Azərbaycan alternativ enerji istehsalı imkanlarını qiymətləndirəcək
Aprel 12
10:22
2017
"Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” və "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə aid tədbirlər planı çərçivəsində Energetika Nazirliyinin yerinə yetirəcəyi vəzifələr üzrə yaradılmış işçi qrupunun toplantısı keçirilib.
Nazirlikdən "Report"a verilən məlumata görə, iclasda kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin 4 strateji hədəfini, 10 prioritet istiqamətini əhatə edən 20 tədbirin, eləcə də ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi üzrə bir tədbirin əsas icraçısı kimi Energetika Nazirliyinin əlaqələndiriciliyi ilə 2017-ci ildə görüləcək işlər müzakirə edilib.
Bu ilin ilk rübü ərzində hər iki strateji yol xəritəsi çərçivəsində tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi, dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi və məqsədlərə nail olmaq üçün mexanizmlərin işə salınması, səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması, dayanıqlı və etibarlı istilik təchizatı infrastrukturunun yaradılması, mövcud aktivlərin optimallaşdırılması hədəfləri və bu hədəflərə daxil olan komponentlərin təhlil edildiyi, təkliflər nəzərdən keçirildiyi, illik və rüblük iş planlarının tərtib olunduğu diqqətə çatdırılıb. Hər rüb üzrə görülmüş işlərə dair hesabatın koordinasiya qurumuna təqdim edilməsinin zəruriliyi qeyd olunub. Tədbirlərin konkret icra müddətləri müəyyənləşib.
Milli istehsal portfelinin ehtiyat həcminin artırılması istiqamətinə uyğun şəkildə elektrik enerjisinə olan ölkədaxili ehtiyacın proqnozlaşdırılması üçün bir ay müddətində 2025-ci ilədək elektrik enerjisinə tələbatın proqnoz göstəricilərinə dair məlumatların "Azərenerji” ASC tərəfindən hazırlanaraq işçi qrupuna təqdim edilməsi tapşırılıb. Proqnozlar hazırlandıqdan sonra "Azərenerji” ASC əlavə istehsal güclərinin yaradılması ilə bağlı əsaslandırılmış təkliflərini III rüb ərzində təqdim etməlidir.
II rübdə enerji mənbələri üzrə prioritetlərin müəyyən edilməsi, texniki iqtisadi əsaslandırmaların hazırlanması müvafiq qurumlara həvalə olunub. Həyata keçiriləcək vacib layihələrin və onların maliyyələşdirmə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı işlərin növbəti rübdə görülməsi nəzərdə tutulub.
Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi publik hüquqi şəxs milli istehsal portfelinin şaxələndirilməsi məqsədilə alternativ və bərpa olunan enerji potensialını ilin sonuna qədər qiymətləndirməlidir. Agentlik və "Azərenerji” tərəfindən investisiya qoyuluşu tələb olunan elektrik stansiyalarının istismar və maliyyələşmə formaları II rübdə müəyyənləşdirilməlidir.
Bundan başqa, II rüb ərzində ixrac imkanlarının araşdırılması, IV rübdə isə ixrac potensialının reallaşdırılması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması və ixracla bağlı həyata keçiriləcək tədbirlər üzrə işçi qrupunun yaradılması məqsədəuyğun hesab edilib.
Qeyd edək ki, dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi və məqsədlərə nail olmaq üçün mexanizmlərin işə salınması da əsas hədəflərdən biridir. Elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi verilişinin və paylanmasının keyfiyyətinin yüksəldilməsi istiqaməti üzrə il ərzində səmərəliliyin artırılması məqsədilə icra mexanizmlərinin müəyyənləşdirilməsi nəzərdə tutulub.
Elektrik enerjisi verilişinin keyfiyyətini izləyən əsas icra göstəricilərinin tətbiqi üçün bu göstəricilərin hazırlanması ilin sonunadək yekunlaşdırılmalıdır. Eyni zamanda, elektroenergetika sahəsində əsas tənzimləyici qanunun və digər əlaqəli sənədlərin təkmilləşdirilməsi də ilin sonuna kimi həyata keçiriləcək.
Səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması strateji hədəfi çərçivəsində isə yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqi məqsədilə birgə tədbirlər nəzərdə tutulub.Texniki-iqtisadi cəhətdən təbii qaz paylayıcı şəbəkəsi vasitəsilə qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin ARDNŞ tərəfindən alternativ mənbələrlə təminatı üçün belə məntəqələr barədə məlumatların təqdim olunmasının vacibliyi bildirilib.
Dayanıqlı və etibarlı istilik təchizatı infrastrukturunun yaradılması məqsədilə alternativ enerji mənbələrindən istifadə, enerji potensialının müəyyənləşdirilməsi, istilik təchizatı sahəsində institusional tədbirlərin həyata keçirilməsi ilə bağlı müzakirələrin IV rübdə mümkünlüyü ifadə edilib. Bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçiriləcəyi qeyd edilib.
Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində enerjidən istifadə sahəsində optimal səmərəliliyin əldə olunmasından ötrü təkliflərin son rübdə dəyərləndirilməsi razılaşdırılıb.
Xatırladaq ki, 9 fevral 2017-ci il tarixində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin Energetika Nazirliyi üzrə icrasını təmin etmək məqsədilə energetika naziri Natiq Əliyevin müvafiq əmri ilə işçi qrupu yaradılıb. Tədbirlər Planında nəzərdə tutulan işlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsi və bu sahədə ortaya çıxan problemlərin aradan qaldırılmasına kömək məqsədilə işçi qrupu Energetika Nazirliyi, SOCAR, "Azərenerji” ASC, "Azərişıq” ASC, "Azəristiliktəchizat” ASC-nin nümayəndələri və müstəqil ekspertlərdən təşkil olunub.