Azərbaycanda “Texnologiyalar parkının rezidenti” anlayışı dəyişir
Dekabr 19
11:37
2022
Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış, texnologiyalar parkı ilə yanaşı, texnologiyalar parkından kənarda fəaliyyət göstərən hüquqi şəxs və yaxud hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər də texnologiya parkının rezidenti sayılacaq.
"Report” xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirlərə münasibətdə də tətbiq edilir.
Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividenddən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə ödəmə mənbəyində vergi tutulmur.
Bundan başqa, Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, texnologiyalar parkının rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezidentin ölkə ərazisində əmək fəaliyyətinə cəlb etdiyi informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislərə Azərbaycanda müvəqqəti yaşamaq icazəsi veriləcək.