SON XƏBƏR

Ağsuda şübhəli satınalmalar - 1 saylı körpələr evində nə baş verir?

Yanvar 19
00:11 2022
Ağsu rayon İcra Hakimiyyəti başçısının Ağsu Şəhər üzrə Nümayəndəliyi 2021-ci ilin dekabr ayının 23-ü və 30-da 3 satınalmaya yekun vurub.
 
Qlobal.az xəbər verir ki, Ağsu rayon İcra Hakimiyyətinin Ağsu rayon nümayəndəliyi dekabr ayının 23-ə "Ağsu şəhər 1 saylı körpələr - evi uşaq bağçasında əsaslı təmir işləri - Pəncərə yuvalarının 40 sm hörülməsi" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Satınalmanın məbləği 30.132 manat, qalibi isə "TƏMƏL-İNŞAAT+" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. "TƏMƏL-İNŞAAT+" MMC 2004-cü ilin dekabr ayının 28-də dövlət reyestrindən qeydiyyatdan keçib. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23 mənzil 137 ünvanı, qanuni təmsilçisi isə Həsənxanlı Sadiq İltifat oğludur. 
 


 
On manat nizamnamə kapitalı olan "TƏMƏL-İNŞAAT+" MMC-nin maddi-texniki bazası, əmək müqaviləsi ilə çalışan işçilərinin sayı, dövlət orqanlarından alınan müvafiq lisenziyaları barədə heç bir məlumat yoxdur. 
 
"TƏMƏL-İNŞAAT+" MMC Ağsu rayon icra hakimiyyətinə "yaxın" təşkilatlardan hesab edilir. Belə ki, bu MMC 2019-cu ildə Ağsu rayon Mənzil İstismar İdarəsinin 76.000 manatlıq tenderinin qalibi elan edilib. 
 
Müqavilədə "TƏMƏL-İNŞAAT+" MMC-nin hörəcəyi pəncərə yuvalarının qalınlığı göstərilsə də, işin ümumi həcmindən bəhs olunmur. 
 
Daha bir fantastik rəqəm - müəmmalı müqavilə
  
Ağsu rayon İcra Hakimiyyətinin Ağsu rayon nümayəndəliyinin 2021-ci ilin dekabr ayının 30-da yekun vurduğu daha bir satınalma isə "Ağsu şəhərində küçələrin işıqlandırılması işləri - Dayaqlar üçün quyuların qazılması" lotu üzrə həyata keçirilib. Bu satınalmanın məbləği 41.988 manat, qalibi isə "MİRAY MH" MMC olub. "MİRAY MH" MMC-nin hüquqi ünvanı Ağsu şəhəri ev 38, Sirac Xasıyev küçəsidir. On manat nizamnamə kapitalı olan "MİRAY MH" MMC-nin qanuni təmsilçisi isə Ağsu rayonunun Ərəbuşağı kənd sakini Qədirov Amid İmran oğludur. 2016-cı ildə dövlət qeydiyyatına alınan "MİRAY MH" MMC-nin də maddi-texniki bazası, işçi - mühəndis heyəti, müvafiq lisenziyaları barədə məlumat yoxdur. Müqavilədə üzrə qazılacaq işıq dirəklərinin quyularının sayı və digər parametrləri barədə məlumat verilmir. 
 
"Yararsız lineniumun sökülməsi" işinə bir binanın pulu?
 
Ağsu rayon İcra Hakimiyyətinin Ağsu rayon nümayəndəliyinin 2021-ci ilin dekabr ayının 30-da yekun vurduğu sonuncu satınalma da digərləri kimi olduqca şübhəlidir. 
 
Dövlət qurumunun bu satınalması "Ağsu şəhər Nümayəndəliyinin İnzibati binasında və 1 saylı körpələr evi - uşaq bağçasında cari təmir işləri - Otaqlarda yararsız lineniumun sökülməsi " lotu üzrə olub. Bu satınalmanın məbləği 21.819 manat, qalibi isə "HUSEYNLI PARTNERS ARCHITECTURE AND CONSTRUCTION" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. "HUSEYNLI PARTNERS ARCHITECTURE AND CONSTRUCTION" MMC 2021-ci ildə təsis edilib. "HUSEYNLI PARTNERS ARCHITECTURE AND CONSTRUCTION" MMC-nin hüquqi ünvanı Ağsu rayonundan uzaqda - Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal ev 52 ünvanında olsa da, şirkətin qanuni təmsilçisi heç də uzaqda deyil. 
 


 
Qlobal.az-ın əldə etdiyi məlumata görə "HUSEYNLI PARTNERS ARCHITECTURE AND CONSTRUCTION" MMC-nin qanuni təmsilçisi 1992-ci il təvəllüdlü Ağsu rayon sakini Hüseynli Şaiq Ağaməli oğludur. 
 
"HUSEYNLI PARTNERS ARCHITECTURE AND CONSTRUCTION" MMC-nin də maddi-texniki bazası, müqavilə ilə çalışan işçilərinin sayı, sahib olduğu lisenziyalar barədə hər hansı məlumata rast gəlinmir. 
 
"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.
 
Ağsu rayon İcra Hakimiyyətinin Ağsu rayon nümayəndəliyinin 2021-ci ilin dekabr ayında yuxarıda qeyd edilən lotlar üzrə yekun vurduğu satınalmalarda maddi-texniki bazası, lisenziyaları, işçi qüvvəsi barədə heç bir informasiya verilməyən MMC-ləri hansı meyarlara əsasən qalib elan etməsi bir sıra suallar meydana çıxarır.
 
Qlobal.az məsələ ilə əlaqədar Ağsu rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışsa da, qarşı tərəf heç bir münasibət bildirmədi. 
 

 
Qeyd edək ki, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovdur. R.Bağırov 2021-ci ilin 29 aprelində Ağsu RİH-nin başçısı vəzifəsinə təyin edilib. O, bundan əvvəl Lerik RİH-nin başçısı vəzifəsində çalışıb. 
 

 
Xatırladaq ki, Ağsu rayon İcra Hakimiyyətinin Ağsu şəhəri üzrə icra nümayəndəsi İlham Nurəhmədovdur. İ.Nurəhmədov 2021-ci ildə bu vəzifəyə təyin edilib. 
 
Qarşı tərəf mövqe bildirə bilər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook