SON XƏBƏR

Azərbaycan millisinin üzvü: "Dünyaya onu göstərmək istəyirik ki, biz də futbol oynaya bilirik"

Sentyabr 10
10:03 2019
AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə jurnalistlərə müsahibə verib.

Qlobal.az qafqazinfo-ya istinadən xəbər verir ki, matçda Azərbaycan millisinin bərabərlik qolunu vuran futbolçu əvvəlcə oyunu şərh edib:

"Uelslə görüşdən sonra bu oyuna hazırlaşmağa çox da vaxtımız olmamışdı. Britaniyadakı məğlubiyyət bizi bir qədər üzmüşdü. Buraxdığımız qollar, xüsusən, 85-ci dəqiqədə qapımızda gördüyümüz qol bizim səfərdən xalla qayıtmağa olan inamımızın üstündən xətt çəkmişdi. Sevinirik ki, Bakıya döndükdən sonra baş məşqçimiz bizi bu görüşə tam köklədi, hazırlaşdıq və yaxşı nəticə əldə etdik. Düzdür, Xorvatiyanı yaxşı incələmişdik, amma bu rəqibin analizə o qədər də ehtiyacı yox idi.
 
Onların kimlikləri hamıya məlum idi: Dünya ikincisi olmuşdular. Oyunun ilk 10 dəqiqəsi ərzində çoxlu qol imkanları oldu. Lakin qapıçımız Emil Balayev xeyli inamlı çıxış etdi. İkinci hissədə oyuna girdikdən sonra ilk epizodumda Cavid Hüseynovla "divar ötürməsi" nəticəsində zərbəmi rəqib qapıçı dəf etdi. Bu epizoddan sonra "Xorvatiyaya qol vurmaq olar" deyə özümə inam yarandı. Sonadək vuruşduq və 1:1 hesablı heç-heçəyə nail olduq. Qolu vurduğuma görə isə çox xoşbəxtəm".

- Xorvatiya millisi Bakıya Slovakiya üzərində 4:0 hesablı səfər qələbəsi ilə gəlmişdi. Düşünmürdünüz ki, yenə böyük hesabla uduza bilərsiniz... 

- Bu rəqibi Zaqrebdə 1:2 hesabı ilə uduzduğumuz görüşdən tanıyırdıq. Bu, futboldur. 0:5 hesabı ilə uduza və ya 1:0 hesablı qələbə qazana bilərsən. Hər cür nəticə gözləniləndir. Futbol elə yerə gəlib çıxıb ki, hər bir komanda müqavimət göstərməyi bacarır. Meydana çıxarkən həm xalqımıza, həm də dünyaya onu göstərmək istəyirik ki, biz də futbol oynaya bilirik, əl-qolumuzu yanımıza sallamırıq. Sevinirik ki, xal qazandıq.

- Sizcə, Xorvatiyaya qalib gəlmək mümkün idi?

- Qol imkanları rəqibdə də, bizdə də var idi. Son dəqiqələrdə bəlkə də qələbə qolunu vurmaq olardı. Amma olmadı.

- Qrupu xalsız da başa vurma ehtimalı var idi. Amma artıq ilk xal qazanılıb. Qrup mərhələsini neçə xalla başa vurmaq olar?

- Növbəti oyunumuz səfərdə Macarıstanladır. Daha sonra Slovakiya ilə səfər və Uelslə ev oyunu olacaq. Qalan 3 maçtda da çalışacağıq ki, xalqımızı sevindirək.

- Rəqibin müdafiə xəttini yararaq vurduğunuz qolla bağlı nə deyə bilərsiniz? 

- Özümə çox inanırdım. Məşqlərdə də belə epizodlar üzərində çox işləyirdik. Sevinirəm ki, alındı.

- Gələcək oyunlarda daha irəli mövqelərdə oynamağın mümkündür?

- Buna məşqçilər heyəti qərar verəcək. Hansı mövqeyə buraxsalar, milli komanda üçün əlimdən gələni etməyə hazıram.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook