SON XƏBƏR

Azərbaycan Rusiyadan 5-ci nəsil qırıcı alacaq

Dekabr 25
08:37 2019
Politoloq: "Onlar bir sıra üstünlüklərinə görə Amerikanın F-35 tipli təyyarələrindən geridə qalmadığını sübut etməyə çalışır”

Azərbaycan Rusiyadan beşinci nəsil Su-57 qırıcılarını almağa maraq göstərir. Virtualaz.org xəbər verib ki, bu barədə Rusiyanın müdafiə sənayesi şirkətlərindən birinin iki top-meneceri "Vedemosti”yə bildirib.

Mənbələr deyib ki, Su-57 qırıcılarının Azərbaycana satılmasına dair danışıqlar prosesinə yüksək siyasi səviyyədə yaşıl işıq yandırılıb. Bildirilir ki, oktyabrın 3-də Soçidə prezidentlər Vladimir Putin və İlham Əliyev arasında baş tutmuş danışıqlarda iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri də müzakirə olunub. Bu məlumatı Kreml administrasiyasına yaxın mənbə də təsdiq edib.

"Vedemosti” qeyd edir ki, həmin vaxt "Valday” forumunda çıxış edən prezident Əliyev təfərrüatlara varmadan hərbi-texniki əməkdaşlığın genişləndiriləcəyini deyib. Dekabrın 3-də isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekunu olaraq "Kommersant”a müsahibəsində deyib ki, Rusiya ilə silahlara dair yeni sövdələşmələr mümkündür.

"Vedemosti” qeyd edir ki, son onillikdə Azərbaycan Rusiya ilə təxminən 5 milyard dollarlıq silah müqaviləsi bağlayıb. Prezident Əliyevin Soçidə bildirdiyinə görə, indiyədək 3 milyard dollarlıq silah artıq çatdırılıb.

"Bu silah sövdələşmələrinin aviasiya hissəsi ancaq Mi-17 və Mi-35 vertolyotları ilə məhdudlaşıb, hərçənd Azərbaycan özünün döyüş aviasiya parkının yenilənməsinə də ciddi ehtiyac duyur. Çünki döyüş aviasiyasının əsasını modernləşdirilmiş MiQ-29 sovet qırıcıları təşkil edir. Azərbaycan çoxdandır JF-17 Pakistan-Çin qırıcılarını almağa maraq göstərir və artıq Pakistandan MFI-395 Super Mushshak yüngül təlim-məşq təyyarələrini alıb” - Rusiya nəşri xatırladır.

"Vedemosti” əlavə edir ki, Azərbaycan üçün Su-57 qırıcılarına maraq üçün dönüş nöqtəsi Ermənistanın Rusiyadan 4 Su-30SM qırıcısı alması, daha 8 təyyarə almağa hazırlaşması olub. Azərbaycanla yanaşı, Su-57 qırıcılarını almağa Türkiyə də maraq göstərir, amma Hərbi Texniki Əməkdaşlıq üzrə Federal xidmətin direktoru Dmitri Şuqayev 2019-cu ilin noyabrında deyib ki, bu danışıqlara ancaq Rusiya ordusunun tələbatını ödəyəndən sonra başlamaq olar. Çünki Rusiya Müdafiə Nazirliyi 76 Su-57 qırıcısı sifariş verib və maşınlar 2029-cu ilə qədər təhvil verilməlidir.

"Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirdi ki, Azərbaycan uzun müddətdir ki, özünün hərbi hava qüvvələrini təkmilləşdirmək haqqında düşünür: "Miq-29 qırıcı təyyarələrinin yeni nəsil təyyarələrlə əvəz edilməsi haqqında düşünülür. Bunun üçün Pakistanın istehsal etdiyi təyyarələrə meyl edir. Hətta bu təyyarələrin alınması istiqamətində prinsipial razılaşmaların olduğu da söylənilir. Azərbaycan həmçinin qırıcı-bombardmançı təyyarələrin alınması istiqamətində axtarışlar aparır. Bu gün bizdə qırıcı-bombardmançı təyyarələr əsasən Su-34 təyyarələridir. Bunlar da Rusiya istehsalıdır. Həmin təyyarələr dünya reytinqində bəlli bir yeri tutub. Ermənistanda yalnız onun bir neçəsi var. Bu təyyarələr də rusların hərbi bazasında yerləşir. Azərbaycanda isə bu təyyarələr Ermənistanla müqayisədə bir neçə dəfə çoxdur. Birinci Qarabağ müharibəsində onlar özünün effektivliyini göstərib. Ancaq indi özünün istismar müddətini başa çatdırmaq üzrədir. Doğrudur, bu təyyarələr hər 5 ildən bir əsaslı təmirə göndərilir və təmir edilir. Ancaq hər halda, bu təyyarələr artıq 5-ci nəsil bombardmançı təyyarələr deyil. Ruslar Su-57-ni öz hərbi birləşmələrinə yerləşdirirlər. Sözsüz ki, bunu dünya bazarına çıxarıblar. Bu təyyarələrlə Hindistan, hətta İndoneziyanın özü, bəzi ərəb ölkələri maraqlanır. Azərbaycan bu təyyarələri alma haqqında qərar çıxarıb. Bu məqsədlə Azərbaycan Müdafiə Nazirliyi Moskvada olub və danışıqlar da aparıb. İndi isə Sergey Raqozin Azərbaycana gələcək.  Yəqin ki, ”Azərkosmos"la əlaqələri qurmaqla yanaşı, silah satışı ilə bağlı məsələləri də müzakirə edəcəklər".

Politoloqa görə, rusların 5-ci nəsil kimi tanıtdıqları Su-57 təyyarələrinin bir sıra üstünlükləri var: "Onlar özünün bir sıra üstünlüklərinə görə Amerikanın F-35 tipli təyyarələrindən geridə qalmadığını sübut etməyə çalışır. Hər halda, bu təyyarələr birinci də olmasa, dünyada ikinci yeri tutan qırıcı-bombardmançı təyyarələrdir. O təyyarələrin bir sıra təkmilləşdirilmiş sistemləri də mövcuddur. Onlardan biri də radar sistemidir. Eyni zamanda açılan raket atəşindən yayınmaq üçün xüsusi qurğulara malikdir. Bir sözlə, effektli döyüş aparmaq üçün bir çox yüksək keyfiyyətlərə malik olduğu söylənilir. Ancaq məsələnin bir tərəfi də var ki, Rusiya təyyarələri bizə dünya qiymətləri ilə çatacaq. Yəni silah satışında heç bir güzəşt etmir. Məsələn, Hindistana hansı qiymətə satırlarsa, bizə də həmin qiymətə satırlar. Ermənistana isə pulsuz verirlər. Bu da çox təəssüfedici haldır. İndi necə olursa-olsun, bu silahların alınması haqqında qərar qəbul edilib və yəqin ki, yerinə də yetiriləcək”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook