SON XƏBƏR

Azərbaycanda müstəqil Kino Platforması yaradıldı

Yanvar 29
13:39 2020
24 yanvar 2020-ci ildə bir qrup kino adamları ölkədə Müstəqil Kino Platforması yaradıb.
 
Qaynarinfo xəbər verir ki, qurumun təsisçiləri - İntiqam Hacılı, Aygün Aslanlı, Səbuhi Məmmədov, Hacı Səfərov, Elvin Adıgözəl - ADO teatrında mətbuat konfransı keçirərək Müstəqil Kino Platformasının məramnaməsini elan ediblər. 

Qeyd edək ki, keçən ilin sonlarında ölkə başçısına və mədəniyyət nazirinə müraciət edən bir qrup kino adamı müraciətlərinə müsbət cavab alaraq nazirliyin kinematoqrafiya şəbəsi ilə qaldırılan problemləri müzakirəsinə başlayıblar. 

Mətbuat konfransında təsisçilər vurğulayıblar ki, platformasının yaranmasında əsas məqsəd "Müstəqil Kino Platforması” altında təşkilatlanmaq, dünyəvi tələbatlara cavab verən kino industriya qurmuş ölkələrin təcrübələrini öyrənmək və onların ölkəmizin şərtlərinə uyğunlaşdırılaraq tətbiqinə nail olmaq, müasir qeyri-kommersiya kinosunun istehsalı, ölkədaxili prokatı və satışını, azbüdcəli filmlərin istehsalının kütləviləşməsini təmin etmək, kino adamlarının yaradıcı fəaliyyətlə məşğul olmaları üçün normal şəraitin əldə olunması uğrunda mübarizə aparmaqdır.
Müstəqil Kino Platformasının məramnaməsini təqdim edirik:

"Bu gün dünya kino industriyası sürətlə inkişaf edir, Azərbaycan kinosu isə hələ də qlobal kino mühitində gedən proseslərlə, ayaqlaşa bilmir. Biz hələ də kino sənayemizi formalaşdıra bilməmişik. Məsələ ilə bağlı illərdir müzakirələr aparılsa da, islahatla bağlı təkliflər irəli sürülsə də, prosesi dəyişəcək heç bir uğurlu nəticə yoxdur. Bir neçə filmin dünyadakı film festivallarına çıxması, hansısa uğur qazanması epizodik xarakter daşıyır və ölkəmizdə kinoindustriyanın formalaşmasına, kino adamlarının hamısına bərabər şərtlər təmin edilməsinə heç bir təsiri yoxdur.

Mədəniyyət Nazirliyinin balansında olan "Nizami” Kino Mərkəzini nəzərə almasaq, hazırda ölkəmizdə kinoteatr adına yalnız ticarət mərkəzlərində yerləşən kinosalonlar fəaliyyət göstərir. Onların repertuarları isə çoxbüdcəli yerli və xarici kommersiya filmlərindən ibarətdir. 

Bu hal həm fərqli üslubda film çəkənlərin platformasızlığına, həm də ölkəmizdəki istedadlı prodüserlərin, rejissorların və digər sənət adamlarının çarəsiz vəziyyətə düşməsinə səbəb olur. 

Müstəqil Kino Platformasının yaradılmasında məqsəd ölkəmizdə kinonun inkişafı istiqamətində prosesi hərəkətə gətirmək, dünya kinosu ilə ayaqlaşa biləcək kinoindustriya yaratmaqdan ötrü gərəkli islahatların aparılmasına nail olmaqdır.   
   
Müstəqil Kino Platforması - ölkəmizdə normal kino industriyasının olması, qeyri kommersiya filmlərinin istehsalı anlayışının ortaya çıxması, kino sahəsində çalışanların müstəqil, maneəsiz şəkildə fəaliyyət göstərməsi, təkcə kütləvi tamaşaçıya ünvanlanmayan, eyni zamanda Azərbaycan kinematoqrafiyasına töhfə verəcək filmlərin çəkilməsi və bilet satışları təmin edilməklə kinoteatrda göstərilməsi üçün çalışan, kinomuzun, sözün əsl mənasında, inkişafına xidmət edən konsepesiyaları dəstəkləyən bir qrup müstəqil kinematoqrafçı tərəfindən təsis olunub.  

Məqsədimiz "Müstəqil Kino Platforması” altında təşkilatlanmaq, dünyəvi tələbatlara cavab verən kino industriya qurmuş ölkələrin təcrübələrini öyrənmək və onların ölkəmizin şərtlərinə uyğunlaşdırılaraq tətbiqinə nail olmaq, müasir qeyri-kommersiya kinosunun istehsalı, ölkədaxili prokatı və satışını, azbüdcəli filmlərin istehsalının kütləviləşməsini təmin etmək, kino adamlarının yaradıcı fəaliyyətlə məşğul olmaları üçün normal şəraitin əldə olunması uğrunda mübarizə aparmaqdır”.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook