Atatürk stadionunda Azərbaycan bayraqları dalğalandırıldı
Oktyabr 19
16:30
2015
Türkiyənin həvəskarlar liqasının VIII qrupunun IV turu çərçivəsində keçirilən "Bartınspor" - "Dikilitaşspor" oyununda Azərbaycan bayraqları stadionda dalğalandırılıb.
Qaynar.info xəbər verir ki, buna səbəb "Bartınspor"da 2 azərbaycanlı oyunçu - Elnar Kərimov və Elgün Namazlının oynamasıdır. Qara dəniz komandasının azarkeşləri 18 oktyabr - Müstəqillik Gününü nəzərə alaraq Bartının Atatürk adına stadionuna Azərbaycan və Türkiyə bayraqları ilə gəliblər.
Azərbaycanlı futbolçular da azarkeşlərin etimadını doğruldub. 90 dəqiqə meydanda olan Elnar qapısını toxunulmaz saxlayıb. Elgün isə meydançaya sonradan daxil olaraq qələbədə pay sahibi olub.
Belə ki, "Bartınspor" turnir cədvəlinin sonuncusu olan rəqibinə 2:0 hesabı ilə qalib gələrək xalını 6-ya çatdırıb. Oyundan sonra azərbaycanlı futbolçular Türkiyə və Azərbaycan bayraqları ilə xatirə şəkilləri çəkdirib, onlara dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, həftəortası sosial şəbəkə vasitəsilə "Bartınspor"dan ayrıldığını açıqlasa da, Elnar Kərimov son anda komandada qalası olub.