SON XƏBƏR

"Atəşkəs" filminin təqdimatı keçirilib

Fevral 17
15:16 2016
Bu gün, fevralın 17-də Nizami kino mərkəzində Qarabağ həqiqətlərindən bəhs edən "Atəşkəs" filminin təqdimatı keçirilib.
 
Təqdimatda Azərbaycan Respublikasının Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin, eləcə də media təmsilçiləri iştirak edib. Musavat.com-un verdiyi xəbərə görə tədbiri giriş sözü ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev açıb.
 
O, qeyd edib ki, "Atəşkəs" filmi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə BAMF və Macar Turan Fondunun həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb.
 
Bildirib ki, filmin əsas qayəsini Qarabağ müharibəsinin törətdiyi acı nəticələr, Xocalı faciəsi təşkil edir: "24 il əvvəl xalqımızın çox üzüntülü ilidir. 90-dan çox insan amansızcasına öldürüldü, 120 uşaq valideynlərindən məhrum oldu, çoxlu sayda insan girov götürüldü".
 
Çıxışdan sonra tədbir iştirakçıları həlak olanları bir dəqiqəlik sükutla yad edib, ardınca film təqdim olunub. Məlumat üçün bildirək ki, sənədli film "İşğalın qurbanı" layihəsi çərçivəsində Macar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən ilk birgə işidir. Filmdə Cənubi Qafqaz regionunda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qeyd alındığı tarixi mərhələlər, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, o cümlədən Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlətlərindən biri kimi tarixi-mədəni irsi, ənənələri yer alıb.
 
Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, erməni qırğınları filmin əsasını, leytmotivini təşkil edir. Ekran əsərində Macar, alman, fransız, amerikalı ekspertlərinin münaqişənin həlli ilə bağlı fikirləri, rəyləri və münaqişə qurbanlarının, şahidlərin ifadələri yer alıb.
 
Qarabağ həqiqətlərindən bəhs edən filmdə Azərbaycanın müasir tarixinə dair faktlar, eləcə də torpaqlarımızın işğalı nəticəsində doğma yurdlarından köçkün düşən insanların acı həyatı öz əksini tapıb. Filmdə işğaldan əvvəl Dağlıq Qarabağda azərbaycanlıların həyat tərzi, Şuşada keçirilən toy mərasimindən ilk dəfə olaraq unikal kadrlar da istifadə olunub.
 
Filmin təqdimatından sonra Macar Turan Fondunun sədri Biro Andras Szolt çıxış edib. O, bildirib ki, macarlar olaraq Azərbaycan xalqının faciələrini, həqiqətlərini sənədli filmdə toplayaraq dünyaya çatdırılmasını üzərinə götürdükləri üçün qürur duyur. Sonra isə Prezident yanında Qeyri Hökümət Təşkilatlarının Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev çıxış edib. A. Quliyev filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib. Daha sonra Azərbaycan Respublikasının Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib.
 
O, qeyd edib ki, Xocalı faciəsi haqqında həqiqətləri yalnız son illərdə Azərbaycanın öz səyi sayəsində dünyaya çatdırmaq mümkün olub: "Çox təəssüf ki, dünya Xocalı faciəsinə susdu. 24 ildir ki, öz yurdlarından didərgin düşən insanları öz yerlərinə qaytara bilmirik". Çıxışından sonra Əli Həsənov filmə görə Macar-Turan Fondunun sədri Biro Andras Szoltu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevi diplomlarla təltif edib.
 
Qeyd edək ki, filmin direktoru Qabon Szabo, rejissoru Erik Boqnardır. Film Macar-Turan Fondunun sədri Andras Bironun ssenarisi əsasında çəkilib. Filmin 2 il ərzində Azərbaycanda baş tutan çəkilişləri, şahidlərin müsahibələrin alınması, tarixi və mədəni ərazilərimizin video görüntülərinin çəkilməsi, arxiv materiallarının toplanması, cəbhə xəttində təhlükəli sayıla biləcək çəkilişlərin aparılması bilavasitə Beynəlxalq Avrasiya Mətbuat Fondu və onun əməkdaşlarının birbaşa iştirakı və dəstəyi ilə baş tutub.
 
Onu da qeyd edək ki, "Atəşkəs" filmi ilk olaraq 2015-ci ilin dekabrın 8-də Macarıstanın paytaxtı Budapeşt şəhərində nümayiş olunub. Yaxın vaxtlarda filmin Avropanın müxtəlif ölkələrində nümayiş olunması planlaşdırılıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook