Azərbaycan-Rusiya regionlararası forumu oktyabrda Azərbaycanda təşkil olunacaq
Avqust 08
18:26
2016
Ənənəvi olaraq hər il keçirilən Azərbaycan-Rusiya regionlararası forumu bu ilin oktyabrında Azərbaycanda təşkil olunacaq.
Bu fikir avqustun 8-də Bakıda keçirilmiş Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclasında səsləndirilib.
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Rusiya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının yaradılması barədə Rusiya Federasiyasının baş naziri Dmitri Medvedevin ötən il ölkəmizə səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirdiyi görüş zamanı razılıq əldə olunub. Bu şuraların yaradılmasında məqsəd ölkələrimiz arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, eləcə də iş adamları arasında əməkdaşlığı genişləndirməkdir.
İclasın Azərbaycan, Rusiya və İran prezidentlərinin bu gün Bakıda keçiriləcək üçtərəfli formatda görüşünə təsadüf etdiyini qeyd edən Ş.Mustafayev görüşü tarixi hadisə adlandırıb. Qeyd edib ki, ənənəvi olaraq hər il keçirilən Azərbaycan-Rusiya regionlararası forumu bu ilin oktyabrında Azərbaycanda təşkil olunacaq.
Azərbaycan və Rusiya şirkətləri tərəfindən reallaşdırılan layihələr və qarşılıqlı investisiya qoyuluşları barədə danışan iqtisadiyyat naziri belə tədbirlərin iqtisadi əlaqələrin inkişafı, investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, İşgüzar Şuraların fəaliyyətinə uğurlar arzulayıb.
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə də ticarət, kənd təsərrüfatı və sair sahələrdə uğurla davam edən iqtisadi əlaqələrdən danışıb. O, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının iclasının dövlət başçılarının üçtərəfli görüşü dövrünə təsadüf etməsinin əhəmiyyətini vurğulayıb.Sonra Rusiya-Azərbaycan İşgüzar Şurasının Rusiya tərəfdən sədri Pyotr Fradkov və Azərbaycan-Rusiya İşgüzar Şurasının Azərbaycan tərəfdən sədri İsgəndər Xəlilov təmsil etdikləri qurumların fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.
P. Fradkov bildirib ki, Rusiya-Azərbaycan İşgüzar Şurasının yaradılması ideyası 2015-ci ildə yaranıb və Şura 2016-cı ildən fəaliyyət göstərir. Hazırda Şurada 30-a yaxın şirkət təmsil olunur. Rusiya-Azərbaycan İşgüzar Şurası tərəfindən hazırda 10 layihəyə dəstək göstərilir, 15 layihə üzərində isə iş aparılır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov təqdimatında ölkəmizin biznes və investisiya mühitinə dair məlumat verib.Tədbir Azərbaycan və Rusiya tərəfindən kənd təsərrüfatı, maşınqayırma, səhiyyə, bank, neft-qaz, energetika və sair sahələrdə fəaliyyət göstərən 60-dan çox şirkətin nümayəndəsinin iştirak etdiyi ikitərəfli görüşlərlə başa çatıb.(Azərtac)
Qlobal.az