SON XƏBƏR

AVROMED dərman qiymətlərini belə diktə edir - TƏFƏRRÜAT

Fevral 05
17:30 2017
Bir neçə gün öncə "Avromed” şirkətinin dərman bazarında ajiotaj yaratması ilə bağlı yazı dərc etmişdik. 

AFN-ə məlumatlı mənbənin verdiyi xəbərdə bildirilirdi ki, 1 həftədir ölkənin dərman təchizatında əsas monopolist şirkət olan "Avromed” respublikanın pərakəndə satışla məşğul olan aptek şəbəklərinə dərman təchizatını dayandırıb, əksər işçilərini müvəqqəti məzuniyyətə buraxıb. Məlumatda o da qeyd edilirdi ki, bu, dərmanların 12 faiz bahalaşacağı ilə bağlı atılan addımdır. 

AFN-in əməkdaşı paytaxtdakı bir neçə aptekdə sorğu apararaq vəziyyətə aydınlıq gətirməyə çalışıb. Aptek işçiləri ilə söhbətdən aydın olub ki, ötən ilin sonunda Tarif Şurası tərəfindən bir sıra dərmanların qiyməti bahalaşdırılmamışdan əvvəl də "Avromed” oxşar addımı atıb. "O zaman şirkət öz apteklərinə dərman verirdi, digərlərinə vermirdi. İndi isə biz şirkətin öz apteki olmağımıza baxmayaraq, artıq 5 gündür ki, sifariş qəbul olunmur”-deyə aptetklərdən birinin işçisi bildirib. Dərman satıcıları ilə söhbətdən o da aydın olub ki, bir neçə ay əvvələdək "Avromed”in dərman təchizatında, apteklərinin fəaliyyətində müəyyən problemlər varmış: "Ötən iln ortalarından etibarən şirkət yenidən dirçəldi və başladı aptek bazarındakı əsas rəqiblərini zəiflətməyə”. Əsas rəqiblər sırasında isə həmsöhbətimiz daha çox "Zeytun” və "Zəfəran” apteklərinin adını çəkib. Eyni zamanda bildirib ki, apteklərin sifarişi şirkət tərəfindən birbaşa rədd edilmir: "Biz şirkətə sifarişi ya telefon, ya faks, ya da internet vasitəsilə edirik. Lakin son günlər şirkətin işçiləri ən müxtəlif bəhanələrlə sifariş götürməkdən imtina edirlər, gah telefonlara cavab verilmir, gah göndərilən fakslar qəbul edilmir, gah da deyirlər işçilər məzuniyyətdədir, bir neçə gündən sonra olacaq. Bu cür bəhanələrlə dərman sifarişi qəbul olunmur. Keçən dəfə də eyni vəziyyət yaradılmışdı, ardınca bəzi dərmanların qiyməti bahalaşdırıldı. İndi də söz-söhbət yayılıb ki, 12 faiz artım olacaq dərmanların qiymətində”.

AFN-in araşdırması zamanı o da məlum olub ki, "Avromed”in işçiləri yaxın ətraflarına aptek açmağı təklif edirlər. Paytaxtın müxtəlif yerlərində aptek açmaq üçün adamlara lisenziyadan tutmuş, ofisə, dərman təminatınadək hər şeyə söz verirlər. Görünür, şirkət aptek bazarını da tam nəzarətə götürmək niyyətindədir.

Qeyd edək ki, "Avromed” 2002-ci ilin aprelindən fəaliyyət göstərir. Ölkənin dərman bazarında ən böyük paya sahib olduğu şirkətin öz saytında da qeyd edilib: "Avromed Company” QSC dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısıdır. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir”. 

"Avromed”in saytında həmçinin bildirilir ki, şirkətin müştəriləri sırasına 15-ə yaxın dövlət xəstəxanası, 200-ə yaxın özəl klinika, 100-dən çox gözəllik və sağlamlıq mərkəzi, idman federasiyaları və klubları, təqribən 2000 aptek və digər qurumlar daxildir. Bakı şəhərində yerləşən Mərkəzi Klinik Xəstəxana, Mərkəzi Neftçilər Xəstəxanası, Leyla Şıxlinskayanın Klinikası, MediClub kimi tanınmış səhiyyə ocaqları, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən ən iri xəstəxanalar, Müdafiə Nazirliyin, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Ədliyyə Nazirliyin və bir sıra dövlət qurumları nəzdində olan müalicə müəssisələri də "Avromed” şirkətinin müştəriləridir. Göründüyü kimi, kifayət qədər geniş şəbəkəyə malik olan şirkətin bazarda qiymətləri diktə etmək imkanları da yetərincədir. Bu səbəbdən yaxın günlərdə dərmanların qiymətində yeni artım qərarının verilməsi gözləniləndir. 

Onu da xatırladaq ki, "Avromed” deputat Cavanşir Feyziyevin olduğu haqda zaman-zaman mediada yazılıb. Bəzi təsdiqlənməmiş məlumatlara görə isə bir neçə ay əvvəl deputat şirkəti satıb. Araşdırmalarımız davam edir. 

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini verməyə hazırıq. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook