Azərbaycan-Macarıstan hərbi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib
İyun 07
12:56
2023
İyunun 7-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Macarıstanın müdafiə naziri fəxri qarovulun önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib. K.Szalay-Bobrovnicski "Şərəf kitabı”nı imzalayıb.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Müdafiə naziri Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmiş ərazilərdə görülən minatəmizləmə və bərpa-quruculuq işləri ilə bağlı ətraflı məlumat verib.
Eyni zamanda, qeyd olunub ki, hazırda erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Rusiya sülhməramlı kontingentinin keçid məntəqəsi vasitəsilə şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə hərəkəti təmin edilir.
Səmimi qəbula görə minnətdarlığını bildirən cənab K.Szalay-Bobrovnicski azərbaycanlı həmkarını bu yaxınlarda qeyd edilən 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib, dövlətlərimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını vurğulayıb.
Cənab K.Szalay-Bobrovnicski ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Macarıstan ikitərəfli münasibətlərinin bir çox sahədə, o cümlədən hərbi sahədə də uğurla inkişaf etdiyini qeyd edib.
Macarıstanın müdafiə naziri ölkəsinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı dəstəklədiyini və bölgədə dayanıqlı sülhün əldə olunmasına töhfə verməyə hazır olduğunu bildirib.