Avropa İttifaqı Macarıstan iqtisadiyyatını sarsıtmaq üçün plan hazırlayır
Yanvar 29
11:14
2024
Avropa İttifaqı Budapeştin Ukraynaya yeni yardım paketi ilə bağlı razılaşmadan imtina edəcəyi təqdirdə Macarıstan iqtisadiyyatını sarsıtmaq üçün plan hazırlayır.
"Report” xəbər verir ki, bu barədə Britaniyanın "The Financial Times” (FT) qəzeti Aİ-nin daxili sənədinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Brüssel Macarıstan forintinin məzənnəsini aşağı salmağa, ölkənin iş yerlərinə və iqtisadi artıma zərər vurmaq üçün Macarıstanın investisiya cəlbediciliyini azaltmağa hazırlaşır.
Qeyd olunub ki, Macarıstanın baş naziri Viktor Orban güzəştə getməsə, o zaman Aİ rəhbərliyi "bazarları qorxutmaq” niyyəti ilə Budapeştə maliyyənin tamamilə dayandırıldığını açıq şəkildə elan edə bilər.
Macarıstanın Aİ işləri üzrə naziri Yanoş Boka FT-yə belə təhdidlərdən xəbərsiz olduğunu deyib. O əlavə edib ki, Budapeşt "təzyiqlərə boyun əymir”. Onun sözlərinə görə, Macarıstan danışıqlarda konstruktiv iştirakını davam etdirəcək.
Nazir qeyd edib ki, Macarıstan şənbə günü Brüsselə yeni kompromis təklifi göndərərək, Aİ büdcəsindən Ukraynaya yardım üçün vəsaitin istifadəsinə və Kiyevin ehtiyaclarını ödəmək üçün icma borcları məsələsinə ilkin razılıq verib.
"Təklif gələcəkdə Avropa İttifaqı Budapeştlə bağlı qərarının dəyişdirilməsinin mümkünlüyü haqqında bənd əlavə edərsə keçərli olacaq”.
2023-cü il dekabrın 14-15-də Brüsseldə keçirilən Aİ sammitində Orban Aİ-nin 2024-2027-ci illər üçün büdcəsinə Ukraynaya 50 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutan düzəlişləri bloklayıb.
Macarıstan vəsaitlərin xərclənməsinə ciddi nəzarət etməklə hər il Kiyevə maliyyə yardımı göstərməyi təklif edib.