Azərbaycan məhsullarının BƏƏ-yə ixrac imkanları müzakirə olunub
Noyabr 30
17:00
2016
Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində səfərdə olan Azərbaycanın ixrac missiyası bu gün "Carrefour”, "Spinneys”, "Union Co-op” kimi iri marketlər şəbəkələrində olublar.
"Report”un məlumatına görə, səfərin ilk günü Azərbaycan şirkətlərinin təmsilçiləri "Azpromo” və "Dubay Exports”un təşkilatçılığı ilə ikitərəfli görüşlər keçiriblər.
Görüşlərdə 20-yə yaxın BƏƏ şirkətinin nümayəndəsi iştirak edib, Azərbaycan və BƏƏ şirkətləri arasında əlaqələrin genişləndirilməsi, BƏƏ-yə ixrac imkanlarına dair müzakirələr aparılıb. Azərbaycan şirkətləri istehsal etdikləri keyfiyyətli və rəqabətqabiliyyətli məhsullar barədə məlumat veriblər.Azərbaycan şirkətlərindən ibarət nümayəndə heyətinə daxil olan, "Baku Business Factory”nin dəstək göstərdiyi xalis bal satışı ilə məşğul olan "MR BEE” brendinin rəhbəri Cavid Kərimov "Report”a bildirib ki, əvvəlcədən səfər zamanı distribyutorlar, topdançılar, idxalçılar və market şəbəkələri ilə görüşlərin keçirilməsi planlaşdırılmışdı: "Onların böyük qismi ilə görüşlərimiz baş tutdu. Bu istiqamətdə səfərimiz uğurlu hesab edilə bilər. Səfərin təşkilatçılığını, görüşdüyümüz şirkətləri yüksək qiymətləndirirəm. Əlbətdəki, müzakirələrin hər hansı bir nəticəsini birinci görüşdən sonra şərh etmək biraz tez olar. Biz bu görüşlərdə birinci mərhələni keçdik, yerli şirkətlərlə tanış olduq, özümüz haqqında məlumatlar verdik, əsas məqamlara toxunduq”.
O qeyd edib ki, görüşlərdə ilk növbədə Azərbaycan məhsullarının keyfiyyətli olduğu vurğulanıb: "Səfərin bir qismini yerli bazarı araşdırmağa sərf etdiyimiz üçün artıq müştərilərin, topdancıların, istehlakçıların daha çox hansı hansı məqamlara önəm verdiklərini öyrəndik. Azərbaycanla münasibətləri olan müştərilərin artıq bizim məhsulun orqanikliyi, keyfiyyəti haqqında lazımi məlumatları var. Məhsulumuz haqqında məlumatı olmayan müştərilərə isə ətraflı məlumat verirdim”.
"Mr Bee” məhsullarının nə dərəcədə Dubay şirkətlərinin marağına səbəb olması ilə bağlı C.Kərimov bildirib ki, şirkət brend olaraq hazırda bir neçə Körfəz bazarlarını prioritet olaraq seçib: "Dubay özü bir nəqliyyat xabı sayılır. Bir çox şirkətlər baş ofislərini bu şəhərdə yerləşdirib, buradan paylama həyata keçirirlər. Burada əlaqələr, münasibətlər qurmaq bizim üçün çox əhəmiyyətlidir. Eyni zamanda brend olaraq Yaponiyada distribyutorluq istiqamətində bir şirkətlə danışıqlar aparırıq. Onlar brend olaraq bizim məhsulları çox bəyəndilər. Qalan işimiz hər bazara uyğun olaraq prosedur qaydalarını yerinə yetirib sertifikatlaşdırma prosesini təmin etməliyik. Bu istiqamətdə iş aparan aidiyyatı dövlət qurumlarımızla da görüşlər keçirmişik. Halallıq sertifikatının toyuq və mal ətindən başqa digər məhsullara verilməsi hazırda maraq doğuran məsələdir. Əsas iş ixracatla məşğul olan şirkətin üstünə düşür, bu səbəbdən də dövlət hər işi öz üzərinə götürməyə məcbur olmur. Sadəcə olaraq ilkin mərhələdə dövlət öz dəstəyini verə bilər, sonrası həmin şirkətin öz üzərinə düşür”.
"Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan sayca ikinci ixrac missiyasının Dubaya səfəri noyabrın 30-dək davam edəcək.
Qeyd edək ki, missiyaya Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkətin nümayəndəsi daxildir.