SON XƏBƏR

Azərbaycan Beynəlxalq Bankında daha bir qanunsuzluq

Yanvar 09
10:31 2017
Maliyyə Bazarlarına Nəzarət Palatası "Banklar haqqında” qanuna zidd addıma aydınlıq gətirməlidir

Son illər dünyada və Azərbaycanda gedən proseslər bank sektorunun ölkənin iqtisadi həyatı üçün nə qədər mühüm əhəmiyyətə malik olduğunu göstərdi. Bir daha təsdiqləndi ki, hər bir ölkənin maliyyə sabitliyi onun bank sisteminin dünyada baş verən maliyyə böhranları zamanı hansı səviyyədə dayanıqlı olmasından asılıdır. 

Böhran vəziyyətindən minimum itkilərlə çıxmaqdan ötrü ayrı-ayrı bank və maliyyə qurumları bu vəziyyətləri əvvəlcədən proqnozlaşdırmalı, konkret tədbirlər planı, strateji proqramlar çərçivəsində qabaqlayıcı addımlar atmalıdırlar. Elə ona görə də bütün dünyada bank sistemində, o cümlədən bankların idarə edilməsi sahəsində çalışan şəxslər öz savadları, təhlil qabiliyyətləri və bir sıra fərdi bacarıqları ilə fərqlənirlər. Xüsusilə maliyyə həssaslığı yaşanan ölkələrdə bu insanların özlərindən və ətraflarındakı komandadan gözləntilər çox olur. Eyni zamanda, hər bir ölkədə bank rəhbərliyində çalışan işçilər qarşısında həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə xüsusi tələblər qoyulur. 

Azərbaycanda banklarda rəhbər vəzifələrdə çalışan şəxslərin təhsilindən tutmuş, əmək fəaliyyətinə qədər bütün tələblər "Banklar haqqında” qanunla tənzimlənir. Bu qanun 16 yanvar 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanaraq qüvvəyə minib. Qanunun 10-cu maddəsində bank inzibatçılarına, yəni, bankların idarəetməsində çalışan şəxslərlə xüsusi tələblər göstərilib. Qeyd edək ki, bank inzibatçıları Bankın idarə heyətinin sədri və üzvləri, filial müdirləri, müşahidə şurasının üzvləridir. 

"Banklar haqqında” qanunun 10-cu maddəsində inzibatçıların kimliyi, yaxın qohumluq əlaqələri, təhsili, iş təcrübəsi və s. daxil olmaqla bütün incə detallar öz əksini tapıb. Burada əsas məqamlardan biri də maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqədar ləğv olunmuş, yaxud müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir il ərzində bankda qərarların qəbul edilməsi proseslərində iştirak etmiş, yəni həmin bankın rəhbərliyində olmuş bir şəxsin üç il ərzində başqa bankın inzibatçısı ola bilməməsi barədə müddəadır. Bu müddəanın mahiyyəti ondan ibarətdir ki, bir bankda rəhbər vəzifədə işləyən şəxs və ya şəxslərin yanlış idarəetmə strategiyası, səhv qərarları səbəbindən, əgər bank müflis olubsa, o şəxslər 3 il ərzində başqa heç bir bankda rəhbər vəzifə tuta bilməzlər. 
 
Maraqlı burasındadır ki, hazırda ölkənin maliyyə sistemində son dərəcə həssas bir durumun yaşanmasına və belə bir durumda qanunvericiliyə ciddi əməl edilməsi zərurətinə baxmayaraq, "Banklar haqqında” qanunun həmin tələbinə riayət edilmir. Bunu, ölkəmizin ən böyük bankı, son illər ətrafında kifayət qədər səs-küylü qalmaqallar baş verən Azərbaycan Beynəlxalq Bankına münasibətdə də görə bilərik. Məlum olduğu kimi, hazırda bu banka rəhbərliyi Xalid Əhədov edir.  

04 iyul 2016-cı ildə Maliyyə Bazarlarına Nəzarət Palatası Xalid Əhədovu "Bank Standard”ın baş direktoru təyin edərək bankın idarə olunmasını ona tapşırdı və 02 avqust 2016-cı ildə Xalid Əhədov "Bank Standard”ın İdarə Heyətinin sədri vəzifəsinə təyin olundu.

Həmin dövrdə həm bank sektorunda, həm də,  "Bank Standard”ın  müştəriləri arasında bir inam yarandı ki, bank sistemində baş verən qeyri-müəyyənliyə dövlət müdaxiləsindən sonra, nəhayət, vəziyyət normallaşacaq. Amma bir müddət keçəndən sonra "Bank Standard”da işlərin qaydasına düşəcəyi, bankın əvvəlki gücündə işləyə biləcəyi haqqında ümidlər sönməyə başladı. Xalid Əhədovu bu banka rəhbər təyin etmiş Maliyyə Bazarlarına Nəzarət Palatası onun uğursuz fəaliyyəti və yanlış qərarları ucbatından 01 oktyabr 2016-cı il tarixində "Bank Standard”ın  lisenziyasını ləğv edərək fəaliyyətinə xitam verəsi oldu. 

Amma bundan təxminən iki ay sonra, 08 dekabr 2016-cı il tarixində, qeyd etdiyimiz kimi, ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankının idarə olunması Xalid Əhədova tapşırıldı. Belə ki, həmin tarixdə Xalid Əhədov Beynəlxalq Bankın İdarə Heyətinin üzvü seçilməklə yanaşı, sədr vəzifəsinin də icrasına başladı. Bura qədər hər şey normal görünə bilər, amma orası təəccüblüdür ki, yuxarıda göstərilən "Banklar haqqında” qanunun 10-cu maddəsinin tələblərinə zidd olan bu təyinata bir aydır ki, heç bir qurum aydınlıq gətirmir və bu halı görməzdən gəlir. 

Maliyyə Bazarlarına Nəzarət Palatasının qanunlara əlavə və düzəlişlər etmək səlahiyyəti yoxdur. Azərbaycanda bütün qanunlar ölkənin ali qanunverici orqanı olan Milli Məclis tərəfindən qəbul edilir və Prezidentin imzasından sonra qüvvəyə minir. Qanunlar bütün ölkə vətəndaşları üçün eynidir. Burada hər hansı istisna hal nəzərdə tutulmayıb. Bu halda, qanunun tələblərinə zidd təyinatın anlamı nədir?! 

Ona görə də indi bir çoxlarında sual yaranır ki, yoxsa Azərbaycan Beynəlxalq Bankını da, "Bank Standart”ın taleyimi gözləyir və həmin bankın bağlanmasına səbəb olmuş Xalid Əhədov Beynəlxalq Banka da eyni məqsədlə gətirilib və Palata da elə buna görə susur?!



Xalid Əhmədov

Azərbaycan Prezidentinin imzaladığı və ölkənin bank-maliyyə sektorunda münasibətləri tənzimləyən əsas qanunun bu şəkildə pozulmasına, bütün hallarda Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən cavabı olmalıdır.

Bizim Xalid Əhədovun personasına sözümüz yoxdu, sadəcə olaraq, onun timsalında Maliyyə Bazarlarına Nəzarət Palatasının yol verdiyi qanunsuzluğu ictimai diqqətə çatdırmaq istəyirik. 
 
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 
 
(Musavat.com)




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook