SON XƏBƏR

"Azdrama"nın Azər Paşa Nemət fiaskosu: Gənc aktyorların istefa verəcəyi gözlənilir

Oktyabr 31
00:05 2016
Oktyabrın 26-da xalq artisti Fuad Poladov Dövlət Akademik Milli Dram Teatrından ərizə yazaraq ayrıldı. 
 
Xalq artistinin bu addımı atmağına səbəb isə aktyor Hikmət Babayevin bir müddət əvvəl rəhbərlik tərəfindən teatrdakı işindən uzaqlaşdırılması oldu. Qeyd edək ki, böyük tarixi, şərəfli keçmişi olan Akademik Milli Dram Teatrından son illər qalmaqallar əksik olmur. Əvvəlki direktor İsrafil İsrafilovun rəhbərlik etdiyi dönəmdən başlayaraq indiyədək bu nəhəng sənət məkanı intriqalara, dedi-qodulara, "mənəm-mənəmliyə" qurban verilib. 
 
Qeyd edək ki, bu ilin əvvəlində Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin göstərişi ilə vəzifəsindən azad edildi. Onun yerinə isə teatr ictimaiyyətinin yaxından tanıdığı Azər Paşa Nemət təyin olundu. İlk günlər Azər Paşa Nemətin təyinatı teatr kollektivində böyük ümidlər yaratsa da hadisələrin sonrakı axarı göstərdi ki, yeni direktor heç də sələfindən fərqlənmir. Hətta bir çox hallarda keçmiş direktora "rəhmət oxutdurur".
 

 
Qlobal.az-ın əldə etdiyi məlumata görə, Fuad Poladovun teatrdan ayrılmasına səbəb teatr rəhbərinin kollektivə "yuxarıdan aşağı baxması", onların yaradıcılığına dəyər verməməsi olub. Deyilənə görə Azər Paşa Nemət özündən o qədər razıdır ki, hətta bunu Fuad Poladovun teatrdan getməsinə münasibət bildirdiyi 2-3 cümləlik açıqlamada da aydın sezmək olur. Xatırladaq ki, oktyabrın 28-də "Azadlıq" qəzetinə açıqlama verən teatr direktoru Fuad Poladovun Akademik Milli Dram teatrdında əvəzçilik rolunda çıxış etdiyini bildirmişdi. 
 
Məlumata görə, teatr direktorunun bu açıqlaması teatrın aktyor heyətinin ciddi narazılığına səbəb olub. Bir çox aktyor isə etirazlarını direktora bildiriblər. Əldə etdiyimiz son məlumata görə, artıq bəzi gənc aktyorlar teatr direktoruna etiraz, səhnəmizin canlı korifeyi Fuad Poladova dəstək əlaməti olaraq istefa ərizəsi yazmaq qərarına gəliblər. 
 
Son məlumata görə isə həmin aktyorlar istefa ərizələrini teatr rəhbərliyinə təqdim etdikdən sonra mətbuat konfransı keçirəcəklər.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook