SON XƏBƏR

Astarada sitrusçuluğun inkişafına diqqət artırılıb

Aprel 18
08:05 2017
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Astara rayonunda sitrusçuluğun inkişafına diqqət artırılıb.
 
Bu fikir Astarada sitrusçuluğun inkişafı ilə bağlı keçirilən maarifləndirici tədbirdə səsləndirilib.
 
Rayon icra hakimiyyətinin dəvəti ilə Astaraya gəlmiş Türkiyənin Çukurova Universitetinin subtropik meyvələr araşdırma və uyğulama mərkəzinin direktoru, professor Səlahəddin Baloğlu tədbir iştirakçılarına subtropik meyvəçiliyi barədə ətraflı məlumat verib.
 
Sitrusçuluqla məşğul olan fermerlərin və məhsul istehsalçılarının iştirak etdiyi tədbirdə rayona yeni gətirilərək inkişaf etdirilən yapon növü olan narıngi, limon və portağalın yetişdirilməsi, onlara aqrotexniki qulluğun göstərilməsi, bu sahədə olan xəstəliklər və onlara qarşı mübarizə tədbirləri barədə geniş fikir mübadiləsi aparılıb.
 
Səlahəddin Baloğlu bu bitkilərə tələb olunan qaydada düzgün aqrotexniki qulluğun göstərilməsi, məhsuldarlığın artırılması və yüksək keyfiyyətə nail olmağın səmərəli üsulları barədə danışaraq bildirib ki, digər meyvələrdən fərqli olaraq subtropik meyvələrinin yığımdan bir neçə ay sonra saxlanıla bilməsi, daşınmasının asan olması subtropik meyvəçiliyi ilə məşğulluğun səmərəliliyini xeyli artırır.
 
Professor S.Baloğlu Astarada sitrus bağları ilə yaxından tanış olduğunu, əkin sahələrinin bu iqlimə uyğunluğunu, rayonda sitrusçuluğun sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.
 
Bu sahəni daha da inkişaf etdirmək, mövcud problemləri aradan qaldırmaq məqsədilə əkin, becərmə, budama, gübrələmə, suvarma, şumlama və sitrus meyvə bağlarının zərərvericilərdən qorunması məqsədilə tövsiyələrini verən S.Baloğlu qeyd edib ki, Çukurova Universitetində Azərbaycandan olan 5 tələbə təhsil alır.
 
Tədbirdə Türkiyədə yetişdirilən sitrus bağları ilə bağlı fotoslaydlar nümayiş etdirilib.
 
Professor Səlahəddin Baloğlu Astarada yeni salınmış sitrus meyvə bağlarında, çayçılıq təsərrüfatlarında olub, fermerləri, sahibkarları, subtropik meyvəçiliyi ilə məşğul olan təsərrüfat sahibləri ilə fikir mübadiləsi aparıb.
 
(AzərTac)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook