SON XƏBƏR

AZƏRBAYCAN CÜMHURİYYƏTİ QURUCULUĞUNDA SİYASİ ƏXLAQ

Sentyabr 26
14:40 2018
İnsan anlayışı bütün maddi-mənəvi inkişafın əsasında dayanmaqla ümumbəşəri səadətin ana xəttidir. Tarixən formalaşan "imperializm” anlayışı isə insani dəyər adlı nə varsa hamısını məhv etməklə insanlığın xarabalığı üstündə nəyin bahasına olursa olsun hökmranlığa cəhd göstərməkdir. IX əsrdən başlamaqla XX əsrdə bu anlayış Rusiya imperializmində daha qabarıq müşahidə edilmişdir. Azərbaycan da (əhalisinin məhz müsəlman olması səbəbindən) bu imperializm buxovunda hər növ azadlığını itirməyə, xüsusi amansız qəddarlıqlara məruz qalmışdır. Lakin əxlaqa, min illərlə formalaşan ənənəyə, sivil mədəniyyətə və mənəviyyata malik olan bir millətin böyüklüyü özünü göstərdi. Şərqdə ilk demokratik, şəxsiyyət-cəmiyyət-dövlət suverenliyinə əsaslanan dövlət olan Azərbaycan Cümhuriyyəti quruculuğu ilə nəticələnən milli azadlıq hərəkatı başladı. Bu hərakat və siyasi əxlaq Məhəmməd Əmin Rəsulzadənin simasında Azərbaycan, Turan, bütövlükdə Şərq tarixinə milli dövlətin şanlı nümunəsi olaraq nəqş olundu. Olduqca qürurlu və şərəfli hadisədir ki, müasir Azərbaycan Respublikası, Azərbaycan Cümhuriyyətinin varisidir və dövlət atributları Cümhuriyyət qurucularının yadigarıdır. 
 
Siyasi əxlaq anlayışından bəhs edərkən öncə bu anlayışa (müəyyən mənada) aydınlıq gətirilməli və qeyd edilməlidir ki, əxlaq və siyasət hər ikisi fəlsəfənin bir hissəsi olaraq formalaşmış, fəqət sonradan ayrılmış elm sahələridir. Əxlaq da, siyasət də cəmiyyətin, dövlətin quruculuğunda, tənzimlənməsində və idarə edilməsində eyni dərəcədə əhəmiyyətə malikdir. Deməli, sosial həyatın bu hər iki sahəsi eyni təməldən qaynaqlanır. Əslində əxlaq siyasətdən daha əvvəl bir hadisə olmaqla xeyli dərəcədə, siyasəti doğuran və ifadə edən fenomendir. Başqa sözlə, siyasət hansısa bir formada əxlaqın nəticəsi kimi mövcuddur. 
 
XIX siyasət əsrin sonlarından etibarən müstəqil tədqiqat sahəsi olmuş və sonralar (ifrata vararaq) əxlaqı öz kölgəsi altına almış, beləliklə də əxlaq siyasətə tabe edilmişdir. Bu prinsip, "məqsəd vasitəyə haqq qazandırır" deyən, lakin hər bir vasitə məqsədin bir hissəsidir məntiqini qəbul etməyən Nikkolo Machiavellinin "Hökmdar” ve "Düşüncələr” kitabında daha qabarıq surətdə öz əksini tapmışdır. Bu zəmində siyasətin və əxlaqın təsirləndiyi qaynaqlar tamamilə ayrılmışdır. Nəticədə, siyasət daha çox kapitala, iqtisadiyyata, əxlaq isə daha çox mənəviyata, mədəniyyətə əsaslanmışdır. 
 
Siyasətlə əxlaqın qarşılıqlı münasibətlərinə dair üç əsas baxış vardır.
 
1.Əxlaqın siyasəti qiymətləndirici meyarlığı. Bu, öz qaynağını bəşəriyyətin, özəlliklə də Şərqin ən görkəmli nümayəndələrindən olan Konfutsinin və İslam aləminin əvəzedilməz dahisi olan İmam Əlinin təlimlərindən götürmüş, M.Qandinin hərəkatlarında müasir bəşəriyyətə məlum olan əxlaqi dəyər və normalardır. Xüsusən, əxlaqı siyasətin kriteriyası zəmində İNSAN, azadlıq və ədalət, qeyri zorakılıq və humanizim ideyalarını rəhbər tutan prinsipdir.
 
2. Siyasətlə əxlaqın vəhdətliyi. Bu, əxlaqla siyasətin qarşılıqlı əlaqələrini davam etdirməklə qoyulan məqsəd istiqamətində seçilən vasitələrdən əxlaqi dəyərlərə müvafiq olaraq istifadə etmək prinsipidir.
 
3. Əxlaqın siyasətdə tabe edilməsi (makiavellizm). Bu, N.Machiavellinin (1469-1537) (yuxarıda qeyd edilən) ideyasına əsaslanmaqla siyasi maraqlara uyğun məqsəd qoymaq və həmin məqsədə çatmaq üçün bütün qeyri-əxlaqi vasitələrdən "yararlanarak irəliləmək”, hətta heç bir əxlaqi norma gözləmədən, "nəyin bahasına olursa olsun” amalı ilə həyata keçirilən prinsipdir. Bir qədər obrazlı səslənsə də, əxlaqın siyasətə tabe edilməsi Mirzə Ələkbər Sabirin "Təki mən salim olum, cümlə cahan batsa da batsın” tənqidi misrasında daha dolğun ifadə olunur.
 
Yuxarıda qeyd edilənlər arasında birinci və ikinci insani dəyərlərin qorunmasına və inkişafına yardım və xidmət edən sistemlərdir. Bu istiqamətdə ağıl və vicdan, azadlıq və ədalət, diqqət və qayğı, cəsarət və ismət, təvazökarlıq və səmimiyyət, dürüstlük və məsuliyyət kimi dəyərlərə dayaqlanan siyasi sistemin fəaliyyəti əxlaqla siyasətin üzvü vəhdətliyini əks etdirir və həmin fəaliyyət SİYASİ ƏXLAQ adlandırılmalıdır. Bu anlayış, yalnız maraq deyil, həm də (konsturuktiv və obyektiv surətdə) insan fenomenini rəhbər tutaraq şəxsiyyət-cəmiyyət-dövlət vəhdətliyini və süverenliyini, xüsusən də bütövlükdə dövlət müstəqilliyini (ideoloji baza olaraq) təmin edir.
 
Üçüncü, yəni əxlaqın siyasətdə tabe edilməsi isə hiylə, yalan, saxtakarlıq, korrupsiya, oğurluq, zor, işgal, zülüm, sitəm kimi heyvani hisslərə dayanan makyevalizmdir və gerçəkdə, özünün fəlakətli fəsadlarıyla Şərq-Qərb düşmənliyinə səbəb olmaqla artıq insanın yox olma risqinə yol açmışdır.
 
Qeyd edilməlidir ki, siyasi dəyərlər, siyasi mədəniyyət, qeyri-zorakılıq və humanizm siyasi əxlaqın əsas amilləridir. Həqiqətə sədaqət və reallığa adekvatlıq, siyasi inam və dövlət maraqlarının qorunması, ardıcıllıq və davamlılıq, siyasi məsuliyyət və siyasi müstəqillik, siyasi əxlaqın əsas funksional prinsiplərindəndir. Bu prinsiplər Azərbaycan Cümhuriyyəti quruculuğunun təməlində dayanan siyasi əxlaqdır və Cümhuriyyət bürokratiya, siyasi inhisarçılıq, müstəmləkəçilik, hər cür avtoritorizm-totalitarizm, zorakılıq və imperializm kimi qeyri-əxlaqi siyasi sistemlərə qarşı sivil, hüquqi mücadilə olaraq meydana gəlmiş bir dövlətdir.
Hələ 1501-ci ildə Şah İsmayıl Xətainin simasında reallaşan Türk-Azərbaycan Səfəvi dövləti Azərbaycan xalqının milli təfəkkürünün, siyasi şüurunun, milli-siyasi əxlaqının təzahürü olmaqla tarixi zənginliyinin bariz nümunəsdir. 
 
XX əsrin II onilində Azərbaycanın Cümhuriyyəti də xalqın həmin milli təfəkkürünün nəticəsi olaraq meydana gəlmişdir. Lakin I Pyotrun cızdığı planlar tədricən ardıcıl olaraq həyata keçirilmiş, 1804-cü  ildə Gəncə, 1806-cı ildə Bakı ruslar tərəfindən işğal olunmuş, 1809-cu ildə yaradılan xəritədə Arazın şimalından Azərbaycan adı silinmiş, Qafqaziya adı ilə əvəz edilmiş və nəhayət, 1813-cü ildə "Gülüstan”, 1828-ci ildə  isə Azərbaycan "Türkmənçay” müqaviləsi ilə fars və rus şovinistləri arasında parçalanmışdır. Bununla belə bu istilaçılıq öz milli təfəkkürünə, milli- mədəniyyətinə sadiq bir millətin iradəsini, milli şüurunu sındıra bilməmişdir. 1890-cı ilin yanvarında "Tərcüman”da həmin il noyabrın 16-da isə "Kəşkül” dərgisində "Azərbaycanlı” imzası ilə məqalələr çap olunurdu. "1891–ci il Mayın 1-də "Kaspi” qəzetində Məhəmmədağa Şahtaxtlının "Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı” məqaləsində "bu xalqı Azərbaycanlı adlandırmaq” tələbi irəli sürülürdü”. (Şəmsizadə N. Azərbaycançılıq. Bakı, Nurlar. 2006. 192 s.) 
 
Azərbaycan Cümhuriyyətinin meydana gəlməsində ideya rüşeymləri etibarilə böyük xidmətləri olan iki böyük türkçü Mirzə Fətəli Axundzadə və İsmayıl bəy Qaspirallı öz "Tərcuman” məcmuəsində "Türkçülüyü” təbliğ edirdilər. XX-əsrin başlanğıcında imperiya əsarətində əzilən Azəri-türkünün hüquqlarını müdafiə etmək üçün Əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Qaspiralı, Yusif Akçoran, Sədri Məqsudi və Fateh Kərim birgə "Rusya Müsəlmanları İttifaqı” adlı partiya yaratmışlar. Məqsəd də əsarət altındakı türkləri bir amal uğrunda birləşdirib irticaya qarşı mübarizə aparmaq, İmperiya zülmündə əzilməkdən xilas etmək idi. XX əsrin əvvəllərində "Türk qanlı, İslam imanlı, firəng qiyafəli” (Tağıyev Ə.M. Azərbaycanda milli hərəkat ideyalarının yaranması və tarixi təkamülü. XIX əsrin sonu XX əsrin  əvvəlləri. Bakı, APU. 1994. 86 s.) ideyası ilə Əlibəy Hüseynzadə İstanbuldan, Əhmədbəy Ağaoğlu Parisdən Bakıya gəlmiş, az müddət öncə Rusiyadan qayıtmış Əlimərdanbəy Topçubaşov da onlarla birləşmiş və Bakıda fikir-ideya savaşı üçün əl-ələ vermişlər. "Bu üç görkəmli şəxsiyyət o zamana qədər Azərbaycanda hakim olan şiəlik və sünnülük anlaşılmazlıqlarını aradan qaldıraraq bütün Azərbaycanlıları "Türkçülük, İslamçılıq və bəşərilik” ideyası ətrafında toplamağa çalışmışdır”. Qoca Elşad. Azərbaycan  Xalq Cümhuriyyətinə aid. Azərbaycan Təhlükəsizlik və xüsusi xidmət  orqanları: 1918-1920. Bakı. 2000. 144 s.) 
 
Azərbaycan Cümhuriyyətinin quruculuğunda ilkin müşahidə edilən siyasi əxlaq məhz milli bütövlüyə doğru irəliləmə prinsipidir. Cümhuriyyətin meydana gəlməsi zərurətdən doğan bir həqiqət idi. Öncə ona görə ki, mayasında azadlıq, istiqlal olan bir xalqın ruhunda daima milli dövlət israrı vardır. Digər bir tərəfdən də imperialist çarlığın forma müxtəlifliyi dəyişkən olsa da mahiyyəti dəyişməz olaraq istilaçılıqdan, işğalçılıqdan ibarət idi. Türklüyə, müsəlmanlığa tapınan, dünyanın qovşağında yerləşən Azərbaycan rus-xristian imperialistliyi tərəfindən mütəmadi təcavüzə məruz qaldı. Azərbaycan xalqının çəkdiyi müsibətlər, acılar artdıqca azadlığa, istiqlala qovuşmaq intizarı da bir o qədər şiddətlənirdi. 
 
Azadlıq ideyasının sosial mühitin şüuruna hopması üçün yuxarıda adları qeyd edilən fədakar ziyalıların, dövrün elitar təbəqəsinin hərakatı Cümhuriyyət ideyasının mövcudluğunu labüdləşdirirdi. Bu, öncə əsası Həsənbəy Zərdabi tərəfindən qoyulmuş, mətbuat vasitəsi ilə həyata keçirilirdi. "Belə bir vaxtda iki böyük şəxsiyyət Cəlil Məhəmmədquluzadə və Məhəmməd Əmin Rəsulzadə Türkçülük və İslamçılıqla müvazi (yanaşı R. R) olaraq "Azərbaycançılıq” ideyasını da irəli sürürdülər” (Rəsulzadə M.Ə. "Azərbaycan Cümhuriyyəti”. Bakı, Elm. 1990. 116 s.) Səttarxanın "Mən və arkadaşlarım özümüzü başqasının bayrağı altında deyil, öz bayrağımızın altında görmək istəyirik” ideyaları M.Ə.Rəsulzadnin siyasi görüşlərinə təsir etmişdi və o yaxşı bilirdi ki, Çar İmperiyası ilə Şah İstibdad Üsul İdarəsi arasında heç bir fərq yoxdur. Hər ikisi də zülümkardır və Azərbaycanı əsarətdə saxlamağa çalışırlar. Onlar bir-birinə düşmən olsalar da Azərbaycanın azadlıq hərəkatı, birləşmək imkanı, güclənəndə ümumi dil tapıb ikitərəfli işğalçılıq maraqları üçün yaxınlaşa bilərlər. 
 
M.Ə.Rəsulzadənin ideoloji qaynaqlarından biri də İslam Şərqində milliyyət şüurunun yaranmasında böyük rolu olan, məhşur İslam mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin "Milliyyət xaricində səadət yoxdur” şüarı və milli birlik fəlsəfəsi olmuşdur. Əsası Əlibəy Hüseynzadə tərəfindən qoyulan, sonralar Ziya Göyalpın davam etdirdiyi "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” ideyası da Rəsulzadənin siyasi əxlaq sistemində ideoloji baza olaraq əsaslı və həlledici yer almışdır. Rəsulzadə qeyd edirdi ki, "mərhum Ziya Göyalpın "Türk Yurdu”nda dərc olunan "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” məqalələri məni vəcdə gətirirdi... Azərbaycan türklüyünün bu istiqlalını tər-təmiz edəcək bayrağı da yaşıl, al və mavi qumaşlardan düzəldildi” (Rəsulzadə M.Ə. "Azərbaycan Cümhuriyyəti”.  Bakı, Elm. 1990. 116 s.). 
 
M.Ə.Rəsulzadə mühacirətdən doğma Vətənə qayıdır, 1911-ci ilin Oktyabrında Bakıda Tağı Nağı oğlu, Məhəmməd Əli Rəsulzadə və Abbas Kazımzadə tərəfindən yaradılan "Müsavat” partiyasına üzv olur və həmin partiyanın öncüllərindən biri kimi fəaliyyət göstərir. Qeyd edim ki, 1906-cı ildə Gəncədə "Dram cəmiyyəti” adı ilə gizli bir təşkilat yaradılmışdı. 1917-ci ilə kimi fəaliyyət göstərən bu təşkilat çarlığın devrilməsindən sonra "Türk Ədəmi Mərkəziyyət” adı ilə açıq fəaliyyətə başlamışdır. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi bu partiyanın əsas məqsədi rus əsarətindəki türk ellərinin ərazi muxtariyyatına nail olmaq olmuşdur. Bununla əlaqədar olaraq partiya Gəncədə çox mühüm işlər görürdü. 1917-ci ilin aprelində Bakıda Qafqaz  müsəlmanlarının qurultayı keçirilirdi. Qurultayda "Müsavat” və "Türk Ədəmi Mərkəziyyət” partiyasının birləşdirilməsinin razılığı əldə edilmişdir. M.Ə.Rəsulzadə "insanlara hüriyyət, millətlərə istiqlal” ideyası ilə əslində milli məfkurənin insani, mədəni və ümumbəşəri mənasını izah edir, onun gələcək perispektivini yalnız və yalnız kamillikdə, elm və maarifdə bilirdi. "Bu vaxtda bizə lazım və vacibdir ki, hümmət edib elm öyrənməyə, öyrətməyə və öyrətdirməyə səyi-kuşi qılaq. Elmsiz heç bir nöqsanımız götürülməyəcəkdir” (Rəsulzadə M.Ə.  "Azərbaycan  Cümhuriyyəti”.  Bakı,  Elm.  1990. 116 s.)   -deyirdi Rəsulzadə! 
 
Məhz buradan bünövrə xarakterli olan başlanğıc elmə, təfəkkürə əsaslanmaq, ümumxalq maarifi hərəkatı siyasi əxlaqın ən bariz nümunəsidir. O, Bakıya döndükdən sonra "Osmanlı dili” ilə "Türk dili” arasında baş verən aramsız münasibətləri, (bəlkə də müəyyən mənada münaqişələrə) Osmanlı dilində nəşr olunan "Şəlalə” dərgisində "Dil ictimai bir amil”, "Yeni dilçilər”, "Türkçülər” və digər başlıqlı silsilə məqalələri ilə bir "Türk dili”nin də varlığını, onun ədəbi-bədii-fəlsəfi zənginliyini geniş ictimyətin diqqətinə çatdırdı. Eyni zamanda, bu dilin ümumxalq dili olduğunu bir daha diqqətə çatdırdı və 1915-ci ildə təsis etdiyi "Açıq Söz” qəzetini Türk dilində nəşr edirdi.  
 
M.Ə.Rəsulzadə qurulacaq Cümhuriyyətin əsasını xalqın öz təbii-milli-mənəvi varlığına əsasən təsəvvür edirdi. "Azərbaycanlılar milliyət etibarı ilə Türk, din etibarı ilə İslam, mədəniyyət əsasi ilə Şərqlidirlər” deyirdi. Elə bu məfkurə üzrə də Cümhuriyyətin idioloji əsası müəyyənləşdi. O, ictimai mühiti özünə cəlb etmişdi və "Müsavat” partiyası, "Açıq Söz” qəzeti də onun rəhbərliyi altında fəaliyyət göstərirdi. Bu ərəfədə "Azərbaycana  muxtariyyət yerinə məzarıstan” verəcəklərini elan  edən, cibində V.İ.Leninin imzası ilə təsdiq olunan sənədlə Türkiyə və Azərbaycan ərazilərində "Ermənistan” yaratmaq xülyasında bulunan S.Şamuyanın başçılıq  etdiyi quldurlar "Daşnaqsutyun”la "Bakı Soveti”nin əlbirliyini yaratmaqla Bakıda on mindən artıq müsəlman türkünü, Rəsulzadənin dili ilə desək "füqəra sinifindən  olmaq üzərə minlərcə qadın, çocuq və silah daşımalarına imkan bulmayan ixtiyarlar qətl edildi”. 
 
1918-ci ilin Martında Azərbaycanda qətliam törədən rus inqilabçıları bolşeviklər və onların müti kölələri olan erməni qudlurları Rəsulzadənin rəhbəri olduğu "Musavat” partiyası binasını və baş redaktoru olduğu "Açıq söz” qəzetinin mətbəəsinə od vurub yandırdılar. Ona görə ki, hələ bir il öncə 1917-ci ilin Aprel ayında Bakıda toplanan "Qafqaz İslam Qurultayı”nda, həmin ilin Mayında Moskvada toplanan "Rusiya Türkləri Böyük Konqresi”ndə Rəsulzadə milli dövlət ideyasını israrla və müvəffəqqiyyətlə müdafiə etmişdi. Bu hadisə  türklər arasında onun şöhrətini ucaltmış, onu bütün məhkum türklərin rəmzi liderinə çevirmişdir. 1918-ci ilin Fevralında yaranan "Zaqafqaziya Seymi”ndə Qafqazın Rusiyadan ayrılmasını, müstəqil və konfederativ bir dövlət olaraq elan edilməsini, müstəqil Qafqaz dövlətinin Türkiyə ilə əlaqələr quraraq Rusiyadan ayrı barış aktını imzalamasını müdafiə edirdi. Bu müdafiə Mart ayı ərəfəsində öz nəticələrini verməyə başlamışdı. 
 
Azərbaycan xalqının müsəlmanlığı Çar despotizminin və bir qədər sonralar onun başqa bir forması olan bolşevizmin işğalçılıq qərəzini birə-beş artırırdı. İşğalçılıqda  məqsəd təkcə Bakı nefti, geosiyasi strateji maraqları və bu kimi onlarla amillər deyil, həm də, xüsusilə xristianlıqla ziddiyət təşkil edən İslam sivilizasiyası idi. "Əcaba müsəlmanlığın, türk məhəlləsinin qəbahəti nədir?! Bu qəbahət rəsmən "Müsavat” firqəsi ilə "Milli Komitə”yə ətf olunmuşdu... Fəqət  nəticə? On minlərlə müsəlman əmələ (işçi) və fədaisi  məqtul... "Təzəpir Məscidi” camiənin minarələri mərmi ilə dəlinmiş, milli təşkilata məxsus "İslamiyyə”, xəlq yurdu ilə ilk türk əfkari-ümumiyyəsinin mürəvvəci əfkarı bulunan (təfəkkürünə rəvac verən R.R.) "Açıq Söz” idarəsini yaxmışdır” (76,33). "Bu vəziyyətdən milləti qurtaracaq yeganə bir çarə vardı –Türkiyə! Ümidlər həp oraya mədfun idi. O, qardaş  millət gələcək, bizi  düşmən  əlindən  qurtaracaq. Xəlqin bundan başqa bir ümidi qalmamışdır” (Rəsulzadə M.Ə. "Azərbaycan Cümhuriyyəti”. Bakı, Elm. 1990. 116 s.). 
 
