Azərbaycan Karate Federasiyaları Assosiasiyasının ümumrespublika yığıncağı keçirilib
May 22
10:33
2023
Ölkənin 27 bölgəsindən 200-ə yaxın hakim və məşqçi heyətinin iştirak etdiyi tədbir Bakı İdman Sarayında baş tutub.
21 may 2023-cü il tarixində Bakı İdman Sarayında Azərbaycan Karate Federasiyaları Assosiasiyasının (AKFA) rəhbərliyinin, karate idman növü üzrə hakim və məşqçilərin geniş tərkibdə iştirakı ilə ümumrespublika yığıncağı keçirilib.
Ölkənin 27 bölgəsindən 200-ə yaxın hakim və məşqçi heyətinin iştirak etdiyi iclasda əvvəlcə AKFA-nın İdarə Heyətinin üzvləri çıxış edərək, yeni rəhbərliyin seçilməsindən ötən 3 ay ərzində görülən işlərdən, gələcək planlardan söhbət açıblar.
AKFA-nın prezidenti, Milli Məclisin üzvü Ülvi Quliyev karate idman növü üzrə aparıcı federasiyaların təmsil olunduğu qurumun ötən qısa müddətdə dövlətin yürütdüyü idman siyasəti əsasında, Gənclər və İdman Nazirliyinin tövsiyələri istiqamətində səmərəli fəaliyyətindən bəhs edib. AKFA prezidenti məşqçi və hakimlərin fəaliyyətinin yenidən qurulması, idmançıların, habelə hakimlərin yerli və beynəlxalq yarışlarda iştirakı, karate idman növündə mənfi tendensiyaların qarşısının alınması məsələləri ilə bağlı müvafiq təlimat əsasında assosiasiyanın həyata keçirəcəyi tədbirlər və nəzarət funksiyası haqqında da geniş məlumat verib.
Yığıncaqda çıxış edən AKFA-nın vitse-prezidenti Füzuli Musayev dövlət başçısının tapşırığı ilə idman sahəsində də islahatlar aparıldığını, həmin islahatların tərkib hissəsi kimi rəhbərliyində təmsil olunduğu qurumun işini yenidən və daha mükəmməl şəkildə quraraq karate ictimaiyyətinin birliyi naminə federasiya və klublarla əlbir olaraq çalışacağını dilə gətirib.
İclasın sonunda AKFA-nın prezidenti Ülvi Quliyev tədbirin keçirilməsində mühüm təşkilati dəstəyə görə Bakı İdman Sarayının rəhbərliyinə və Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynova xüsusi təşəkkürlərini çatdırıb.