SON XƏBƏR

AMİP qeydiyyata alındı - partiya sədri yeni hədəfləri açıqladı

Sentyabr 05
13:19 2023
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.
 
AMİP sədri Arzuxan Əlizadə Musavat.com-a məlumatı təsdiqləyib. O, xatırladıb ki, əvvəlki qanun 30 il öncə qəbul edilmişdi buna görə də yeni qanunun qəbul edilməsi zəruri idi:

"Bu proses siyasi partiyalara özünü təftiş etmək üçün fürsət yaratdı. Yerli təşkilatları yenidən siyahıya aldıq. AMİP 7200 nəfərlik siyahı təqdim etmişdi, ikinci mərhələdə 5875 nəfərlə qeydiyyatdan keçdik. Partiyamız köklü partiya olduğu üçün üzvümüz daha çoxdur. Ümumiyyətlə, bu proseslə bağlı siyasi cameədə uzun müddət danışıqlar gedib. Azərbaycan siyasi tarixində ilk dəfə partiyalar Milli Məclisə dəvət edildi, qəbul ediləcək qanunun ictimai dinləmələri keçirildi. İctimai dinləmələrdə qanun layihəsi ilə bağlı irad və təkliflərimizi bildirdik. Partiya üzvlərinin sayı, siyasi partiyaların parlamentdə təmsil olunan və olunmayan partiyaların dövlət büdcəsindən maliyyələşməsi, siyasi partiyaların genişləndirilməsi üçün dövlət dəstəyi, partiyaların ölkənin ictimai-siyasi gündəmində iştirakı ilə bağlı bir sıra təkliflər irəli sürdük. Eyni zamanda hələ qanun qəbul edilmədən öncə proporsional seçki ilə bağlı təklifimizi yazılı surətdə təqdim etmişik. Proporsional seçki 2002-ci ildə ləğv olundu. Bununla da partiyaların ölkə miqyasında fəaliyyəti üçün problemlər yarandı. Biz proporsional seçkinin, ən azı qarışıq seçki sisteminin bərpa olunması, həmçinin, parlamentin say tərkibinin artırılması ilə bağlı təklif vermişik. 1995-ci ildə Konstitusiya qəbul edildikdə Azərbaycan əhalisinin sayı təxminən 7 milyon idi. Bu gün əhalinin sayı 10 milyondan çoxdur. Bunu nəzərə alaraq, parlamentin say tərkibi ən azı 151 nəfər olsa, yaxşı olar. Azlıqda olan partiyaların parlament rəhbərliyində təmsil olunmasını da təklif etmişdik. Bu təklifimiz reallaşdı. Təkliflərimizdən biri fraksiyaların yaradılması idi. İcra strukturlarının ləğv edilməsi, Türkiyə modelinə keçidlə bağlı da təklif vermişik. Dəyişiklikləri həyata keçirmək konstitusiya dəyişikliklərini ehtiva edir. Odur ki, təkliflərimiz reallaşsa, ölkədə referendum keçirilə bilər”.

A.Əlizadə partiyanın yeni hədəflərini açıqlayıb:

"Fəaliyyətimizi genişləndirəcəyik. Ölkənin siyasi gündəmində daha fəal iştirak etməyə, passiv mövqedə olan üzvlərimizin siyasi arenaya qayıtmasına cəhd edəcəyik. Ümid edirəm ki, yeni qanunun qəbulu AMİP üçün də geniş imkanlar açacaq”.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook