Azərbaycan və İran gömrükdə əməkdaşlıq üzrə Tədbirlər Planını təsdiqləyib
May 11
11:14
2022
Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) və İranın Gömrük İdarəsi arasında 2022-2023-cü illərdə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardımın genişləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənib.
Məlumata görə, bu məqsədlə iki ölkənin gömrük xidməti nümayəndələri arasında görüş keçirilib. Görüşdə DGK sədri Səfər Mehdiyev və Naxçıvan MR DGK-nın sədri Səhət Həbibbəyli, İranın Gömrük naziri Alirza Müqəddəsi, Şərqi Azərbaycan Vilayəti Gömrüyünün rəisi Leili Orangi, Culfa-Mərənd bölgəsi üzrə millət vəkili Məsumə Paşayi və digər şəxslər iştirak edib. Görüşdən öncə İranın Culfa Gömrük İdarəsinə baxış olub.
Tərəflər iki ölkənin ərazisindən keçən nəqliyyat vasitələrinə tətbiq edilən gömrük nəzarəti formalarının minimuma endirilməsi, yük nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması ilə bağlı qarşılıqlı fəaliyyətin həyata keçirilməsi və gömrük nəzarəti sahəsində nəticələrin qarşılıqlı tanınması istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparıb.