinə hesablanıb. Amma Türkiyə daha da güclənəcək, hər hansı mənfi təsiri olmayacaq”.

KXCP funksionerinin sözlərinə görə, Türkiyə ordusu sülh ordusudur və regionda stabilliyin qarantıdır: "O baxımdan qardaş ölkəyə qarşı atılan addımlar həm də bizim əleyhimizə olan addımlardır”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook