SON XƏBƏR

Azərbaycanda döyüş təyyarələri də istehsal olunacaq

Avqust 24
19:35 2016
İbrahim Rüstəmli: "Azərbaycan Rusiya ilə müştərək qaydada hərbi təyyarə istehsalına başlayarsa, bu, hər şeydən əvvəl hərbi aviasiyamıza yeni sahənin ilk peşəkar kadrlarını bəxş edəcək”

Üzeyir Cəfərov: "Hərbi sənayesi güclü olan Rusiya kimi bir ölkə ilə birgə məhsul hazırlamaq hər iki ölkə üçün faydalı olacaq”

Rusiya Azərbaycan ilə hərbi təyyarə istehsal edə bilər. Bunu "MAKS" Beynəlxalq Aviakosmik salonunun prezidenti Maqomed Talboyev rusiyalı mütəxəssislərlə birgə Azərbaycanda mümkün təyyarə tikintisi məsələsini şərh edərkən deyib.
 
"MAKS" prezidentinin sözlərinə görə, müştərək istehsal hərbi təyyarə də ola bilər, çünki son vaxtlar hər iki ölkənin yüksək səviyyəli rəsmilərinin görüşləri intensivləşib. Bununla belə, o, söhbətin daha çox mülki aviasiya və xüsusi uçuş vasitələrindən getdiyini güman edir. O, Rusiyanın aviasiya sənayesində demək olar istənilən layihəni həyata keçirmək üçün böyük gücünün olduğunu vurğulayıb.
 
Ekspertlər qeyd deyilənlərin hər iki ölkənin hərbi aviasiya sahəsi üçün əhəmiyyətli olduğunu deyirlər. Xüsusən də Azərbaycan üçün yeni sahə sayıldığından qazancımız daha çox olacaq. Milli məhsul, kadr hazırlığı və iş yerlərinin açılması kimi müsbət tərəflər vurğulanır.
 
Hərbçi-ekspert İbrahim Rüstəmli ilk olaraq onu bildirdi ki, aviasiya sistemi kompleks şəkildə ən ağır, ən mürəkkəb istehsal sahələrindən biri sayılır: "Burada diletantlarla rastlaşmaq o qədər də asan məsələ deyil. Düzdür, son illər Azərbaycan hərbi aviasiya sistemində mövcud müasir texnikaların idarə edilməsi, onlara texniki qulluq, bazaların yaradılması ilə bağlı ciddi uğurlara imza atıb. 1990-cı illərin əvvəllərində hərbi aviatorlarımızı (elə hərbi təyyyarələrimizi də) barmaqla saymaq mümkün idisə, bu gün eyni sözləri dilə gətirmək olmaz.
 
Ən ümdəsi, hərbi aviasiyamızın peşəkar kadrlarla təminatı məsələsi Azərbaycan Silahlı Qüvvələri üçün artıq arxada qalmış problemdir. Lakin aerokosmik sənayenin Azərbaycan üçün əsasən yeni sahə olduğu heç kimdə şübhə doğurmur. Təsadüfi deyil ki, Rusiya ilə birgə təyyarə hazırlanması Azərbaycan üçün tamamilə yeni başlanğıc olacaq. "MAKS" Beynəlxalq Aviakosmik salonunun prezidenti Maqomed Talboyevin rusiyalı mütəxəssislərlə birgə Azərbaycanda mümkün təyyarə tikintisi məsələsini şərh edərkən dediyi bu sözlər həqiqətən də mövcud reallığı əks etdirir. O üzdən əgər Azərbaycan Rusiya ilə müştərək qaydada hərbi təyyarə istehsalına başlayarsa, bu, hər şeydən əvvəl hərbi aviasiyamıza yeni sahənin ilk peşəkar kadrlarını bəxş edəcək. Yəni, başlanğıc üçün ən ümdə olanı da elə budur. Baza yaradıldıqdan sonra isə Azərbaycan, heç şübhəsiz, müvafiq sahədə özünün istehsal ənənəsini də formalaşdıracaq. Yeni iş yerlərinin açılması, məşğulluq sahəsinin genişlənməsi də yetərincə aktualdır. Ən əsası, ölkənin intellektual bazasının daha da möhkəmlənməsi, insan resurslarının yaradıcılıq imkanlarının müəyyənləşdirilməsi məsələsi daha çevik və obyektiv şəkildə gündəmə gələcək. Bütün hallarda yeni istehsal sahəsi nəinki hərbi aviasiyamıza, ümumiyyətlə, Azərbaycana kifayət qədər böyük perspektivlər vəd edir. Bizim bu perspektivlərdən necə bəhrələnəcəyimizə isə gələcək zaman qiymət verəcək”.
 
Hərbi məsələlər üzrə digər mütəxəssis Üzeyir Cəfərov da bunu gözəl ideya hesab etdi və reallaşdırmağın vacib olduğunu bildirdi: "Hərbi sənayesi güclü olan Rusiya kimi bir ölkə ilə birgə məhsul hazırlamaq hər iki ölkə üçün faydalı olacaq. Azərbaycan son illər özünün hərbi sənaye kompleksini xeyli genişləndirib. Bu istiqamətdə kifayət qədər uğurlar əldə etmişik. Hətta məhsullarımız beynəlxalq hərbi sərgilərdə də nümayiş olunur. O cümlədən məhsullarımızın potensial alıcıları da var.
 
Artıq zərbəçi pilotsuz uçan aparatlar da hazırlayırıq. Düzdür, təyyarənin istehsalında öndə rus mütəxəssisləri olacaq. Amma öz mütəxəssislərimiz bu sahəni yetərincə qavrayandan sonra həm özümüzün milli kadrlarımız, həm də məhsullarımız olacaq. Bu ilkin addım bizim mütəxssislərin Rusiya hərbi sənayesinin imkanlarından yararlanıb ortaya məhsul çıxarmasına hesablanıb. Azərbaycan İsrail, Türkiyə, Pakistan, Ukrayna ilə bu istiqamətdə müəyyən işlər aparıb. İndi də həmin sıraya Rusiya qoşulur. Həm daxili bazarı təmin edəcək, həm də xaricdə tələbat olacaq”.(Movqe.az)
 
Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook