Azərbaycanda milli büdcə aviadaşıyıcısı “BUTA AIRWAYS” yaradılır
Dekabr 15
00:43
2016
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin iclasında Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısının yaradılması barədə qərar qəbul edilib.
"BUTA AIRWAYS” adlandırılan yeni büdcə aviaşirkəti "Azərbaycan Hava Yolları" QSC-nin tərkibinə daxil olacaq və AZAL-ın 100 faizlik törəmə şirkəti olacaq.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşəcək.
"BUTA AIRWAYS” aviaşirkətinin özünəməxsus livreyada Embraer təyyarələri əsasında yaradılmış öz donanması, öz işçi ştatı və müstəqil tarif siyasəti olacaq.
Məlumatda qeyd edilir ki, mülki aviasiya biznesi çox mürəkkəb və spesifikdir və hər bir ciddi dəyişiklik vaxt tələb edir. Büdcə aviaşirkətinin fəaliyyət göstərməsində çox nüans var, hazırda bütün aspektlər üzərində fəal iş aparılır. "BUTA AIRWAYS” aviaşirkətinin uçuşlarının artıq 2017-ci ilin payızında başlayacağı gözlənilir.
Aviabiletlərin qiymətinin aşağı salınması üzrə genişmiqyaslı işlər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilir. Bu ilin mart ayından etibarən "AZALJET” brendi altında 13 populyar istiqamət üzrə uçuşlar yerinə yetirilir. Bu reyslərdə satış və uçuş sxemi lou-kosterlərə yaxındır, yəni sərnişinlərə bəzi xidmətlər seçimi ödənişli variantlar şəklində təqdim edilir.
Hazırda "AZALJET”in bütün reyslərində baza tarifinin qiyməti bütün vergi və rüsumlar da daxil olmaqla cəmi 49 avro təşkil edir. Bu, Azərbaycana uçuşlar həyata keçirən bütün aviaşirkətlər arasında ən rəqabətqabiliyyətli qiymətlərdən biridir.
AZAL ümid edir ki, milli lou-kosterin xidmətləri həm vətəndaşlarımızın ürəyincə olacaq, həm də ölkəmizə turist axınını artıracaq.