SON XƏBƏR

Azərbaycan Mərakeşdə təşkil olunan beynəlxalq xeyriyyə yarmarkasında iştirak edib

Noyabr 27
08:42 2023
Azərbaycan Mərakeşin paytaxtı Rabatda keçirilən beynəlxalq xeyriyyə yarmarkasında iştirak edib. 1989-cu ildən etibarən keçirilən yarmarka Mərakeş Kralı VI Məhəmmədin himayəsi altında hər il təşkil olunur.

Səfirlikdən "Report"a bildiriblər ki, Mərakeş Milli Kitabxanasında keçirilən yarmarkada 40-a yaxın dövlətin diplomatik nümayəndəlikləri öz ölkələrinə aid məhsulları təqdim ediblər. Azərbaycanın bu ölkədəki səfirliyi də yarmarkada fəal iştirak edib.

Yarmarkaya baş çəkmiş şahzadə Lalla Məryəm müxtəlif ölkələrin stendləri ilə yaxından tanış olub. Azərbaycan stendinə baxış keçirən şahzadəyə ölkəmizin mədəni irs nümunələrinə dair ətraflı məlumat verilib, xalça, kəlağayi və dolmanın UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısında yer aldığı vurğulanıb. Eyni zamanda, Azərbaycan stendinin mərakeşlilərin ölkəmizə marağının və Azərbaycana bu ölkədən səfər edənlərin sayının artmasına töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Ölkəmizin zəngin mədəniyyətinin və milli mətbəxinin nümunələrinin Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə sərgiləndiyi stend yarmarkaya qatılmış çoxsaylı ziyarətçilər tərəfindən də maraqla qarşılanıb. Azərbaycan stendində "Azərçay”, "Balxurma”, "Bizim Tarla”, "Ballı”, "Bağdan”, "Lankaran Tea” və digər markalı məhsullar təqdim edilib.

Qeyd edək ki, xeyriyyə yarmarkası çərçivəsində məhsulların satışından əldə edilmiş vəsait Mərakeş dövləti tərəfindən yaradılmış, bu ölkədə sentyabrın 8-də baş vermiş dağıdıcı zəlzələnin qurbanları üçün nəzərdə tutulmuş xüsusi Fondun hesabına köçürüləcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook