SON XƏBƏR

Avropanın başının üstündəki Kataloniya kabusu

Oktyabr 28
13:57 2017
Bu bəla qoca qitə üçün əsl fəlakətə çevrilə bilər


Avropanın və azad dünyanın qorxduğu başına gəldi. Kataloniya parlamenti İspaniyadan ayrılmaq haqqında qərar qəbul etdi. İspaniya hökuməti isə yerli hökumətin və parlamentin buraxıldığını, həmçinin dekabrın 21-də seçkilər keçiriləcəyini duyurdu.


Kataloniya hökumətiin başçısı Karles Puçdemonun bu qədər radikal addıma gedə biləcəyi ən azı bir gün öncədən, mülayim baxışları ilə seçilən və ayrılmanın əleyhdarlarından sayılan, biznes və təhsil naziri Santa Vilanın istefasından bəlli idi.


"Artıq xalqın saatı gəldi. Biz İspaniya dövlətini və katalon oliqarxlarını rədd edirik”, - Kataloniya parlamentinin deputatı Karlos Ryera müstəqillik elanından sonra bəyan edib.


Hadisələrin bundan sonra sakit məcrada davam etməyəcəyi dəqiqdir. İspaniya baş naziri Kataloniya üzərində federal idarəçiliyin tətbiq olunması üçün güc tətbiq etmək səlahiyyətinə malikdir.


Ekspertlərin fikrincə, İspaniyanın bunun üçün əlində hər cür əsası var.


Moskva Beynəlxalaq Əlaqələr İnstitutunun professoru İrina Busıqinanın Rusiya mətbuatına verdiyi rəyə əsasən, İspaniya hər bir demokratik Avropa dövləti kimi konstitusiyaya və qanunlara söykənən dövlətdir. Kataloniya hakimiyyətinin müstəqillik elanı isə birtərəfli şəkildə qəbul olunan anti-konstitusion hərəkət sayılır. Buna görə də Madrid öz ərazi bütövlüyü üçün bu çərçivədə tədbirlər görməkdə haqlıdır. "Əsas demokratik qaydaların pozulması halında demokratiya sərt tədbirlər həyata keçirməyi qadağan etmir”, - Busıqina qeyd edib.


Ekspertlərin fikrincə, Madrid və Barselona arasında bundan sonra kompromiss şansları qalsa da, bunun inidiki katalon elitası ilə baş tutması mümkün deyil.


Əgərə bu prosesdən İspaniya qalib çıxsa Puçdemon və onun ətrafı nəinki vəzifəsindən, hətta azadlıqlarından məhrum ola bilərlər.


"Fikirləşirəm ki, Puçdemon və komandası son aksiyanın nəticələrini gözəl anlayır və onlar hər cür ssenariyə hazırdırlar”, - Kataloniyanın Sol partiyasının rəhbərlərindən Luk Saleylas mətbuata bildirib.


Saleylas Madridin ordunun yeridilməsinə getməyəcəyi və beynəlxalq vasitəçilərin köməyi ilə dil tapmağa çalışacağını güman etdiyini bildirib.


İsveçərinin "Le Temps” qəzetinin yazarları Jan Arno Deren və Loran Jeslen İspaniyanın keçmiş Yuqoslaviyanın taleyini yaşaya bilməsi ehtimalını dilə gətiriblər.


Yazıda xüsusilə Sloveniya və Kosovo modelinin katalon siyasətçiləri üçün ilham mənbəyi olduğu vurğulanıb.


Lakin Yuqoslaviya örnəyinin İspaniyadakından fərqli cəhətləri var. "Keçmiş Yuqoslaviya konstitusiyası federativ respublikaların ayrılmaq hüququnu tanıyırdı. Lakin İspaniya konstitusiyasında muxtar qurumlara belə bir hüquq verilməyib. Kosovo örnəyinə gəlincə, burada da Kataloniya separatçıları iki məsələdə yanılırlar. Birincisi, İspaniya başqa NATO ölkələrindən fərqli olaraq hələ də Kosovonu Serbiyanın tərkibində qəbul edir. İkincisi, keçmiş Yuqoslaviya respublikalarından fərqli olaraq Kosovo muxtar respublika deyil, vilayət olub. Bu isə keçmiş Yuqoslaviya respublikaları ilə bağlı, "Badinter komissiyası” da adlanan Avropa Arbitraj Komissiyasının müəyyən etdiyi prinsiplərə ziddir. Belə ki, komissiya yalnız respublikaların ayrılmaq hüququna malik olduğunu müəyyən etmişdi. Kosovo kimi daha aşağı statuslu muxtar qurumlara isə belə bir hüquq verilməmişdi. Ona görə də Kosovo da Kataloniya üçün nümunə sayıla bilməz.


İspaniyanın "El Pais” qəzeti isə Moskvanın Kataloniya məsələsində qaranlıq fəaliyyət içində olduğunu qeyd edir.


"Bu həftə Putinə yaxın adamlardan sayılan bir şəxs Kataloniyanı ziyarət edib. İspaniya kəşfiyyatının verdiyi məlumata görə, tanınmamış "Cənubi Osetiya respublikası”nın "xarici işlər naziri” Dmitri Menoyev Barselonada peyda olub. O burada "iki ölkə arasında əlaqələrin möhkəmlənməsi” məqsədilə büro da açıb.”, - jurnalist David Adleante yazır.


Müəllif Avropa birliyini və NATO-nu zəflətmək üçün əlindən gələni edən Rusiyanın İspaniyanın parçalanmasında xüsusi marağı olduğunu qeyd edib.


Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook