SON XƏBƏR

Azərbaycan tenderlərində offşor “podratçılar” hegemonluq edir (ARAŞDIRMA)

İyun 09
23:45 2016
Xaricdə qeydiyyatdan çıxarılan, biznesi olmayanlar bizdən milyonlar alıb
 
Dövlət satınalmalarını araşdırdığımızda vaxtaşırı qarşımıza mənşəyi bəlli olmayan şirkətlər çıxır. Bunların arasında yerlilər də çoxluq təşkil edir, xaricdə yaradılan şirkətlər də xeylidir. Milyonlarla dövlət vəsaitinin həvalə olunduğu bir sıra şirkətlər haqqında hər hansı məlumata çatmaq mümkün olmur. Bütün dünyada ciddi şirkətlərin web-saytı var, sosial şəbəkələrdə mövcuddurlar. Tutaq ki, sizə hər hansı bir dövlət qurumu, ya da satınalmalarda iştirak edən bir şirkətin rekvizitləri lazımdır. Bunun üçün təbii ki, ilk növbədə axtarış sistemlərinə üz tutursunuz. Mövcuddursa ünvanı, telefonu, nə işlə məşğul olduğu, fəaliyyətinə dair məlumatlar, hətta hesabatlar tapa biləcəksiniz, yoxdursa, deməli kağız üzərində yaradılıb. Axtarış sistemində Azərbaycandakı bəlli televiziya, ya da mobil operator və ya mebel satan bir şirkət haqqında məlumat almaq istədiyimizdə onlarla saytda barələrində bilgilər gəlir. İlk növbədə isə web-saytları çıxır. Amma keçirilən dövlət satınalmalarının reyestr arxivində adları olan, xaricdə təsis edilmiş podratçıların barəsində optimist danışmaq çətindir. Bunu anlamaq üçün satınalmalar reyestrlərində yer alan LLC (limited liability company), LLP (limited liability partnership ), LTD (Limited Company) ilə bitən şirkətlər barədə məlumat almağa cəhd göstərmək yetərlidir. LLC, LLP-lərin hamısı, LTD-lərin bir hissəsi xaricdə yaradılmış şirkətlərdir.
 
Bu şirkət Britaniyanın offşor zonası Virgin adalarındadır
 
Söylədiklərimizin doğruluğunu yoxlamaq üçün bir sıra firmalar barədə məlumat toplamağa çalışdıq. Satınalamalar reyestrində "Broadcast Premier Solitions LTD” adında bir şirkət var. AzToday.az-ın apardığı araşdırma nəticəsində məlum oldu ki, Televiziya və Radio Verilişləri QSC "Broadcast Premier Solitions LTD” şirkəti ilə bahalı müqavilələr bağlayıb. 2010-cu ildə 246 915 manat məbləğində avadanlıq alıb (avadanlığın adı göstərilmir), studiyadan kənar çəkiliş üçün işıq avadanlığı da 196 008 manata həmin şirkətdən əldə edilib. 2011-ci ildə də "Broadcast Premier Solutions LTD”-dən yenə ümumilikdə 1 143 858 manat dəyərində avadanlıq götürülüb. Virtual studiya və 3G şəbəkə sistemi avadanlıqları 238 079,4 manat, çəkilişlərə rels araba və kamera üçün kran 234 930,7 manat, İMX tipli videoavadanlıqlara ehtiyat hissələri 220 140 manat, İMX tipli videokasetlər 212 700 manat, işıq diodlarından ibarət video modul (ekran) 238 009 manata əldə edilib. Göründüyü kimi, hər bir satınalmanın qiyməti yalnız 200 minin üzərindədir. 2012-ci ildə İMX tipli videoavadanlıqların ehtiyat hissələrinə yenə 248 230 manat, Betacam SP tipli videoyazı və videoçəkiliş avadanlıqlarının ehtiyat hissələrinə 117 713,46 manat verilib. 2013-cü ildə də bu şirkətlə əməkdaşlıq davam edib, 247 622,54 manat dəyərində videoyazı və videoçəkiliş avadanlıqlarının ehtiyat hissələri alınıb. Üst-üstə 2 200 346 manat məbləğində ticarət aparılan şirkətin nə web-saytı mövcuddur, nə də televiziya avadanlıqları satdığına dair hər hansı məlumat. Web-resurslarda "Broadcast Premium Solution LTD”-nin ən son 2008-ci ildə ICP Credit-in saytında kredit borcu haqqında məlumat var. Şirkətin yeri offşor zonalar siyahısında olan Britaniyanın Virgin adalarında çıxır.
 
Bəzən "vergi limanları” da adlandırılan offşor zonalar 70-ci illərdən yaranmağa başlayıb. Offşor zonalar onlardan istifadə edən təsərrüfat agentlərinə vergi güzəştləri, valyuta nəzarətinin demək olar ki, olmaması, rezidentlərlə istənilən xarici valyutada əməliyyatlar aparmaq imkanı, xərclərin yerindəcə silinməsi, anonimlik, maliyyə əməliyyatlarının gizli qalması (yalnız hakimiyyət orqanlarının narkobizneslə bağlı şübhəli əməliyyatlar barədə məlumatlandırmaq tələbi qüvvədədir) kimi üstünlüklər verir. Offşorun klassik variantı offşor zonasında yalnız qeyri-rezidentlərin təsərrüfat və maliyyə fəaliyyətini nəzərdə tutur. Dünyada daimi, sabit fəaliyyət göstərən 30-a yaxın offşor zona var.
 
Amerikada yeni təsis olunan firmaya milyonluq iş verilib
 
Dövlət Televiziyası 2011-ci ildə "Quattro Technologies İnc” şirkətindən 735 441,95 manata teleserialların çəkilişi üçün kameralar və onun aksesuarları, 237 248,06 manatlıq da DVCAM videokasetlər satın alıb. Bu şirkətdən ümumilikdə 972 689 manatlıq alış-veriş edilib. Ohiocorporates.com və datalog.co.uk saytlarında şirkətin 2011-ci il mayın 6-da Amerikanın Ohayo ştatının Klivlend şəhərində (Ohio, Cleveland) Albert N Salvatore adında biri tərəfindən yaradıldığı qeyd edilib. Ünvan olaraq Hudson göstərilib. Təzə yaradılan müəssisəyə milyon civarında sifariş verilib. Amma qanunvericilik bu halı dəstəkləmir. "Dövlət Satınalmaları haqqında” Qanunda göstərilir ki, iddiaçılar satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində peşəkar fəaliyyətləri barədə düzgün məlumat verməlidirlər. Tender iştirakçıları üçün Metodiki Təlimata əsasən tenderdə iştirak etmək istəyən son üç il ərzində yerinə yetirdiyi tikinti işlərinin ümumi dəyəri haqqında illər üzrə məlumat verməlidirlər. Bununla yanaşı yenə axırıncı üç ildə xüsusiyyətinə və həcminə uyğun analoji işlər üzrə təcrübəsi, həmçinin hazırda görülən işlər, qüvvədə olan müqavilələrin öhdəlikləri və buna dair ətraflı məlumat almaq üçün səlahiyyətli şəxslər haqqında illər üzrə məlumatı çatdırmalıdırlar. Eləcə də son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı təqdim etməlidirlər. Göründüyü kimi podratçı olmaq eşqinə düşənlərdən ən az üç il təcrübə, bir illik də maliyyə fəaliyyəti barədə hesabat istənilir. Belə olan halda yeni yaradılmış bir firma satınalma şərtlərinə cavab vermir. Bu şirkətdən hansı sənədlər təqdim olunub, onu nəyin əsasında və öz sferasında hansı üstünlüklərinə görə podratçı seçiblər, maraq etməmək olmur. Şirkətin statusu aktiv görünür, amma fəaliyyəti nə qədər var, onun haqqında çox məlumat çıxmadığından biz də nəsə söyləyə bilməyəcəyik. Bu şirkətin də televiziya və radio avadanlıqları təchizatı ilə bağlı hər hansı fəaliyyəti görünmür.
 
Azad İqtisadi Zonadakı anbar və daşımaçı necə podratçı olub?
 
"Polygon Eurasia Limited” 2013-cü ildə QSC-nin 239 032,5 manat dəyərində tenderini alıb və 2 dəst UPS avadanlığı satıb. Bu şirkət 2009-cu ildə də "Azərpoçt”un elan etdiyi poçt filiallarının avtomatlaşdırılması işini götürüb. Şirkət Birləşmiş Ərəb Əmirliklərinin azad iqtisadi zonası (Free Economic Zone-FEZ) Jebel Ali-də qeydiyyatdan keçib. Web-saytında yazılır ki, "Polygon” Jebel Ali Azad Zonada icarəyə götürülmüş anbar istifadə edərək lazımi məhsulların qaynağı, saxlama, Jebel Ali və Dubayda satıcı anbarlarından yükün götürülməsi, asan idxal, sənədləşdirmə, bərkitmə, paketləmə, ekspedsiya – yəni yükü göndərmək kimi xidmətlər təklif edir. Göründüyü kimi, bu, birbaşa satıcı firma deyil, sifariş olunan məhsul və avadanlığın saxlayıcısı və daşıyıcıdır. Həmin mallar başqa bir şirkətdən satın alınır. Bir daşıyıcının hansı üstünlüklərinə görə tenderi qazandığı aydın deyil. Sonrakı dövrlərdə bu şirkətlə də alış-verişin edilməməsi onun "odnorazovıy” kateqoriyadan olduğunun göstəricisidir.
 
"Rubicon General Trading LLC”. Yenə AzTV-nin podratçısı olan bu şirkət 103 365 manat plazma televizorları QSC-yə satıb. Adı axtarış sistemində çıxmır. Yalnız "Rubicon General Trading FZC” adında bir şirkət var, o da yenə Birləşmiş Ərəb Əmirliklərinin Sharjah ərazisindədir. Qeyd olunduğuna görə şirkət kimyəvi məhsullar istehsalçısıdır, onların topdansatışı ilə məşğuldur. Bu firma da göründüyü kimi azad iqtisadi zonadadır. AzTV-nin digər podratçısı "Gentech Fze” QSC-yə 274 437 manat müqabilində Betacam SP tipli videoyazı və videoçəkiliş avadanlıqları üçün ehtiyat hissələri verib. Bu firma da AİZ siyahısında olan şirkətlərdəndir, baş ofisi azad iqtisadi zona Sharjahdadır. Belələrinin barəsində adətən detallı bilgi olmur. Bəlli ki, Azərbaycanın dövlət qurumlarının xaricdə "əməkdaşlıq” etdiyi naməlum, fəaliyyətsiz şirkətlərin böyük əksəriyyəti bu kateqoriyadandır.
 
300 min dollarlıq anlaşmanı imzalayandan sonra ləğv edilib
 
AzTV-nin 142 000 manata plazma monitorlarından ibarət videodivar aldığı "Digiflex Technics LLP” 2012-ci ildə İngiltərədə təsis olunub. Şirkətin nə web-saytı var, nə də haqqında əlavə bilgi. Ukbizdb.com saytında barəsində deyilir ki, biznes aktivliyi sıfırdır, yəni heç bir təklif olmayıb, təchiz etməyən şirkət kateqoriyasına aiddir. Maliyyə vəziyyəti belə qiymətləndirilir: xalis dəyəri 15 824 funt sterlinqdən 23 088 funt sterlinqə yüksəlib. Yəni, 23 min funt sterlinqlik şirkətə bizimkilər 100 minlər həvalə edirlər. Dövlət Televiziyasından 2013-cü ildə məsuliyyətli iş alanda şirkətin heç bir yaşı yoxmuş.
 
"Sandler Expert Limited” də yenə offşor zona kimi məşhur olan Yeni Zelandiyada bir firmadır. Opencorporates.com saytında 12 avqust 2008-ci ildə yaradıldığı, 6 iyul 2011-ci ildə buraxıldığı göstərilir. Başqa saytlarda da şirkətin həmin tarixdə qeydiyyatdan çıxarıldığı vurğulanır. AzTV ilə 232 260 manat – yəni, 296 000 dollarlıq anlaşmanı 2010-cu ildə imzalayandan sonra ləğv olunub. Aydındır ki, bu məqsədlə yaradılaraq startda dayanmış şirkətlərdəndir, "iz”i itirmək üçün də dərhal ləğvinə gedilib.
 
Rəqibsiz "birdəfəlik” firmalar
 
AzToday.az-ın dövlət qurumlarının saytında olan baza məlumatlarının araşdırmasına görə, offşor olduğu ortaya çıxan şirkətlərin hər biri ilə sadəcə bir dəfə, ya da bir ildə iki dəfə əməliyyat aparılıb. Sonra onlarla iş görülməyib. Bunlar "Sandler Expert Limited” (232 260 manata videokamera kasetlərinin alınması), "Quattro Technologies İnc” (bir dəfə 735 441 manata teleserialların çəkilişi üçün kameralar və onun aksesuarları, eyni ildə 237 248 manata DVCAM video kasetlərin alınması), "Gentech Fze” (274 437 manata Betacam SP tipli video yazı və video çəkiliş avadanlıqları üçün ehtiyat hissələri), "Rubicon General Trading LLC” (103 365 manat plazma televizorlar), "Digiflex Technics LLP” (142 000 manata plazma monitorlarından ibarət video divar), "Polygon Eurasia Limited” (239 032 manata 2 dəst UPS avadanlığı), "Alsatec LLP” (83 449 manata kompüter avadanlıqlarının satın alınması) adında firmalardır. Sonuncu şirkət də İngiltərədə açılıb, barəsində məlumatlar digərlərininki qədərdir. "Dövlət satınalmaları haqqında” Qanuna görə dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki, yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Qanunvericilikdən belə görünür ki, satınalan təşkilat podratçıları satınalma prosedurlarında iştiraka özləri dəvət edirlər. Amma bəlli ki, belə tenderlər kağız üzərində aparılır, rəqabətsizdir. Fakt budur ki, dövlətin milyonlarının həvalə edildiyi firmalar haqqında səhih məlumatlar yoxdur. Bu şirkətlərin müsabiqələrdə rəqibləri kim olub, həqiqətən rəqabət olubmu, hansı təklifləri veriblər, adıçəkilən firmalar hansı üstünlüyünə görə seçilib, sonradan onların xidmətindən niyə istifadə edilməyib, bütün bunlar cavabı satın alan təşkilatlarda olan suallardır.
 
Dərmana bir real podratçı
 
Belə nəticəyə gəlmək olar ki, AzTV-nin əməkdaşlıq etdiyi xarici şirkətlərdən ən yaxşı halda ikisi istisna olmaqla, yerdə qalanlar offşordur. Biz sadəcə birini tapa bildik. "Television Technique” (TVT) dalet.com saytında Litvada çıxır, amma ölkə olaraq Azərbaycan göstərilib. Tvt.lt-nin ana səhifəsində AzTV-yə məxsus nəqliyyat vasitəsinin şəkli var. Şirkət 45 müştərisindən məhz QSC-yə satdığı "Van”ı baş səhifəsinə çıxarıb. Referanslarda milli televiziyanın adı başqalarından çox hallanır – düz 22 dəfə. Şirkətin real satınalma həyata keçirdiyi məhz bu müəssisə görünür, 4 585 264 manatlıq avadanlığın podratçısıdır. Qiymətlərin nə qədər şişirtmə və ya real olduğu ayrı mövzudur. 2010-cu ildə şirkətdən 1 900 251 manat dəyərində televiziya avadanlıqları götürülüb. 2011-ci ildə rəqəmsal TV avadanlıqları 237 404,53 manata, 8 kameralı rəqəmsal səyyar televiziya stansiyası 2 155 814 manata, 2013-cü ildə müxtəlif televiziya avadanlıqları 250 580,5 manata, televiziya və işıq avadanlıqları üçün aksessuar və ehtiyat hissələri 41 215,53 manata adıçəkilən şirkətdən satın alınıb.

AzToday.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook