SON XƏBƏR

Azərbaycanda lisenziyasız kredit təşkilatı fəaliyyət göstərir

Avqust 23
12:24 2017
Vergilər Nazirliyinin bu il martın 15-də dövlət qeydiyyatına aldığı "Kredit Evi” MMC lisenziya almadan kreditləşmə ilə məşğuldur. Bu, "Report”un apardığı araşdırma nəticəsində məlum olub.

Baş ofisi Bakı şəhərinin Nizami rayonunda, Qara Qarayev prospektində olan "Kredit Evi” müştərilərə əlavə olaraq 4 filialı ilə xidmət göstərir. Filiallardan 2-si Bakıda – metronun "Əhmədli” və "Memar Əcəmi” stansiyalarının yaxınlığında, digər 2 filial isə Yevlax və Bərdə rayonlarındadır. Hazırda təşkilat Yevlax filialına müdir axtarır və bu barədə işədüzəlmə saytlarından birində elan da verib. Namizədlərə qarşı iqtisadiyyat, biznes, menecment sahələrində ali təhsil, maliyyə-kredit sahələrində azı 5 il iş təcrübəsi, yüksək idarəetmə qabiliyyəti və maliyyə təhsili üzrə analitik biliklər kimi tələblər qoyulub.
 
"Kredit Evi”nin nizamnamə kapitalı cəmi 20 manat (!), qanuni təmsilçisi Səbuhi Əzizovdur. Kredit təşkilatının www.kreditevi.az ünvanında yerləşən, hazırda fəaliyyət göstərməyən rəsmi internet səhifəsi də var. Bundan başqa, maliyyə qurumu "Facebook” sosial şəbəkəsində də rəsmi səhifəsini (https://www.facebook.com/kreditevimmc/) yaradıb. Səhifədə "Kredit Evi”nin fəaliyyətinə, təklif etdiyi məhsullara dair reklam posterləri, müxtəlif filiallarının açılış mərasimlərindən çəkilmiş fotolar yerləşdirilib.
 
Əsasən qızıl-zinyət əşyalarının girovluğu ilə nağd pul kreditləri (lombard kreditləri) təklif edən maliyyə qurumunun adı ilk baxışdan "Kredit House” MMC bank olmayan kredit təşkilatının (BOKT) adını xatırladır. Lakin hər iki təşkilatdan bildiriblər ki, onların bir-biri ilə əlaqəsi yoxdur. Yəni, söhbət rebrendinqdən getmir.
"Report” "Kredit Evi”nin müxtəlif filialları ilə telefon bağlantısı yaradıb və bu zaman ofisdəki kredit mütəxəssisləri "Merkuri” MMC BOKT-un adını hallandıraraq onun bir bölməsi kimi fəaliyyət göstərdiklərini, əməkdaşların bir hissəsinin əvvəllər həmin kredit təşkilatında çalışdığını bildiriblər. Lakin "Merkuri” "Kredit Evi” ilə hər hansı əlaqəsinin olmasını təkzib edir. BOKT-dan "Report”a deyiblər ki, onların xidmət şəbəkəsi yalnız Bakının Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsində olan baş ofisdən ibarətdir, paytaxtda və bölgələrdə hər hansı filialı, törəmə qurumu yoxdur.
 
Maliyyə Bazarlarına Nəzarət Palatasından isə "Report”a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır və nəticəsi açıqlanacaq.
 
Xatırladaq ki, bundan əvvəl "Report” "Naxçıvanbank” ASC-nin törəməsi olan "Naxçıvansığorta” ASC-nin lisenziyasız sığorta fəaliyyəti göstərdiyini aşkar edib. Bundan sonra Palata sözügedən şirkətin fəaliyyətini lisenziyalaşdırıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook