SON XƏBƏR

Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır

Aprel 26
11:53 2024
Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Ölkəmizin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafı göz qabağındadır. Uğurlarımızı şərtləndirən əsas amilllərdən biri xarici siyasətimizin prinsiplərinin dəyişməzliyidir. Ölkəmiz hazırda iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqqətindədir. Müxtəlif mövzularda konfransların və forumların Azərbaycanda keçirilməsi ölkəmizin xarici siyasət uğurlarının, eyni zamanda, hər bir sahədə zəngin təcrübəyə, potensiala malik olmasının təqdimatıdır. 
   
Aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirildi.  Universitetdə bu günədək keçirilən beynəlxalq konfranslara diqqət yetirdikdə həm müzakirəyə çıxarılan hər bir mövzunun həmin dövrün çağırışlarını özündə əks etdirdiyini, həm də tədbir iştirakçılarının marağının ilbəil artdığını onların say tərkibinin genişlənməsində aydın ifadəsini tapdığını görərik. Builki tədbirdə 30 ölkədən 64 iştirakçı vardı. Azərbaycanın bu gün beynəlxalq tədbirlərin, konfransların və forumların keçirilməsi üçün xüsusi diqqətdə olması həm sabitlik diyarı kimi nüfuz qazanması, həm də uğurlu və düşünülmüş siyasət nəticəsində hər bir məsələnin həllində zəngin təcrübəyə malik olması ilə sıx bağlıdır. Bu gün həm dünya ölkələrində, həm də Azərbaycanda iqlim dəyişmələri ilə bağlı narahatlıqlar var. Azərbaycan daim iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfələrini verir.  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasında əhəmiyyətli rol oynayacaq. Cənab İlham Əliyev forumdakı çıxışında ölkəmizin bu mötəbər tədbirə yüksək səviyyədə hazırlaşdığını qeyd edərək bu məqama xüsusi diqqət yönəltdi: "Əlbəttə, bizim üçün COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.” 
     
COP29 Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun göstəricisi olmaqla yanaşı, ölkəmizin bərpa olunan enerji sahəsində böyük potensiala malik olmasının, həmçinin iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə davamlı töhfələr verməsinin və onları daha da artırmaq istəyinin təqdimatıdır. Azərbaycan zəngin neft və qaz resurslarına malik olmasına baxmayaraq yaşıl enerjiyə keçidin prioritet məsələ olduğunu açıqlayır. Cənab İlham Əliyev tədbir iştirakçılarının suallarını cavablandırarkən  bu məqamlara xüsusi diqqət yönəltdi ki, artıq Azərbaycan 30 ildir beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq edir. Xəzər dənizinə xarici şirkətləri dəvət edən ilk ölkə Azərbaycan olub və gələcəyimiz daha da parlaqdır. Qazıntı yanacağından istifadəni dayandırmayacaq, lakin, diqqəti yaşıl gündəliyə yönəldəcək. 
     
Dövlətimizin başçısı iştirakçıların suallarını cavablandırarkən hazırkı dövrün əsas çağırışlarından olan iqtisadiyyatın şaxələndirilməsi məsələsindən də geniş bəhs etdi. Bildirdi ki, biz iqtisadiyyatımızı artıq müəyyən dərəcədə şaxələndirə bilmişik. Hazırda neft və qaz ümumi daxili məhsulun yarıdan azını təşkil edir. Lakin ixracımızın təxminən 95 faizi neft və qazdır. Beləliklə, bizim əsas məqsədlərimizdən biri hazırda ixracımızı şaxələndirməkdir. İxracımızı şaxələndirmək üçün təkcə məhsul istehsal etmək kifayət deyil, çıxışımız da olmalıdır: "İqtisadiyyatımızın digər sahələrinə gəldikdə isə nəqliyyatla bağlı ümidlərimiz böyükdür. Artıq dediyim kimi, dəhlizlərin bu qovşağı böyük iqtisadi fəallıq yaradacaq. Həm də biz bu nəqliyyat marşrutlarını təkcə asanlaşdırma və tranzit kimi deyil, həm də marşrutda sənaye qurmaq imkanı hesab edirik. Ona görə də ümid edirik ki, bölgədən istehsalçılar gəlib bu layihələri həyata keçirəcəklər. Biz indi Ələtdə azad iqtisadi zonanın fəal inkişaf mərhələsindəyik, zonada artıq rezidentlər toplaşır. Beləliklə, biz iqtisadiyyatın digər sahələrinin inkişafı üçün əlimizdən gələni etməyə çalışırıq.” 
     
Cənab İlham Əliyev forumdakı çıxışında sonuncu dəfə görüşün ötən ilin  dekabrının  əvvəlində olduğunu önə çəkərək bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurları  diqqətə çatdırdı. Dövlətimizin başçısı regional təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlardan, tarixi Zəfərimizin reallıqları əsasında dünya siyasətində baş verən yeniliklərdən də bəhs etdi. Dövlətlərarası münasibətlərdə etimadın qorunması əsas hədəf kimi qarşıya qoyuldu. 
     
Prezident Əliyevin şəxsi təşəbbüsü və dəstəyi sayəsində iştirakçılar forumdan sonra Ermənistanın işğalından azad olunmuş və artıq məcburi köçkünlərin qayıdışına şahidlik edən gözəl Laçın şəhərinə səfər etdilər. Əvvəlki forumlarda iştirakçılar Şuşada, Ağdamda və Zəngilanda olmuşdular. Bu mühüm addımın reallıqlarımızın təbliğində böyük rolu vardır.  

 Azər İsmayılov, 

 Salyan rayon Aşağı-Muğan Meliorativ Sistemləri İstismarı idarəsinin rəisi



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook