Avstriyalı siyasətçi nasist nəğmələrinə görə siyasi fəaliyyətini dayandırmağa məcbur olub
Fevral 02
01:51
2018
Avstriyanın sağçı-radikal Azadlıq partiyasının (FPÖ) Aşağı Avstriya əyaləti üzrə rəhbəri və əyalət parlament seçkilərində partiyanın əsas namizədi Udo Landbauer siyasi fəaliyyətini dayandırmağa məcbur olub. Buna əsas səbəb onun üzv olduğu "Germania” tələbə birliyinin nəğmələr kitabında yer alan radikal, irqçi və antisemit məzmunlu mətnlər olub.
Udo Landbauer həmin kitabdakı mətnlərin tarixi konteksdən çıxarıldığını və onun hazırkı siyasi mövqeyi ilə heç bir bağlılığı olmadığını iddia etsə də, digər siyasi partiyalar və mətbuatın mövzunu gündəmdə saxlaması nəticəsində geri çəkilməli olub. Ona qarşı mediada kampaniya aparıldığını bildirən siyasətçi artıq ailə üzvlərini də əhatə edən "mühasirə” vəziyyətinə son qoymaq üçün bu addımı atmalı olduğunu bildirib. Bununla belə U.Landbauer Avstriyanın nasional-sosialist Almaniyasının tərkibində olduğu (1938-1945-ci illər) dövrə aid və nasional-sosializmin mədh edildiyi mətnlərin 1997-ci ildə işıq üzü görən kitabda əksini tapması və onun ön sıralarında getdiyi bir birlikdə indiyədək üzvlərin toplantılarında ifa olunmasına tutarlı izahat verməyib.
Avstriya hökuməti, eyni zamanda, "Germania” tələbə birliyinin ləğv olunması üçün hüquqi əsasların araşdırılması barədə qərar qəbul edib.
1917-ci ildə əsası qoyulan "Germania” döyüşən tələbə-şagird birliyinin digər oxşar birliklər kimi əsas məqsədi tələbə və yuxarı sinif şagirdlərini bir araya gətirmək olub. Lakin millətçilik ideyalarından radikal və irqçi ideologiyaya meyillənən birlik tez-tez mətbuatın gündəminə də çıxıb. Avstriyada nasional-sosialist ideologiyasının təbliği qanunla qadağan olunduğundan Viner Noyştadt Prokurorluğu həmin birlik tərəfindən çap edilmiş kitabla bağlı cinayət işi açıb. (Azərtac)