Azərbaycanın xilasını təsvir edən M.Ə.Rəsulzadə qey edir ki, "Gəncə Nuru Paşanı xilaskar bir mələk kimi tələqqi etmişdi. Xalqın kəndisinə yapdığı istiqbal Gəncə tarixində görülməmişdi... Nuru Paşa məiyyətindəki ordunun müavinəti ilə bir az zaman içərisində Bakı vilayətindən maəda, bilcümlə Azərbaycanda tamam təmin edildi... Altı ay xuni-cigər yeyən əhvali-islamiyyəsinin üzü gülüyor. Qurban bayramı kimi məsud bir gündə Bakı təkrar kəndi sahiblərinin əlinə keçiyor”. Həmin vaxt İstanbulda Avropa dövlətlərinin iştirakıyla keçirilən konfransda Azərbaycandan olan nümayəndə heyətinə başçılıq edən Rəsulzadə xatırlayır: "Ənvər Paşa Həzrətləri  telefon edyorlardı - Əmin bəy Bakı alındı! Bu qısa xəbərin məndə tövlid etdiyi (yaratdığı R.R.) təsiri təsvir edəməm, o təsiri hələ unudamıyorum” (Rəsulzadə M.Ə.  "Azərbaycan Cümhuriyyəti”. Bakı, Elm. 1990. 116 s.). 
 
Nəhayət, 1918-ci il 28 May İstiqlal Bəyannaməsi ilə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Cumhuriyyəti bütün dünyaya elan olundu və 1918-ci ilin  dekabrın 7-də Azərbaycan Parlamentinin açılışında söylədiyi nitqində Rəsulzadə demişdir: "Sağdan bizə deyirlər ki, Azərbaycançılıq şüarı ilə siz müsəlmanları  parçalayırsınız, Türkçülük bayrağı qaldırmaqla siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirlər ki, Azərbaycan muxtariyyatını tələb edərək biz vahid demokratik cəbhəni yaradırıq... Müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir...” (6).
 
Cümhuriyyət quruculuğundakı hadisələr zaman etibarilə qısa olsa da məna etibarilə böyük və qan yaddaşına çevrilən dəyərlər kimi tariximizdə şanlı səhifələr yaratdı. 
 
Cümhuriyyət qısamüddətli fəaliyyətində bütün Turan və Şərq aləminə nümunə olacaq bir irs qoymuşdur. Rəsulzadənin fikrilə desək "Azərbaycan Avropaca tanınan, yeganə bir İslam mövcudiyyəti idi. Bu yeni türk hökuməti, eyni zamanda bütün aləmi-İslamda ilk dəfə təşəkkül etmiş bir Cümhuriyyət idi” (76,57). Hətta həqiqət  naminə qeyd etmək lazımdır ki, Azərbaycan Cümhuriyyəti Türkiyə dövlətçilik tarixində də yeni bir siyasi şüurun formalaşmasına nümunə olmuşdur. M.Ə.Rəsulzadə "Əsrimizin Siyavuşu” əsərində qeyd etdiyi kimi, Turançıliq, Türkçülük ədəbi məsləki Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan ən davamlı bir bağ, mətanətli bir ip idi. Turançılıq, "Türkləşmək, İslamlaşmaq və Müasirləşmək” şüarını yaratmışdır. İstanbul vətəndaşları bu şüarı nəzəri bir surətdə yaymaqda ikən Azərbaycan turançıları bunu siyasi bir fəlsəfə qəbul edərək qurduqları siyasi bir partiyanın prinsipi qəbul edir. Digər tərəfdən, M.Ə.Rəsulzadə rus despotizminin iç üzünü açıb bolşevik inqilabının mahiyyətini və nəticəsini bəyan edərək yazırdı: "İnqilab dünyanın altıda birini tutan Rusiya yaratmaqlamı müvəzzəf idi? Qətiyən deyildi. İfrata varan sinif hürriyyətləri əlbəttə ki, təqyid olunacaq və mötədil bir şəklə gətiriləcəkdir. Çünki hürriyyətin bu şəkli hüriyyət deyil bir afətdir” (Rəsulzadə M.Ə.  "Azərbaycan Cümhuriyyəti”. Bakı, Elm. 1990. 116 s.). 
 
M.Ə.Rəsulzadənin inqilabı belə xarakterizə etməsinin özü də ifrat və təfriti (həddən artıqlığı və həddən azlığı) tənzimləyən siyasi əxlaq nümunəsidir. Başqa sözlə, siyasi meyar məsələsini də önə gətirirdi. Yeri gəlmişkən bu inqilabın hansı əsaslar üzərində baş verməsini, xüsusən inqilab lideri olan Leninin siyasi əxlaqsızlığı və bolşevik hökmranlığı ilə bütövlükdə müsəlman Şərqinin siyasi əxlaqsızlıqla üzləşdiyini siyasi məntiqlə göstərən Rəsulzadə yazır: "Petroqratda hökuməti əldə edər etməz Lenin bütün cahan müsəlmanlarına xitabən bir bəyannamə nəşr eyləmişdir. Bu bəyannaməsində O, əsarət altında bulunan Şərqə "peyğəmbər”anə bir əda ilə hürriyyət və istiqlal vəd ediyordu. Bu bolşeviklərin daha mövqelərini təmin etmədikləri ilk günlərdə idi. Fəqət bolşevik hakimiyyəti təqviyyə (güc) bulduqca sözlə  işin nə dərəcədə təvafüq etmədiyini (uyğun olmadığını R.R.) bir dəfə daha təhqüq etdi. "Təyini  müqəddarat haqqı hər kəsin deyil ərbabı-səyindir” deyə ortaya yeni təfsirlər çıxdı. Azərbaycan muxyariyyəti demokratiyasinin deyil, "xanların”, "bəylərin”, "ağalarındır” deyə iddia dəyişdi. Lenin mərkəzdə mövqeyi möhkəmlndirdikcə vilayətlərdəki həvarisi (köməkçiləri) həman mərkəziyyətçi və "böyük rusiyaçı” şəkil və simasını almaya başladı” (Rəsulzadə M.Ə. "Azərbaycan Cümhuriyyəti”. Bakı,  Elm. 1990. 116 s.). 
 
Rusyanın yaratdığı belə bir vəziyyətdə Azərbaycanda durum olduqca ağır və ziddiyyətli olduğundan hadisələri idarə etmək çox çətin idi. Lakin hər bir məqamda müdrik və mətanətli olan Rəsulzadə baş verən hər şeydən məlumatlı idi, olayları nəzarətdə saxlayırdı. 
 
Azərbaycan Cümhuriyyəti quruculuğundakı siyasi əxlaq, əsas etibarilə dörd sütundan ibartədir: 
 
I. İdeoloji. 
II. Milli. 
III. Elmi-Ədəbi. 
IV. Siyasi. 
 
İdeoloji istiqamətdə əsasən dil və din problemləri qoyulmuşdur. Rəsulzadə gözəl bilirdiki, dil siyasəti milli dövlət ideologiyasının ən ciddi bir qayəsidir. Füzulinin təsirilə əbədi abidələr yaradan Şah İsmayıl Xətainin Azərbaycan dilini "Türk-Səfəvi-Dövləti”nin rəsmi dili elan etməsinə işarə edən Rəsulzadə ana dilinin müqəddəsliyini uca tutmaqla Şah İsmayıl Xətai irsinin daşıyıcısı, onun layiqli ardıcılı olaraq bu dili Azərbaycan Cümhuriyyətinin rəsmi dili elan etmişdir. Bu əsasla demək olar ki, Azərbaycan Cümhuriyyəti quruculuğundakı siyasi əxlaq nümunələrindən biri də "Azərbaycan Klassik Ədəbiyyatı”nı milli ideologiyanın özülü kimi qəbul edilməsi prinsipidir. Elə bu zəminlə də millətin bir daha mədəni özünəqayıdışı, mənəvi özünüdərki və milli özünütəsdiqi üçün "Türkü kəndi "Sədi”sindən, kəndi "Tolstoy”undan məhrum etmək olmaz. Türk kəndi Nizamilərini, Nəsimilərini, Füzulilərini, Nəbatilərini, Seyyidlərini, Sabirlərini, Cavidlərini, Cavadlarını öyrənməlidir” (Rəsulzadə M.Ə. "Azərbaycan Cümhuriyyəti”. Bakı, Elm. 1990. 116 s.) -deyirdi Rəsulzadə.
 
Azərbaycan Cümhuriyyətinin siyasi sistemi İNSAN amili və insan azadlığı üzərində qərarlaşır. Bu azadlıq, əsasən beş xüsusda müəyyənləşir. 
 
I. İdeya və fikir azadlığı. 
II. Söz və mətbuat azadlığı. 
III. Cəmiyyət və ictimi birliklər, təşkilatlar azadlığı. 
IV. Vicdan azadlığı. 
V. Şərəf, can, mülkiyyət müdafiə və mühafizə azadlığı. 
 
Azadlıq uğrunda hərakata aparan Rəsulzadə Şərqin taleyində mühüm rol oynayan bir lider haqqına malikdir. O, azadlıq və istiqlal uğrunda təkcə sadə bir imperiya ilə ideya mübarizəsi etmir, həm də elə bir imperiya ilə mübarizə edirdi ki, son dərəcə amansız, əxlaqsız, şüarı ilə ziddiyət təşkil edən canilər, terroristlər imperiyası. Necəki, Rəsulzadə qeyd edirdi: "Bolşeviklər qorxunc ideya ilə silahlanmışdılar. Proletar və fəhlə-kəndli hakimiyyəti adı altında gizlənib özlərininin hegomonluqlarını yaradırdılar. Belə mənfur sifətlərə malik Bolşevik despotizminin müqabilində müdafiə və mübarizə metodları arasında ən zəruri amil kimi maariflənmə pirinsipini irəli sürən Rəsulzadə deyirdi: "Camaatı ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? Maarif, maarif, maarif!” (Rəsulzadə M.Ə.  "Azərbaycan  Cümhuriyyəti”. Bakı, Elm. 1990. 116 s.). Məhz bu ideya zaman-zaman bəşər mədəniyyətini yüksəldən dahi şəxsiyyətlərə xas olan siyasi əxlaq və əxlaqi ardıcıllıq idi. O, maarif prinsipini irəli sürməkdə əslində ən böyük mübarizə metodu seçmişdi. Belə ki, işğalçılığın ən dəhşətli forması şüurun işğal olunmasıdır. Ona görə də Rəsulzadə maarif prinsipilə xalqın şüurunu işğaldan qorumağa nail oldu. Rəsulzadəyə görə Vətən, yəni Azərbaycan və "Azərbaycançılıq” istiqlal ideologiyasıdır. O, 1952 "Milli Əxlaq” məqaləsində milli birliyin qorunmasını milli əxlaqın başlıca şərti hesab edərək yazır: "Azərbaycan dövrü-istiqlalına bolşeviklər "Musavat” dövrü deyirlər. Fəqət xalq buna Azərbaycan dövrü deyir... Xalqın düşüncəsində Azərbaycan məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur” (Rəsulzadə M.Ə. "Azərbaycan Cümhuriyyəti”. Bakı, Elm. 1990. 116 s.). Azərbaycan Cümhuriyyəti quruculuğundakı siyasi əxlaq xalqın və dövrü elitanın milli mənəviyyatından, milli təfəkküründən və milli özünüdərkindən doğulan siyasi əxlaqdır.
 
Qeyd etmək lazımdır ki, M.Ə. Rəsulzadənin öz əlləri ilə yaratdığı üç rəngli bayraq bu gün Avropa Şurasının, Birləşmiş Millətlər Təşkilatının, İslam Konfransı Təşkilatının binası üstündə ucalırsa, bu, Cümhuriyyəti qurucularının xalqa, Vətənə bəxş etdiyi ən böyük şərəf və milli vüqardır. Eyni zamanda misilsiz bir siyasi əxlaq nümunəsidir. "Sözün ciddi mənasında, Azərbaycan xalqının doğuluşu Azərbaycan Cumhuriyyətinin doğuluşu ilə eyni eyni vaxtda baş vermişdir. Xalqlar dövlətləri yaratmır, dövlətlər xalqları yaradır” (Əsədov A. Siyasətin fəlsəfəsi: mahiyyətin gerçəkləşdirilməsinə yönələn iradə və onun tarixi taleyi spirtualist aristokratizm fəlsəfəsi kontekstində //İkinci, yenidən işlənmiş nəşr // Fəlsəfi pentologiya: 5-cild. Bakı, Təknur. 2010, 416 s.).
 
Cümhuriyyət quruculuğundakı siyasi əxlaq həm də ona görə əlamətdar və səciyyəvidir ki, müasir Azərbaycan Respublikasının inkişafı istiqamətində elmi, siyasi elitanın fəaliyyəti üçün onda zəngin dövlətçilik irsi mövcuddur. Burada milli-hüquqi dövlətqurma  prinsiplərinin bütün parametrləri azadlıq, müstəqillik, hüquqilik, demokratiya, siyasi plüralizm, parlamentalizm, xüsusilə, Vətən qarşısında vicdan və ədalətlə xidmət kimi müqəddəs amallara dayaqlanan siyasi əxlaq nümunəsi bu gün və gələcək üçün olduqca əhəmiyyətlidir.

Ruşanzadə Ruşan
 
Siyasi elmlər üzrə fəlsəfə doktoru.
AMEA-nın Fəlsəfə İnstitutunun böyük elmi işçisi, 
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook