Azərbaycan sığorta bazarı ötən il 10% böyüyüb
Fevral 27
10:41
2017
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 2016-cı ildə ümumilikdə 486,074 mln. manat həcmində sığorta haqqı toplanılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından "Report”a verilən məlumata görə, bu, 2015-ci illə müqayisədə 42,855 mln. manat və yaxud 9,68% çoxdur.
Ötən il sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin məbləği isə 57,009 mln. manat və yaxud 31,63% artaraq 237,251 mln. manat olub.
Hesabat ilində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48,8 manatı ödəniş edilib. Bu rəqəm 2015-ci ildə 40,7 manat olub.
Sığorta yığımlarının 146,538 mln. manatı və yaxud 30,2%-i, ödənişlərin isə 94,979 mln. manatı və yaxud 40%-i həyat sığortasının payına düşüb. Həyat sığortası üzrə yığımlarda illik 25,81% və yaxud 30,06 mln. manat, ödənişlərdə isə 42,745 mln. manat və yaxud 81,84% artım qeydə alınıb.
Keçən il yığımların 65,66%-i könüllü, 34,34%-i icbari sığorta növlərinin payına düşüb. Belə ki, könüllü sığorta bazarı 2015-ci illə müqayisədə 37,974 mln. manat və yaxud 13,52% artaraq 318,944 min manat təşkil edib. Könüllü sığorta növləri üzrə ödənişlər isə 43,623 mln. manat və yaxud 32,12% artaraq 179,435 mln. manata yüksəlib.
Könüllü sığorta növləri üzrə yığımların 36,32%-i həyat, 63,68%-i qeyri-həyat sığortasının payına düşüb. Könüllü həyat sığortası üzrə yığımlar illik 30,023 mln. manat və yaxud 34,98% artaraq 115,855 mln. manat, ödənişlər isə 40,870 mln. manat və yaxud 81,58% artaraq 90,97 mln. manat təşkil edib.
Könüllü qeyri-həyat sığortası üzrə yığımlar illik müqayisədə 7,951 mln. manat və yaxud 4,07% artaraq 203,089 mln. manat, ödənişlər isə 2,753 mln. manat və yaxud 3,21% artaraq 88,466 mln. manat olub.
Ötən il icbarı sığorta növləri üzrə yığımlar isə 4,881 mln. manat və yaxud 3,01% artaraq 166,816 mln. manata yüksəlib. Hesabat ilində şirkətlər tərəfindən qeyd olunan sığorta növü üzrə 57,815 mln. manat ödəniş həyata keçirilib ki, bu da illik müqayisədə 13,386 mln. manat və yaxud 30,13% artım deməkdir.
İcbari sığorta bazarının 18,39%-i həyat, 81,61%-i qeyri-həyat sığortası üzrə formalaşıb. İcbari həyat sığortası (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta) üzrə yığımlar illik 36,9 min manat və yaxud 0,12% artaraq 30,683 mln. manat, ödənişlər 1,875 mln. manat və yaxud 87,88% artaraq 4,009 mln. manat təşkil edib.
Hesabat ilində şirkətlər tərəfindən icbari qeyri-həyat sığortası növləri üzrə 136,133 mln. manat sığorta haqqı toplanıb. Bu da 2015-ci illə müqayisədə 4,844 mln. manat və yaxud 3,69% çoxdur. Həmçinin, bu müddətdə şirkətlərin icbari qeyri-həyat sığortası növləri üzrə ödənişləri 11,511 mln. manat və yaxud 27,21% artaraq 53,806 mln. manata çatıb.