"Azərbaycan Beynəlxalq Bankı"nda 90 milyon manat mənfəət
Aprel 14
16:03
2017
"Azərbaycan Beynəlxalq Bankı" (ABB) bu ilin birinci rübünü 90 milyon manat mənfəətlə başa vurub. Rübün yekunlarına əsasən, bankın faiz və əməliyyat gəlirləri 218 milyon manat, xərcləri isə 136 milyon manat olub.
ABB-nin məlumatına görə, bank fəaliyyətindən əldə edilən gəlirlərin artırılması məqsədilə bir sıra məhsul və xidmətlərin maya dəyəri yenidən qiymətləndirilib. Tarif dərəcələrinə dəyişikliklər edilib, kreditlər üzrə faiz dərəcələrinə yenidən baxılıb. Nəticədə 2017-ci il üzrə bankın əməliyyat gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz, riteyl kreditlər üzrə faiz gəlirləri isə 11 faiz artıb.
Rüb ərzində biznes proseslərin avtomatlaşdırılması, müxtəlif xərclərin optimallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bankın filial şəbəkəsinin optimallaşdırılmasına başlanılıb. İnsan resurslarından səmərəli istifadə məqsədilə müvafiq tədbirlər görülüb. Bütün bunların müsbət nəticəsi kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə inzibati xərclərdə 14 faiz və ya 3,4 milyon manat qənaət edilib.
Ümumilikdə, 2017-ci ilin sonuna olan gözləntilərə əsasən, 2016-cı ilin yekunları ilə müqayisədə inzibati xərclərə 48 milyon manat, komisyon xərclərə isə 11 milyon manat qənaət proqnozlaşdırılır.
Bankın korporativ idarəetmə strukturunun daha da təkmilləşdirilməsi, daxili nəzarət və risklərin idarə edilməsi sisteminin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu istiqamətdə dövr ərzində kredit siyasəti sərtləşdirilib, müəyyən risk potensialına malik layihələrin maliyyələşdirilməsi dayandırılıb, kreditləşmə məhdud çərçivədə daha aşağı riskli məhsullara yönəldilib. Kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə problemli kreditlər üzrə iş yenidən qurulub, eyni zamanda korporativ müştərilərlə iş sahəsində yeni yanaşmalar tətbiq edilib.