Azərbaycanda yeni süni mayalanma kompleksi yaradılır – AÇIQLAMA
İyul 11
17:45
2016
Kənd Təsərrüfatı Nazirliyi Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzinin (RSMM) yeni kompleksinin inşasını başa çatdırmaq üzrədir. Bu barədə fins.az-a Nazirlikdən məlumat verilib. Prezident İlham Əliyevin sərəncamı ilə kompleksin tikintisinin tamamlanmasına, avadanlıq və qurğuların alınmasına və quraşdırılmasına 8,4 milyon manat ayrılıb.
Mərkəzin layihələndirilməsində Türkiyə, Fransa, Almaniya və Hollandiyanın təcrübəsindən istifadə edilib.
Qeyd edək ki, RSMM respublikada qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılıyacaq və yerli heyvan cinslərindən istifadə etməklə yetişdirilən cinslərin də genetik imkanlarından istifadə etməyə şərait yaradacaq.
RSMM həmçinin, təlim – təkmilləşdirmə mərkəzi kimi də fəaliyyət göstərəcək. Bunun üçün Mərkəzdə tədris otaqları, nümayiş sahəsi və təlim iştirakçılarının qalması üçün tədris mehmanxanası yaradılacaq.
Laboratoriya avadanlıqları bu sahədə dünyada liderlik edən Fransanın "İMV technologies” şirkətinin istehsalıdır. RSMM-in istifadəyə verilməsi ilə maldarlıqda damazlıq işinin inkişaf etdirilməsi baxımından tam yeni yanaşma tətbiq ediləcək.
Xatırladaq ki, Azərbaycanda bu ilin yanvarınadək 1,3 milyon baş inək və camış olduğu halda, 2015-ci ildə ölkə üzrə 1,9 ton süd istehsal edilib. Bu da hər sağılan qaramala görə sutkada 4,9 kq süd deməkdir və çox aşağı məhsuldarlıq göstəricisidir. Səbəb isə birdir – modern südçülük komplekslərində saxlanılan heyvanlar yüksək məhsuldar cinslərdən olmaqla, yüz faiz süni yolla mayalandırılırlar. Yeni Kompleksdə bu problemlərin aradan qaldırılması gözlənilir.
Qlobal.az