SON XƏBƏR

Azərbaycanda bahalı turizm bölgələri

İyul 18
11:41 2017
Azərbaycanlıların xaricdə istirahəti dedikdə, ilk ağla gələn ölkə Gürcüstandır. Qonşu ölkə həm infrastrukturu, həm təbiəti, həm dənizi, həm də xidmət qiymətləri baxımından azərbaycanlılar üçün əlverişli və əlçatan sayılır. Amma manatın 2015-ci ildə iki dəfə devalvasiyaya uğramasından sonra Azərbaycandan Gürcüstana səfər edən turistlərin sayında kəskin azalma müşahidə olunur.
 
"Gürcüstanda qiymətlər bahalaşıb”

"Qaynarinfo" xəbər verir ki, Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a bunun səbəblərini açıqlayıb. O bildirib ki, ilk növbədə buna səbəb ölkədaxili turizmin artan templə inkişaf etməsidir: "Digər tərəfdən, bizdəki qiymətlər sabit olaraq qalıb. Neftin ucuzlaşması və manatın devalvasiyasından sonra turizm sektorunda qiymət dəyişikliyi baş verməyib. Ən əsası isə Azərbaycan təhlükəsizlik məsələlərinə görə digər ölkələri üstələyir. Bu baxımdan, ölkəmiz daha stabil və daha sabitdir. Hətta bura gələn qonaqlar da bu nüansı qeyd edirlər. Dördüncü amil əvvəlki illərlə müqayisədə Gürcüstanda xidmət qiymətlərinin bahalaşmasıdır”.

"Ən bahalı xidmət sahələri İsmayıllı, Qəbələ, Şəkidədir”

M.Ağakərimov bildirib ki, hazırda həm Azərbaycana gələn turistlərin sayında, həm də daxili turizmin çəkisində artım var: "Mən bunu praktikaya, öz müşahidələrimə əsaslanaraq bildirirəm. Kabinetdə verilən rəqəmlər isə çox vaxt yanlış ola bilir. Statistika bir rəqəm açıqlayır, nazirlik başqa rəqəm. Ona görə də mən rəqəmlərə inanmıram. Mən bu yaxınlarda şimal-qərb zonasında – Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ və Şəkidə oldum. Oradakı bütün hotellərlə maraqlandım, yeni açılan "Marxal” hotelində oldum. Ondan əvvəl isə Quba, Qusar, Xaçmaz zonasına səfər etdim. Həqiqətən də, turistlərin sayında artım var”.

O bildirib ki, xidmət qiymətlərinə görə ən ucuz məkanlar şimal-şərq (Quba, Qusar, Xaçmaz) zonasındadır. Sonrakı yeri cənub zonası – Masallı, Lənkəran, Lerik tutur. Ən yüksək qiymətlər şimal-qərbdə – Qəbələ, Şəkidədir. Bu da ərazidəki hotellərin çoxulduzlu və komfortlu olması ilə bağlıdır: "Turistlər arasında həm xaricilər, həm də yerlilər var. Xaricilər içərisində ərəblər, ruslar üstünlük təşkil edir. Hətta bu il Gürcüstandan Azərbaycana gələnlərin sayında artım müşahidə olunur. Rusiyadan gələn turistlərin sayı da ildən-ilə artır. Azərbaycandakı sabitlik və insanlarımızın qonaqpərvərliyi turistləri cəlb edir. Qonaqpərvərliyə görə dünyadakı beş-altı xalqdan biri bizik. Bu ənənə bizdə qədimdən qalıb ki, ən yaxşı yorğan-döşəyi, ən yaxşı yeməyi qonaqlar üçün saxlayırıq. Cəlbedicilik baxımından Azərbaycan mətbəxini xüsusi vurğulamaq istərdim”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook