SON XƏBƏR

Azərbaycan Konqoda bir çox sahələrdə investisiya layihələrində iştirak etmək fikrindədir

Aprel 06
11:28 2024
Prezident İlham Əliyev cari ilin aprel ayının 4-də Bakıda Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata birgə bəyanatı zamanı qeyd edib ki, "Qoşulmama Hərəkatına dörd il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss edib. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini verib və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilib. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması, hesab edirəm ki, hamımızın marağındadır”.

Xatırladaq ki, Azərbaycan Respublikası 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi həyata keçirib və 2024-cü ilin yanvarında bu missiyanı Konqo Respublikasına təhvil verib. İndi isə Azərbaycan-Konqo münasibətlərində mühüm səhifə açılır. İki ölkə prezidentlərinin imzaladığı "Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” bunun üçün mühüm zəmin yaradır. Prezident İlham Əliyev mətbuata bəyanatında sənədin əhəmiyyətini vurğulayıb: "Biz indicə əməkdaşlıq haqqında Bəyannamə imzalamışıq. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək. Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır”.
     
Ölkə rəhbəri diqqətə çatdırıb ki, Qoşulmama Hərəkatına sədrlik dövründə bizim prioritetlərimizin içində neokolonializmə qarşı mübarizə məsələləri də mühüm yer alıb və bu gün də bu belədir. Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır. Bakı Təşəbbüs Qrupunun əsas məqsədi müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir.
     
Azərbaycan Prezidenti həmkarını bu ilin noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a dəvət edib: "Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək, hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”.
     
Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anların yaşandığını qeyd edən Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso bu səfərin iki ölkə arasında bütün sahələrdə gözəl əməkdaşlıq səhifəsini yaratmağa imkan verdiyini bildirib. Konqo rəhbəri Qoşulmama Hərəkatındakı sədrliyi zamanı Azərbaycan Prezidentinin liderliyini alqışladıqlarını söyləyib: "Həmçinin biz Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində–iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək”, – deyə o əlavə edib.
     
 
Bakıya səfərindən məmnunluğunu bildirən qonaq kənd təsərrüfatı, mədənçilik,  bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq üçün geniş potensial olduğunu bildirib: "Biz öhdəlik götürdük ki, ölkələrimiz arasında qeyd olunan bütün sektorlarda bu əməkdaşlıq inkişaf etsin. Prezident də dedi, biz öz nümayəndələrimizə təlimat verdik ki, bu layihələri yekunlaşdırmaq üçün birgə işləsinlər. Biz danışıqlarımızın nəticələrindən çox məmnunuq. Burada bizə göstərilən səmimi və dostcasına qəbula görə çox xoşbəxtik”.
 


Qədir Səmədov,
Salyan rayon Qırxçıraq qəsəbə ümumi orta məktəbin direktor əvəzi



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook