SON XƏBƏR

Arıçılıq Mərkəzinin “bal”a batan şübhəli satınalmaları - dövlət qurumlarından reaksiya

Yanvar 18
02:05 2023
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzi 2022-ci ilin noyabr ayının 25-də yekun vurduğu satınalma ilə bağlı məlumat vermişdik. 
 
Həmin məlumatda Arıçılıq Mərkəzinin eyni gündə yekun vurğudu "Bitki və toxumların" və "Elmi-Tədqiqat işləri”nin satın alınması lotları üzrə sifarişçi olduğu satınalmada qalib elan edilən təşkilatların hüquqi ünvanlarının qonşu ünvanlarda olması, həmçinin bu təşkilatların fəaliyyət profilləri barədə açıq internet resurslarında heç bir məlumatların olmamasının şübhəli məqamlara yol açdığı deyilirdi. 
 
Arıçılıq Mərkəzi Qlobal.az məsələ ilə bağlı verdiyi açıqlamada eyni gündə qalib elan etdikləri təşkilatların hüquqi ünvanlarının qonşu ünvanda yerləşməsini təsadüf olduğunu qeyd edirdi. 
 
 
 
Məsələ ilə bağlı Arıçılıq Mərkəzinin nəzdində fəaliyyət göstərdiyi Heyvandarlıq Elmi Tədqiqat İnstitutundan mövqe almaq istəsə də, İnstitutut rəhbərliyi bu barədə susmağa üstünlük verdi. 
 
 
 
Qlobal.az satınalmada olan şübhəli məqamlara aydınlıq gətirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ünvanlayıb. Xidmətin rəis müavini Elnur Bağırovun müraciətimizə verdiyi cavabda deyilir: 
 
""Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. 
 
Əlavə olaraq bildiririk ki, ayrı-ayrı müsabiqələrdə iştirak edən malgöndərənlərin (podratçıların) hüquqi ünvanlarının yaxın ərazilərdə yerləşməsi dövlət satınalmalarını tənzimləyən hər hansı normanın pozuntusu hesab edilmir. Həmçinin Qanunun 10.2-ci maddəsinə əsasən satınalma prosedurları haqqında hesabatın bu Qanunun 10.1.1 və 10.1.2-ci maddələrində göstərilən hissəsi, şəraitdən asılı olaraq tender təklifi, oferta və ya kotirovka aksept edildikdən, yaxud satınalma müqaviləsinin bağlanması ilə nəticələnməyən satınalma prosedurları qurtardıqdan sonra sorğu əsasında marağı olan şəxsə satınalan təşkilat tərəfindən verilə bilər. Göstərilənləri nəzərə alaraq, Arıçılıq Mərkəzi tərəfindən keçirilmiş müsabiqələrdə iddiaçı olaraq qeydə alınmış malgöndərənlər (podratçılar) barədə məlumatın əldə olunması üçün satınalan təşkilata müraciət etməyiniz tövsiyə olunur". 
 
Qeyd edək ki, Arıçılıq Mərkəzinin 2022-ci ilin noyabr ayının 25-də "Bitki və toxumların" və "Elmi-Tədqiqat işləri”nin satın alınması lotları üzrə yekun vurduğu satınalmanın ümumi məbləği 23.985 manat təşkil edir. 
 
Bu satınalmada "COSMOS-RA" və "KƏNAN KM" Məhdud Məsuliyyətli Cəmiyyətləri qalib elan edilib. 
 

 
"COSMOS-RA" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb. Bu MMC-nin nizamnamə kapitalı 5 manat, qanuni təmsilçisi isə Allahverdiyev Ruhin Səxavət oğludur. "COSMOS-RA" MMC-nin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 9, mənzil 56 ünvanıdır. "COSMOS-RA" MMC-nin fəaliyyət profili, lisenziyaları barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir. 
 

 
Arıçılıq Mərkəzinə Elmi-Tədqiqat işləri üzrə xidmət edəcək "KƏNAN KM" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin mart ayında dövlət qeydiyyatına alınıb. Bu MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Eyvazov Kamil Mirələm oğludur. "KƏNAN KM" MMC-nin hüquqi ünvanı Arıçılıq Mərkəzinin sifarişçi olduğu digər satınalmada qalib elan edilən "COSMOS-RA" MMC-nin hüquqi ünvanı ilə qonşuluqda - Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 12, mənzil 72 ünvanında yerləşir. 
 
Bu MMC-lərin qanuni təmsilçilərinin əslən Cəbrayıl rayonundan olduğu, Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələrdə yaşadıqları, MMC-lərin daha çox şübhəli satınalmalarda iştirak etdiyi barədə mətbuatda bir sıra məlumatlar dərc edilib. 
 

 

Qlobal.az Arıçılıq Mərkəzinin 2021-2022-ci illər üzrə fəaliyyəti ilə bağlı Hesablama Palatasında münasibət öyrənib. Hesablama Palatasının İnformasiya azadlığı üzrə məsul şəxsi Tamerlan Yusif-zadənin açıqlamasında deyilir: "Bildiririk ki, Hesablama Palatası tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzində 2021-2022-ci illər üzrə audit aparılmamışdır".
 
 
 
Xatırladaq ki, Arıçılıq Mərkəzi Gəncə şəhərində fəaliyyət göstərir. Mərkəzin tabeliyində təsərrüfat şöbəsi, balverən özül və eksperimental-istehsalat Faxralı Təcrübə şöbəsi, damazlıq işinin təşkili laboratoriyası və arıçılıq məhsullarının tədarükü və analizi laboratoriyası var.
 
Arıçılıq Mərkəzinin rəisi vəzifəsini 2020-ci ilin mart ayından müvəqqəti icra edən Samir Mahmudovdur. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook