SON XƏBƏR

"Azərbaycanda strateji sektorlarda özəlləşmə imkanları yaxınlaşır" - Mikayıl Cabbarov

Fevral 10
13:15 2023
Azərbaycanda xarici və yerli sərmayələr üçün müəyyən bir məkan yaradılıb ki, bu da dövlət şirkətlərinin idarə edilməsində son iki ildə edilən dəyişikliklərdən qaynaqlanır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün "Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru" mövzusunda keçirilən konfransda deyib.

"Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilən şirkətlərin nəticələrinə baxsaq, 2020-ci ildə dövlət şirkətlərinin portfelinin toplam mədaxili 50 milyard manat idisə, ötən il bu, 120 milyard manat olub. Burda bir şirkət deyil, xüsusi çəkisi ilə seçilən dövlət şirkətləri var. Amma ayrılıqda baxsaq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və digər bütün dövlət şirkətlərinin nəticələrinin dayanıqlı şəkildə yaxşılaşmasını görürük. Bu da strateji sektorlarda özəlləşmə imkanlarını bizim üçün yaxınlaşdırır", - deyə nazir bildirib.

Qeyd edək ki, "Azərbaycan İnvestisiya Holdinqi" Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il avqustun 7-də imzaladığı Fərmanla təşkil olunub. Fərmanla "Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs kimi yaradılıb.

Azərbaycan İnvestisiya Holdinqi onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook