"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
May 02
17:47
2024
Dünya məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır
Ölkəmiz ənənəvi keçirilən sayca VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Forumun mövzusu özundə hazırkı dövrün əsas çağırışını ehtiva edir. Prezident İlham Əliyev "Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələrini təqdim etməklə yanaşı, bugünümüz və gələcəyimiz üçün qarşıda dayanan hədəfləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qeyd edildiyi kimi, 2024-cü ildə dünyamız daha çox əlaqəli görünür, lakin heç vaxt olmadığı qədər parçalanmış qalır. Bütün çağırışlar qarşısında bizim bir araya gəlmək, parçalanmanı dəf etmək və daha parlaq ümumi gələcəyə doğru yol açmaq üçün nadir fürsətimiz var: Dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirmək. Əsas mesajın ümid olduğu və Azərbaycanın bu ümidi bütün dünyaya yaymağı səmimiyyətlə arzuladığı diqqətə çatdırıldı. Forumda 100-dən çox ölkəni 700 qonağın təmsil etməsi bir daha tədbirin beynəlxalq əhəmiyyətini nümayiş etdirdi. İldən-ilə tədbir iştirakçılarının artan say tərkibi və onların təmsil etdikləri ölkələrin qlobal probemlərin həllində fəal iştirakı bütün dünyanın diqqətini Azərbaycana yönəldir. Bu, həm də onu təsdiqləyir ki, Forum çox mühüm beynəlxalq platformadır.
Vüqar Rəhimzadə diqqəti bəzi Avropa ölkələrinin, xüsusilə də Fransanın neokolonializm siyasətinə də yönəldib. Qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Forumda vurğuladığı kimi, bəzi ölkələrin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub və həmin ölkələrin səsi dinlənilməlidir, onlar yaddan çıxarıla bilməz. Yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalıdır. Biz belə bir məsələyə imkan verə bilmərik ki, XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Dünya məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışı zamanı səsləndirdiyi çağırışlara yönəldib. Qeyd edib ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi 2019-cu ildən bizləri beş illik zaman ayırır. "2019-cu ildə Bakıda görüşümüzdən sonra əfsuslar olsun ki, dünya təhlükəsiz olmayıb” söyləyən Prezident İlham Əliyev bildirdi ki, biz yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük. Belə bir əminlik də ifadə olundu ki, Forum çərçivəsində yeni ideyalar və yanaşmalar formalaşacaq ki, qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantları tapılsın. Ümumilikdə Birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk dəfə Bakıda 2011-ci ildə keçirildiyini nəzərə alsaq ötən 13 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurların miqyasının olduqca böyük olduğunu təsəvvürümzdə canlandıra bilərik. Təkcə sonuncu tədbirdən keçən 5 ildə cərəyan edən hadisələr Azərbaycanın qlobal gücə çevrildiyini sübut edir. Bu dövrdə Azərbaycan tarixi Zəfərə imza atdı, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Cənab İlham Əliyev Forumdakı çıxışında bu məqamı xüsusi qeyd etdi ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi.
Torpaqlarımız 30 il işğal altında qaldı. Bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Qarabağın Azərbaycan ərazisi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapmışdı. Lakin bu qətnamələr 28 il kağız üzərində saralaraq icrasını gözlədi. Səbəb təbii ki, onların tətbiqi üçün vahid mexanizmin olmaması idi. Azərbaycan ən yüksək tribunalardan bəyan etdi ki, BMT qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsi əsas tələblərdəndir. Bəzi hallarda bu qətnamələr 1-2 saat ərzində icra edilir, amma Azərbaycana gəldikdə 28 il gözlədik. Bu qətnamələrin hazırlanmasında və qəbulunda iştirak edən dövlətlər, ən əsası hazırda tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bu sənədlərin icrasına səy göstərmədilər, hətta, Ermənistana açıq-aşkar dəstəkləri ilə diqqətdə oldular. Hadisələrin bu şəkildə davamı, erməni silahlı birləşmələrinin mütəmadi olaraq sərhəddə təxribatlar törətmələri Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsi azad edildi. Ötən ilin sentyabr ayında ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə münaqişədən sonrakı vəziyyətdəyik.
YAP Xətai rayon təşkilatının sədri Forumun mövzusuna uyğun olaraq qeyd edib ki, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi Azərbaycanın həyata keçirdiyi məqsədyönlü xarici siyasətin əsas tərkib hissəsidir. Ölkəmiz tarixi Zəfərindən sonra Ermənistanla münasibətlərində yeni səhifə açmaq üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında bir daha diqqəti bu məsələyə yönəldərək bildirdi ki, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edəndən sonra siyasi hücumlara məruz qaldıq. Buna baxmayaraq, biz yenə sülh təklif etdik. İndi isə müsbət tendensiyaya və sülhə doğru gedirik.
Sərhədlərin nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Cənubi Qafqazda buna imkan verməyəcəyik. Otuz illik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, Cənubi Qafqazda bütün problemlər yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər.
YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Azərbaycanın daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub.
Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib.
Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə "Multikulturalizm İli”, 2017-ci ilin "İslam Həmrəyliyi ili” elan edilməsi də bu kimi məqamlara aydınlıq gətirir. Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir.