Azərbaycanda dövlət borcunun idarə olunması üzrə orta və uzunmüddətli strategiya hazırlanacaq
Dekabr 28
18:06
2016
Nazirlər Kabineti Maliyyə Sabitliyi Şurasının fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılmasına dair təklifləri üç ay müddətində dövlət başçısına təqdim etməlidir.
Bu barədə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə Prezidentin fərmanına istinadən xəbər verir.
Bu qərar ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi məqsədilə Maliyyə Sabitliyi Şurasının fəaliyyətinin təkmilləşdirilməsi və qəbul etdiyi qərarların effektiv icra mexanizmlərinin yaradılması ilə bağlı qəbul olunub.
Bundan başqa, Nazirlər Kabinetinə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni fiskal qaydalara dair təkliflərini 6 ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.
Həmçinin, dövlət borcunun idarə olunması üzrə orta və uzunmüddətli strategiyanın layihəsi 6 aya hazırlanaraq dövlət başçısına təqdim olunmalıdır.
Fərmanda deyilir ki, Maliyyə Sabitliyi Şurası 2017-ci il üçün pul proqramını, "2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə Tədbirlər Planı”nı (o cümlədən, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılmasının sürətləndirilməsi ilə bağlı tədbirlər də daxil olmaqla) 2016-cı ilin sonuna qədər təsdiq və tədbirlər planına uyğun olaraq icrası təmin edirləməlidir.
Maliyyə Nazirliyinə tapşırılıb ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əlaqələndirməklə, Azərbaycan Beynəlxalq Bankı və Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitallarının tələb olunan məbləğdə artırılmasını həyata keçirsin.
"Dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin və müəssisələrin dövlət zəmanəti ilə Mərkəzi Bankdan cəlb etdikləri kreditlərin dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı, Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaiti, çatışmayan hissəsinin isə "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna uyğun olaraq, Mərkəzi Bankın 2015-ci ilin nəticələrinə görə reallaşdırılmış mənfəətinin dövlət büdcəsinə köçürülməli olan sərbəst qalığı hesabına bağlanmasını təmin etsin və bu zaman qeyd olunan kreditlər üzrə tələb hüquqları Maliyyə Nazirliyinə ötürülsün", - deyə sənəddə qeyd olunub.
Fərmanda deyilir ki, Dövlət Neft Fondu, Maliyyə Sabitliyi Şurasının qərarına uyğun olaraq, Fonddan dövlət büdcəsinə nəzərdə tutulan transfertin yuxarı həddinin aylıq və rüblük bölgü əsasında həyata keçirilməsini Maliyyə Nazirliyi və Mərkəzi Bankla əlaqələndirməklə təmin etməlidir.
Həımçinin, Əmlak Məsələləri Dövlət Komitəsinə 2017-ci il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi ilə bağlı özəlləşdirmədən daxilolmalar üzrə nəzərdə tutulmuş proqnozun tam məbləğdə büdcəyə təmin edilməsi üçün təsirli tədbirlər görmək tapşırılıb.(Report)