Aqil Abbasdan yeni təklif: “Sosial ünvanlı yardım LƏĞV OLUNSUN”
Yanvar 22
11:07
2016
"Elə şeylər var ki, onun həlli imkan daxilindədir, elə şeylər də var ki, həlli imkan daxilində deyil. Məsələn, hamı sosial müavinət istəyir. Mənim fikrimcə, sosial müavinət ümumiyyətlə, ləğv olunmalıdır”.
Bu fikirləri Milli Məclisin deputatı Aqil Abbas "Yeni Müsavat” qəzetinə müsahibəsində bildirib.
A.Abbas hesab edir ki, sosial müavinəty ləğv edilməli, ancaq, uşaqpulu verilməlidir: "Özü də normal məbləğ. 20 manat uşaqpulu olmaz ki. Heç olmasa uşağın bir aylıq yemək pulunu verməlisən. Dediyim kimi, hamı müavinət istəyir. Qanun da elə qəbul olunub ki, birinin həyətində bir inək varsa, ailə müavinət ala bilməz. Niyə? Deyək ki, ailədə 10 nəfərik, bir inəyimiz var, bu inəyi 10 uşaq birdən əmə bilməz axı. Səlim müəllim bu quruma rəhbər gələndən sonra tam şəffaflıq yaradılıb. Qabaq illik müavinəti bölürdülər ki, 6 ayı sənindir, 6 ayı da mənim. Hətta yardım düşməyənlər də alırdı. İndi elektron qaydada həll olunur. Sosial Müdafiə Nazirliyində çox böyük islahat gedib. Səlim müəllim də bu işi çox gözəl bilən adamdır, çox istərdim ki, ünvanlı sosial yardımı ləğv etsinlər. Ya da müavinət kəsirlərsə...Tutaq ki, bir ailədə 70-ci illərin "Moskviç”i var, onu kənarda saxlamasınlar, minimum yaşayış həddi hesablansın və həmin ailələrə yardım verilsin. Ya bu qayda ilə versinlər, ya da bunu ümumiyyətlə ləğv etsinlər. Etiraz aksiyalarında da ən çox bundan söhbət gedirdi ki, "mən müavinət ala bilmirəm”.
Qlobal.az