SON XƏBƏR

Azərbaycanda qiymətli kağızlar bazarı: Vətəndaşlar istiqrazlara niyə maraq göstərmir?

Avqust 16
10:36 2023
"İnkişaf etmiş ölkələrdə istiqrazları, qiymətli kağızları təkcə dövlət buraxmır, bu kağızları həm də özəl şirkətlər buraxır”.

Bu sözləri Valyuta.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli dövlət istiqrazları haqqında danışarkən deyib. 

İqtisadçı deyib ki, dövlət adətən ona pul lazım olanda istiqrazlar buraxır, vətəndaşlardan pul alır:

"Dövlət istiqrazları dövlətin pula olan ehtiyacını vətəndaşın ehtiyata yığdığı vəsaitlər hesabına ödənilməsidir. Həmin o istiqrazlar müəyyən müddətdən sonra sahibinə müəyyən dividentlər, faizlər qazandırır. Digər tərəfindən özəl şirkətlərin yəni səhmdar cəmiyyətlərin buraxdığı qiymətli kağızlar müəsisənin maliyələşməsi üçün, onun fəaliyyətini genişləndirmək məqsədi ilə istifadə olunur. Həmin vəsaitlərin hesabına gələn gəlirin mənfəət hissəsi ilin sonunda səhmlər arasında bölünür”. 

Akif Nəsirli bildirib ki, bütün bunlar ölkədə səhm bazarını yaradır: "İnsanlar bu səhmləri əldə etməklə müəyyən gəlir əldə edirlər. Məsələn, pandemiya dönəmində Amerikanın qiymətli kağızlar bazarında güclü canlanma getdi. Bu canlanmaya da səbəb var idi. Belə ki, dövlət vətəndaşlar kompensasiya olaraq vəsait verirdi. Amma hər yer bağlı olduğuna görə vətəndaşlar o pulları xərcləyə bilmirdi. Kütləvi olaraq hər kəs pulunu qiymətli kağızlar bazarına qoydu. Buna görə də dünyada iqtisadiyyatın sahələri donduğu halda ABŞ-da səhm bazarında canlanma qeydə alındı”. 

Azərbaycanda qiymətli kağızlar bazarı haqqında danışan iqtisadçı deyib ki, ölkəmizdə bu bazar işləmir:

"Hələ ki, Azərbaycanda vətəndaşların belə bazara çıxış imkanları yoxdur. Bir qrup insanın bu bazara çıxış imkanı var, o da məhdud çevrədə həyata keçirilən əqdlərdir. Bu gün Azərbaycanda qiymətli kağızlar bazarı normal işləsə pulu olan vətəndaşlar pulunu nə yastığın altında, nə də banklarda saxlamaz, qiymətli kağızlara yatırar”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook