Azərbaycan “EXPO 2017”də milli pavilyonu ilə təmsil olunacaq
İyun 09
11:20
2017
İyunun 10-da Qazaxıstanın paytaxtı Astana şəhərində "EXPO 2017-Gələcəyin enerjisi” Beynəlxalq sərgisinin təntənəli açılış mərasimi keçiriləcək. Azərbaycan "EXPO 2017” də Energetika Nazirliyinin təşkilatçılığı ilə hazırlanan milli pavilyonu ilə təmsil olunacaq.
403,3 kvadratmetrlik əraziyə malik və "Odlar Yurdu - keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanan milli pavilyonda ölkəmizin tarixi-mədəni irsini, zəngin enerji potensialını və gələcəyin enerji mənzərəsinin sərgi iştirakçılarına çatdırılması ilə bağlı layihə Heydər Əliyev Mərkəzinin təklif və rəyləri nəzərə alınaraq hazırlanıb.
Sərgidəki milli pavilyonda Azərbaycanın tarixi-mədəni özəllikləri, müasir həyatı və enerji potensialı xüsusi texnologiyaların köməyi ilə çatdırılacaq. Müasir metodlar izləyicilərin həm məlumatlandırılmasına, həm də əylənməsinə şərait yaradacaq. Üç hissədən ibarət pavilyonun birinci hissəsində Azərbaycanın zəngin tarixi ənənələri, məşhur od məbədi, Qobustan qayaüstü təsvirləri, köhnə və yeni Bakının memarlıq inciləri və sair təqdim ediləcək. İkinci hissədə Azərbaycanın ənənəvi enerjidən alternativ enerjiyə qədər keçdiyi inkişaf prosesi, neft, neft məhsulları, qaz, elektrik enerjisi, külək, günəş enerjisi, palçıq vulkanları ilə bağlı təqdimatlar olacaq. Üçüncü hissədə izləyicilər üçün Azərbaycanda maraqlı virtual gəzinti nəzərdə tutulub. Burada məqsəd Azərbaycanın turizm imkanlarının tanıtımı və ölkəmizə turistlərin cəlbinə nail olmaqdır. Ümumilikdə enerjidən istifadə sahəsində nailiyyətlər və perspektivlər, o cümlədən ekoloji təmizlik, enerji resurslarından istifadə zamanı ətraf mühitin mümkün qədər qorunması, enerji və yeni texnologiyaların qarşılıqlı əlaqəsinin pavilyonda ən müasir tələblərə uyğun tərtibat həllinə nail olunub.
İyulun 9-da isə sərgi çərçivəsində "Milli gün” təşkil olunacaq. Bu mərasim çərçivəsində maraqlı bədii proqramlar təqdim ediləcək.
"EXPO-2017” Beynəlxalq Sərgisinin, əsasən, dünyanın iqtisadi baxımdan nəhəng ölkələrindən (ABŞ, Fransa, Almaniya, Yaponiya, Braziliya, Kanada, İngiltərə, İspaniya və Çin) sonra Qazaxıstanda təşkili enerji sahəsi üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə, həmçinin iştirakçı ölkələrdə tətbiq olunan yeni texnologiyaların mübadiləsinə təminat verəcək. Sərgi enerji təhlükəsizliyinin təminatında qarşılıqlı maraq və ümumi prinsiplərə dair fikir mübadiləsinin aparılması ilə beynəlxalq səviyyəli enerji dialoquna siyasi dəstək verməklə yanaşı, enerji siyasətinin məqsədyönlü həyata keçirilməsində iştirakçı ölkələr tərəfindən irəli sürülən islahatlar və digər aktual məsələlər ətrafında geniş müzakirələrdə ölkəmizin iştirakına şərait yaradacaq.