Azərbaycanda ödəniş və elektron pul təşkilatları kredit verə biləcək
Yanvar 24
11:20
2024
Azərbaycanda ödəniş və elektron pul təşkilatları onların xidmətlərindən istifadə edən şəxslərə kredit verə biləcək.
"Report” xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyasının təsdiqlədiyi "Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nda öz əksini tapıb.
Qərarə əsasən, ödəniş təşkilatları krediti bir ödəniş əməliyyatı üzrə 50 manatdan çox olmamaqla yalnız milli valyutada 2 aydan çox olmayan müddətə verəcək və alınan kredit tam geri qaytarılmayana qədə həmin ödəniş xidməti istifadəçisinə yeni kredit verilməyəcək. Həmçinin, təşkilat, məcmu kapitalı Qayda ilə müəyyən edilən tələblərdən aşağı olduqda kredit verə bilməyəcək.
Ödəniş xidməti istifadəçilərinə verilən kreditlər yalnız təşkilatın öz vəsaitləri hesabına maliyyələşdiriləcək. Təşkilat ödəniş xidməti istifadəçilərindən qəbul edilən vəsait hesabına kredit verə bilməyəcək. Təşkilat verilmiş kreditlər barədə hesabatı aylıq əsasda növbəti ayın ilk 5 iş günündən gec olmayaraq bu Qaydaya uyğun olaraq AMB-yə təqdim edəcək.
Bundan başqa, təşkilata ödəniş sərəncamının icrası üçün valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququ verilib. Bu zaman valyuta mübadiləsi əməliyyatı ödəniş sərəncamının icrası ilə eyni vaxtda aparılmalı, ödəniş sərəncamının məbləğindən çox olmamalıdır.
Təşkilatlar istifadəçilərin ölkədaxili ödəniş əməliyyatları üzrə valyuta mübadiləsi əməliyyatı həyata keçirə bilməz. Bu fəaliyyət həyata keçirilərkən "Valyuta tənzimi haqqında” qanuna və ona uyğun olaraq qəbul olunan normativ xarakterli aktların tələblərinə əməl edilməlidir.