“Azərbaycan uşaqları” Əbülfəs Qarayevə təşəkkür məktubu yazdı
Aprel 08
13:46
2016
Azərbaycan
Dövlət Musiqili Teatrı Sosial Proqramlar çərçivəsində "Azərbaycan uşaqları”
İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində konsert proqramı ilə
çıxış edib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, teatrın
hazırladığı musiqili-əyləncəli tədbirdə Əməkdar artist Novruz Qartal, aktyorlar
Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Gülnarə Kərimbəyova və
başqalarının ifasında Dövlət Musiqili Teatrının repertuarındakı müxtəlif
tamaşalardan parcalar, yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş
olunub. Uşaqlarla səmimi ünsiyyət quran teatrın kollektivi təşkil etdikləri
oyunlar, bir-birindən maraqlı səhnəcik və musiqi nömrələri ilə "Azərbaycan
uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinlərinə
xoş anlar yaşadıblar.
Bu
münasibətlə "Azərbaycan uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Mədəniyyət
və Turizm naziri cənab Əbülfəs Qarayevə təşəkkür məktubu göndərib. "Hörmətli
Əbülfəs müəllim! 6 mart 2016-cı il tarixində rəhbərlik etdiyiniz nazirliyin
tabeçiliyində olan Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi Uşaq
Sığınacağı-Reinteqrasiya Mərkəzinin qonağı olmuş, uşaqlar üçün kiçik səhnəciklər,
oyunlar təşkil etmiş, balacaların asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək
göstərmişlər. "Azərbaycan uşaqları” İctimai Birliyinin kollektivi və Uşaq
Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinləri adından Sizə və Azərbaycan Dövlət Musiqili Teatrının
kollektivinə, tədbirin təşkilatçılarına təşəkkürümüzü bildiririk”, - deyə məktubda
qeyd olunur.
Qeyd edək
ki, "Azərbaycan uşaqları” İctimai Birliyi 1992-ci ildə uşaq və yeniyetmələrin
hüquqlarının müdafiəsi məqsədilə yaradılıb. 2010-cu ildə təşkilatın nəzdində 24
saat ərzində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi açılıb. Mərkəzdə
insan alverinin, məişət zorakılığının qurbanı olan və ya potensial qurban olan
baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyası həyata
keçirilir. Küçədə yaşayan, kimsəsiz, baxımsız və s. bu qəbildən olan uşaqlara
sosial, psixoloji, hüquqi yardım göstərilir, onlar sığınacaq, geyim, təhsil,
qida və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı zəruri xidmətlərlə təmin
edilir.
Qlobal.az